ƏRDOĞANDAN SEÇKİLƏRİN İKİNCİ TURU İƏ BAĞLI AÇIQLAMA
“Mayın 28-ni “Türkiyə Yüz İli”nin müjdəçisi edəcəyik”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında qeyd edib. Ərdoğan “Cümhur İttifaqı”nın prezident seçkilərinin ilk sınağından alnıaçıq çıxdığını bəyan edib: “Təhriklərə, təzyiqlərə əhəmiyyət vermədən, çətinliklər qarşısında geri çəkilmədən canla-başla mübarizə apardıq. Hər birinizə zəhmətiniz, səyləriniz və fədakarlığınız üçün təşəkkür edirəm”. Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, mayın 14-də əldə olunan uğuru daha böyük qələbə ilə taclandırmaq lazımdır.
Həmçinin may ayının 28-də seçkilərin ikinci turunun keçiriləcəyini xatırladan Türkiyə liderinin sözlərinə görə, “Cümhur İttifaqı” siyasətin mərkəzinə milli iradəni, ölkəyə və millətə xidmət və sevgisini qoymuş təşkilatdır.
“İndiyə qədər bizə sahib çıxmış, lazım gələndə tanklara meydan oxumuş millətimizə minnətdarlıq borcumuzu ancaq daha çox işləyərək ödəyə bilərik. Türkiyə bizdən xidmət və hərəkət gözləyir”, - deyə Ərdoğan əlavə edib.
Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək.
UKRAYNA ORDUSU BAXMUTUN 20 KVADRAT KİLOMETRİNİ AZAD EDİB
Ukrayna Silahlı Qüvvələri işğal altındakı Donetsk vilayətinin Baxmut şəhərinin 20 kvadrat kilometrini azad edib. “Report”un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar bəyan edib.
Bununla yanaşı, nazir müavininin sözlərinə görə, Rusiya ordusu şəhərin daxilində irəliləməyə davam edir. O qeyd edib ki, şəhər artileriya zərbələri nəticəsində yerlə-yeksan edilir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, Ukrayna müdafiə qüvvələri əsas cəbhə xəttində - Liman, Baxmut, Avdiv və Marində Rusiya ordusunun 49-dan çox hücumunun qarşısını alıb.
Eyni zamanda, bildirilir ki, Rusiya qoşunları Baxmut şəhəri mərkəzi ilə yanaşı, İvanovsk qəsəbəsi istiqamətində irəliləməyə cəhd göstərsələr də, bu səyləri nəticəsiz qalıb.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin daha əvvəl Baxmutda əks-hücum əməliyyatına başladığı bildirilmişdi. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. 8 aydan çoxdur Baxmut şəhərində gərgin döyüşlər gedir.
AĞ EV: RUSİYA VƏ İRANIN ƏMƏKDAŞLIĞI QONŞULARI ÜÇÜN TƏHLÜKƏ YARADIR
Rusiya və İran arasında hərbi əməkdaşlığın artması həm Ukrayna, həm də İranın qonşuları üçün təhlükə yaradır. “Röyters” agentliyinin verdiyi xəbərə görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.
Mətbuat katibi qeyd edib ki, ABŞ Rusiya və İranın rəsmi Moskvaya Ukraynadakı müharibəni davam etdirməsinə kömək edən və İranın qonşuları üçün təhlükə yaradan görünməmiş hərbi tərəfdaşlığı genişləndirdiyinə dair daha çox əlamətlər müşahidə edir.
Ağ Ev rəsmisinin sözlərinə görə, əməkdaşlıq çərçivəsində İran Rusiyanı pilotsuz təyyarələrlə təmin edir, eləcə də ötən ilin avqustundan indiyədək azı 400 ədəd texnika göndərib.
“İranın Rusiyaya verdiyi əsas hərbi yardım pilotsuz uçuş aparatlarıdır. Kreml PUA-ların qabaqcıl növlərini almağa üstünlük verir”, - deyə Con Kirbi əlavə edib.
EVDƏ İTƏN ƏŞYALARI TAPMAQ ÜÇÜN ROBOT HAZIRLANIB
Alimlər demensiya xəstələri üçün evdə itən əşyaları axtarmağa kömək edən robot hazırlayıblar. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.
Demensiya və ya qocalıq demensiyası yaşlı insanlara təsir edən və idrak funksiyasını azaldan xəstəlikdir. Bu səbəbdən xəstələr dərmanlar, telefon və ya eynək daxil olmaqla, zəruri əşyalarını hara qoyduqlarını unuda bilərlər. Koqnitiv pozğunluqlar üzündən insanlar əşyanı görməyə və ya səmərəsiz axtarış alqoritmindən istifadə edə bilərlər. Alimlər insanlara axtarışlarında kömək edə biləcək dost robotları proqramlaşdırmağın bir yolunu təklif ediblər. Robot “Fetch” ətrafdakı dünyanı kameraların köməyi ilə qavramaq qabiliyyətinə malikdir.
Məlumata əsasən, sözügedən robot həm də real dünya hadisələri üçün yaxşı yaddaşa sahib süni intellektə malikdir. Proqram bir obyekti digərindən ayırmağa imkan verən təsvirin tanınması alqoritminə əsaslanır. Onun köməyi ilə robot qeydə alınan videoya baxır və hədəfdəki əşyanın harada olduğunu axtarır. Qeyd edilir ki, qrafik interfeys vasitəsilə istifadəçilər izləmək istədikləri əşyanı seçə bilərlər. Robot daha sonra konkret obyekti sonuncu dəfə nə vaxt və harada müşahidə etdiyini göstərə bilər.
ABŞ-da İYUNUN 1-də DEFOLT BAŞ VERƏ BİLƏR
ABŞ-ın maliyyə naziri Canet Yellen ölkədə defoltun iyunun 1-də ola biləcəyini təsdiqləyib. “Trend” agentliyinin xəbər verdiyi kimi, o, bazar ertəsi həm hazırkı hakim Demokratik, həm də müxalif Respublikaçı partiyalarını təmsil edən ABŞ Konqresinin rəhbərliyinə bu barədə xəbərdarlıq göndərib. “Artıq daha çox məlumat əldə olunduğuna görə qeyd etmək istəyirəm ki, biz hələ də hesab edirik ki, Konqres iyunun əvvəli və potensial olaraq iyunun 1-nə qədər borc maksimumunu artırmaq və ya dayandırmaq üçün tədbirlər görməsə, Maliyyə Nazirliyi hökumətin bütün öhdəliklərini yerinə yetirə bilməyəcək”, - deyə Canet Yellenin müraciətində bildirilir.
Məlumat üçün qeyd edək ki, müraciət ilk növbədə Konqresin Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkartiyə göndərilib.
Bu ərəfədə ABŞ prezidenti Cozef Bayden ölkədə defoltun qarşısını almaq üçün respublikaçılarla danışıqlarda irəliləyiş olmadığını bəyan etmişdi.
QARA DƏNİZ TAXIL TƏŞƏBBÜSÜ İLƏ BAĞLI RAZILAŞMA ƏLDƏ EDİLƏ BİLƏR
“Qara Dəniz Taxıl Təşəbbüsünü davam etdirmək üçün bütün tərəflərin üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyinə ümidvarıq”. “Report” agentliyinin məlumatına görə, bunu BMT baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında bildirib.
Mətbuat katibinin sözlərinə əsasən, Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı müzakirələr davam edir və mayın 18-də razılaşma əldə olunması gözlənilir. “Bu razılaşmanın əldə olunması qlobal ərzaq qiymətlərini aşağı saxlamaq üçün vacibdir”, - deyə S.Düjarrik vurğulayıb.
Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Xatırladaq ki, bundan əvvəl Rusiya Qara Dəniz Taxıl Təşəbbüsünün müddətini 60 gün, yəni mayın 18-dək uzadıb.
REMBRANDTIN 200 İL SONRA RƏSM ƏSƏRLƏRİ TAPILDI
Niderland rəssamı Rembrandt Harmenson van Reynin (1606-1669) əvvəllər məlum olmayan iki portreti 200 ildən sonra Böyük Britaniyada bir ailənin şəxsi kolleksiyasında aşkarlanıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Financial Times” məlumat yayıb.
Verilən xəbərə görə, “Kristinin auksion evi”nin mütəxəssisləri niderlandlı rəssamın əsərlərinə qiymətləndirmə apararkən rast gəliblər. Hərrac evinin mətbuat katibi Henri Pettiferin sözlərinə görə, bu rəsmlərin əvvəllər heç vaxt araşdırılmaması onu təəccübləndirib.
Nəşrin yazdığına əsasən, həm hərrac evinin özü, həm də Amsterdamda Rembrandtın yaradıcılığı üzrə ixtisaslaşmış incəsənət muzeyi rəsmlərin həqiqiliyini təsdiqləyib.
Hərrac evi indi iyul ayında Londonda satışa çıxarılacaq portretləri siyahıya alacaq. Bundan əvvəl onlar Nyu-York və Amsterdamda nümayiş etdiriləcək. İki rəsmin təxmini dəyəri 5-8 milyon funt-sterlinq olacaq.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.