DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

USƏMA BIN LADENIN COZEF BAYDENLƏ BAĞLI GÖSTƏRIŞI ÜZƏ ÇIXIB

“Əl-Qaidə” terror qruplaşmasının rəhbəri Usəma Bin Laden 2010-cu ildə nəzarətində olan terrorçulara Cozef Baydenə qarşı sui-qəsd təşkil etməmək haqda təlimat verib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu iddia ilə İngiltərə mediası çıxış edib.

İddiada bildirilir ki, Bin Laden Cozef Baydenin prezident olacağı təqdirdə ABŞ-ı böhrana salacağına əmin imiş. Bu səbəbdən də Bin Laden “Əl-Qaidə” terror təşkilatına Cozef Baydenə sui-qəsd təşkil edilməsini qadağan edib.

Verilən xəbərə görə, Bin Ladenin bu əmrinin olduğu qeydlər onun 2011-ci ildə ABŞ xüsusi təyinatlıları tərəfindən öldürüldüyü evdə tapılıb.

Xatırladaq ki, qeydlərin olmasını ilk dəfə 2012-ci ildə “Vaşinqton Post” qəzetinə açıqlayan ABŞ kəşfiyyat analitikləri Barak Obama və digərlərinə yönəlik planın real olmadığını ifadə etmişdilər.

 

RUSIYA VƏ TÜRKIYƏ “S-400”LƏRLƏ BAĞLI YENI MÜQAVILƏ IMZALAYA BILƏR

Rusiya və Türkiyə arasında Rusiyanın istehsalı olan “S-400” zenit-raket kompleksləri ilə bağlı yeni müqavilə imzalana bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Rostex”ə daxil olan “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeev “Armiya-2021” beynəlxalq hərbi-texniki forumunda çıxışı zamanı bildirib.

“Yaxın günlərdə “S-400” zenit-raket kompleksləri ilə bağlı Türkiyə və Rusiya arasında yeni kontrakt imzalana bilər. Konsultasiyalar yekun mərhələdə davam etdirilir”, - deyə şirkətin baş direktoru qeyd edib.

Bununla yanaşı, Aleksandr Mixeevin sözlərinə görə, Türkiyədə keçirilən “IDEF-2021” hərbi sərgisi zamanı müəyyən uğura nail olunub.

Xatırladaq ki, Rusiya və Türkiyə arasında “S-400”lərlə bağlı müqavilə 2017-ci ildə  imzalanmışdı.

 

ABŞ KABIL HAVA LIMANINA DAXIL OLMAQ ŞƏRTLƏRINI DƏYIŞDIRIB

ABŞ nəzarət etdiyi Həmid Kərzai adına Kabil hava limanına daxil olmaq şətlərini dəyişdirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Telekanala müsahibə verən və adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, Vaşinqton bazar ertəsindən etibarən yalnız ABŞ vətəndaşlarının, digər NATO ölkələrindən olan şəxslərin və “Green Card” sahibləri olan insanların Kabildəki hava limanına daxil olmasına icazə verəcək.

Eyni zamanda mənbə bildirib ki, Əfqanıstandakı NATO missiyası və Qərb strukturları üçün işləyən və ABŞ-ın “Xüsusi Köçkün Vizası” proqramına müraciət edən əfqanlar hava limanına daxil ola bilməyəcək.

 

ROMA PAPASI FRANSISK VƏZIFƏSINDƏN GEDƏ BILƏR

Roma Papası Fransisk səhhəti ilə əlaqədar olaraq vəzifəsini tərk edə bilər. “APA”nın xəbərinə görə, bu barədə “Libero” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, bu ilin dekabrında Roma Papasının 85 yaşı tamam olacaq. Nəşr xatırladıb ki, onun sələfi XVI Benedikt də 85 yaşında vəzifəsindən gedib.

Qeyd edək ki, iyul ayında Papa Fransisk ümumi anesteziya altında bağırsaq əməliyyatı olunub. Bundan başqa, 2020-ci ilin fevral ayının sonunda, pandemiya başlayan ərəfədə Roma Papası güclü soyuqdəymə keçirib.

Xatırladaq ki, Papa Fransiskin 12-15 sentyabr tarixlərində Macarıstana və Slovakiyaya səfəri planlaşdırılıb.


KORONAVIRUSUN BÜTÜN ŞTAMLARINDAN QORUYAN ANTITEL AŞKARLANIB

Vaşinqton Universitetinin Tibb Məktəbinin alimləri koronavirusun bütün məlum ştamlarını neyterallaşdırmağa qadir olan antitel aşkarlayıblar. Araşdırmanın nəticələri ali məktəbin rəsmi internet saytında yayımlanıb. Bu barədə “Sputnik” informasiya agentliyi “RIA Novostiyə” istinadən xəbər verib.

Bildirilir ki, tədqiqatın müəllifləri 43 antitelı öyrənərək onların “SARS-CoV-2” virusunun ilkin variantı ilə yoluxmanın qarşısını necə aldığını analiz ediblər. Daha sonra neytrallaşdırıcı hissəciklər arasından ən güclü olan doqquzu laboratoriyada gəmiricilər üzərində sınaqdan keçirilib və ən effektlisi seçilib.

Beləliklə, məlum olub ki, “SARS2-38” koronavirusun bütün geniş yayılmış variantları - “alfa”, “beta”, “qamma”, “delta”, “kappa” və “yota” ilə, eləcə də ən nadir mutasiyalarla mübarizə aparmağa qadirdir.

 

II ELIZABET ŞAHZADƏ HARRI VƏ MEQANI MƏHKƏMƏYƏ VERMƏK NIYYƏTINDƏDIR

Böyük Britaniya Kraliçası II Elizabet şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl ilə mübarizə aparmaq üçün bir qrup vəkil tutub. “APA”nın  verdiyi xəbərə görə, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, şahzadə Harri və onun həyat yoldaşı dəfələrlə kral ailəsinə qarşı çıxıblar.

Eyni zamanda, qəzetin yazdığına görə, II Elizabet məhkəməyə getməyə hazırdır, lakin yaxınlarının fikirdən daşınıb münaqişəyə son qoyacağına ümid edir.

Qəzet saraydakı mənbəsinə istinadən yazır: “Hər şeyin bir həddi var. Onlar nə qədər dözəcəklər? Kraliça və ailəsinə onsuz da kənarda kifayət qədər hücumlar olur. Harri və Meqan təkrar hücumların qəbuledilməz olduğunu öyrənəcək və başa düşəcəklər”.

 

ABŞ ŞIMALI KOREYANI DANIŞIQLARA QAYITMAĞA ÇAĞIRIB

ABŞ Koreya Xalq Demokratik Respublikasını nüvə danışıqlarına geri dönməyə çağırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Cozef Baydenin Şimali Koreya üzrə xüsusi təmsilçisi Sunq Kim bəyan edib.

Xüsusi təmsilçinin sözlərinə görə, ABŞ Şimali Koreya ilə hər yerdə və hər zaman müzakirələrə hazırdır.

Bununla yanaşı, Sunq Kim ABŞ və Cənubi Koreya arasındakı əməkdaşlığın və keçirilən birgə hərbi təlimlərin müdafiə məqsədi daşıdığını və Şimali Koreyaya qarşı yönəlmədiyini qeyd edib.

 

ƏFQANISTANIN KEÇMIŞ NAZIRI ALMANIYADA KURYER IŞLƏYIR

Əfqanıstanın sabiq rabitə və informasiya texnologiyaları naziri Əhməd Şah Saadat Almaniyanın Leypsiq şəhərində pizza kuryeri işləyir. “Report”un məlumatına görə, sabiq nazir “Lieferando” çatdırılma xidmətinin əməkdaşı kimi fəaliyyət göstərir və velosipedlə pizza daşımaqla məşğuldur.

Verilən xəbərə əsasən, 2018-ci ildə Əhməd Şah Saadat Nazirlər Kabinetinin tərkibində olub və kənd əhalisi üçün mobil rabitə şəbəkəsinin genişləndirilməsinə cavabdehlik daşıyıb.

Rəhbərlik etdiyi qurumun maliyyəsini “talibançılar”la mübarizəyə yönəltməkdən imtina etdiyinə görə 2020-ci ildə Əşrəf Qani hakimiyyəti onu istefaya göndərib. Sabiq nazir həmin vaxtdan Almaniyaya köçüb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.