İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Şahmat üzrə komandalarımız 6-cı turu qələbə ilə başa vurublar

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir. İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 162 ölkədən komandalar mübarizə aparırlar.

6-cı turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) Slovakiya yığmasına 13:1 hesabı ilə qalib gəlib. 

Komandamız Əlcəzairə, Filippinə, Argentinaya qalib gəlib, Türkiyə ilə heç-heçə edib Kubaya isə məğlub olub. Millimiz 9 xalla 19-cu pillədə qərarlaşıb. 

Qadın şahmatçılardan ibarət komandamız (Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva) da turu qələbə ilə başa vurublar. Belə ki, şahmatçılarımız Qazaxıstan komandasına 3:1 hesabı ilə qalib gəliblər. Ötən turlarda qadın şahmatçılarımız Birləşmiş Ərəb Əmirliklərini, Finlandiyanı, Yunanıstanı, İsraili məğlub edib və Ukrayna ilə oyunu isə heç-heçə başa vurublar. Beləliklə, Azərbaycan seçməsi 11 xalla ikinci pillədə yer alıb. 

  

Stolüstü tennis turniri keçirilib

Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə stolüstü tennis turniri keçirilib. “Şüa” İdman Kompleksində təşkil olunan yarışda Azərbaycanın ən güclü stolüstü tennisçiləri bacarıqlarını nümayiş etdiriblər. 

Yubiley turniri İslamiada ərəfəsində qüvvələrə son baxış xarakteri daşıyıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda kişilərin turnirində Emin Məmmədov qalib gəlib. Vəzir Allahverdiyev yarışı ikinci, Adil Əhmədzadə isə üçüncü pillədə başa vurublar. Qadınların mübarizəsi Ləman Abdulhəmidovanın qələbəsi ilə yekunlaşıb. Arzu Aslanova fəxri kürsünün ikinci, Mərziyyə Nurmətova isə üçüncü pilləsinə yüksəliblər. 

  

Zaqatalada şahmat üzrə respublika olimpiadası keçiriləcək

Avqustun 21-dən 31-dək  Zaqatalada şahmat üzrə respublika olimpiadası keçiriləcək.

Zaqatala Olimpiya İdman Kompleksində baş tutacaq yarışda 16 yaşadək yeniyetmələr mübarizə aparacaq. İsveçrə sistemi üzrə təşkil ediləcək turnir 11 turdan ibarət olacaq.

Nərgiz İSMAYILOVA,

“Respublika”.