MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Marina Bay Sands" göydələnləri

Sinqapurun mərkəzi hissəsində Marina körfəzi yaxınlığında üç binadan ibarət nəhəng kompleks "Marina Bay Sands" adlanır. Memar Moşe Safdie tərəfindən layihələndirilən dünyanın ən bahalı əyləncə mərkəzi 2010-cu ildə ictimaiyyətin istifadəsinə verilib. Burada çalışan mühəndislər söyləyirdilər ki, bu kompleks onların indiyə qədər üzləşdiyi ən böyük və mürəkkəb layihələrdən biridir.

Sahəsi 155000 kvadratmetr olan kompleksin əsas hissəsi yerin altında yerləşir. Üç qüllədən ibarət 55 mərtəbəli istirahət mərkəzinin damında hər üç binanı birləşdirən 340 metrlik gəmi formasında daha bir kompleks inşa edilib. 3902 nəfərlik tutuma malik gəmi kompleksinin fasadında isə böyük səma parkı və 150 metrlik hovuz yerləşdirilib. Qüllənin şimala baxan hissəsinin üzərinə dünyanın ən böyük platforması quraşdırılıb. "Marina Bay Sands" istirahət mərkəzində 120000 kvadratmetrlik sərgi salonu, 74000 kvadratmetrlik konqres mərkəzi və 2561 istirahət otağı var. Burada, həmçinin geniş teatr zalı, restoran, iki büllur pavilyon və böyük oyun zalı mövcuddur. 2020-ci ildən isə burada "Apple Store" və "Louis Vuitton" kimi məşhur brendlərin mağazaları fəaliyyət göstərir.

2011-ci ildə kompleksdə Elm və İncəsənət Muzeyi açılıb. Yaxın gələcəkdə daha çox turisti cəlb etmək üçün dördüncü qüllənin tikintisi də planlaşdırılır.

 

"Amazon kürələri"

ABŞ-ın Vaşinqton ştatında inşa olunan üç şüşə qərargah binası NBBJ şirkəti tərəfindən layihələndirilib. "Amazon kürələri" adlı geksekontaedr (60 ədəd nizamsız beşbucaqlıdan ibarət) şəklində tikilən kompleksin açılışı 30 yanvar 2018-ci ildə baş tutub. Sietlin ən məşhur turistik yerlərindən biri olan "Amazon kürələri"nin tikintisi 4 milyon dollara başa gəlib.

Ümumi sahəsi 300000 kvadratmetr olan kompleksi 37 mərtəbəli qüllə əhatə edir. 620 polad karkasdan ibarət qərargah binası qalın betonla bazaya bərkidilib. Kürələrin içərisində istilik itkisini minimuma endirmək üçün 2643 çoxqatlı şüşə paneldən istifadə olunub. Bir-biri ilə kəsişən üç günbəzin hündürlüyü 24-29 metrdir. Hündürlüyü 27, diametri isə 39 metr olan kürə kompleksin mərkəzində yerləşir. Bu kürənin içərisində "quş yuvası" adlı 30 fut hündürlüyündə taxta ev formasında havadan asılmış qeyri-adi görüş otağı yerləşir.

Binanın interyerində 40000-dən çox müxtəlif ağac və bitki növləri mövcuddur. Layihəni hazırlayan memarların fikrincə, binaların interyerindəki təbii gözəllik işçiləri daha yaradıcı olmağa sövq edəcək.

 

 "Kub" evlər

Hollandiyanın Rotterdam şəhərində 1984-cü ildə "Kub" evlər inşa olunub. Oyuncağa bənzəyən bu qeyri-adi bina hollandiyalı memar Pit Blom tərəfindən layihələndirilib. Böyük bir şəhərin mərkəzində kiçik kənd və ya sakit oazis yaratmaq istəyən P.Blom bu ideyasını həyata keçirmək üçün binaların gövdəsini ağac formasında dizayn edib.

Şəhərin ən görkəmli yerində tikilən və optik illüziya yaradan futuristik yaşayış kompleksində yerləşən mənzillərdə bir dənə də olsun düz divar yoxdur. Burada mənzillərin ümumi sahəsi 100 kvadratmetrdir. 45 dərəcə meyilli kublardan ibarət kompleksdə mənzillərin dörddəbir hissəsi yaşayış üçün yararsızdır. 3 mərtəbəli evlərin ikinci mərtəbəsində qonaq otağı və açıq mətbəx, üçüncü mərtəbəsində iki yataq otağı və sanitar qovşağı yerləşir. Asimmetrik formada tikilən binaların damı isə mansard və ya terras kimi istifadə olunur. Binaların fasadında əkilən müxtəlif növ ağaclar və dekorativ bitkilər insanların zövqünü oxşayır. Rotterdamın simvoluna çevrilən bu binaları görmək üçün dünyanın hər yerindən bura minlərlə turist gəlir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".