SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Qarpızı soyuducuda saxlamaq olar?

Yayın qızmar günlərində sərinləşmək üçün ən çox üstünlük verdiyimiz tərəvəzlərdən olan qarpızın hazırda əsl mövsümüdür. Adətən insanların çoxu bu tərəvəzi soyuducuda saxlamağa tərəddüd edirlər. Düşünürlər ki, görəsən onu soyuducuda saxlamaq nə dərəcədə düzgündür.

Əslində qarpızı soyuducuda saxlamaq zərərli deyil. Belə ki, soyuducu onun yetişmə prosesini ləngitməyə və rəf ömrünü uzatmağa kömək edir. Qarpızı soyuducuda saxlayarkən nəzərə alınmalı olan əsas məqamlar isə bunlardır: Əgər bütöv, kəsilməmiş qarpızınız varsa, onu soyuducuda saxlamaq olar. Tərəvəzi doğramısınızsa, soyuducuya qoymazdan əvvəl onu hava keçirməyən qabda saxlamaq daha yaxşı olar. Bu, qarpızın qoxuları udmasının qarşısını alır və onu daha uzun müddət təravətli saxlayır. Bununla belə, qarpızı soyudarkən nəzərə alınmalı olan bir neçə məqam var: soyuducu qarpızın teksturasını dəyişdirə və onu bir qədər yumşaq edə bilər. Bəzi insanlar qarpızı optimal dad və teksturaya görə otaq temperaturunda istehlak etməyi üstünlük verirlər. Çünki soyuducu qarpızın pisləşməsini ləngidə bilsə də, təzəliyini itirməsinə səbəb olur. Bu səbəbdən də ləzzət və keyfiyyət üçün onu qısa müddət ərzində istehlak etmək tövsiyə olunur.

 

Şizofreniyanın bir səbəbi də bu imiş...

İndiyə qədər aparılan elmi tədqiqatlar şizofreniyanın konkret bir xəstəliklə bağlı olmadığını sübuta yetirsə də, genlərarası əlaqələr, müxtəlif fiziki faktorların onun yaranmasında mühüm rol oynadığı məlumdur. Bu yaxınlarda elm adamları belə qənaətə gəliblər ki, şizofreniyanın digər səbəbi bioloji ritmlərin pozulması ilə də əlaqəli ola bilər.

Həm siçanlarda, həm də insanlarda şizofreniya xəstəliyinin eyni gendə (SNAP25) mutasiya nəticəsində yaranmasına əsaslanan tədqiqatçılar, gəmiricilərdə bioloji ritmlərin pozulması ilə onlarda bu xəstəliyin baş verməsi arasında əlaqəni araşdırıblar. Məlum olub ki, şizofreniya xəstəsi olan siçanlar sağlam qohumlarından az yatırlar. Bütün tədqiq edilmiş gəmiricilərdə gün yarıya bölünüb: gündüz 12 saat oyaq qalıblar, sonrakı 12 saat isə yatıblar.

Alimlər qeyd ediblər ki, xəstə laboratoriya siçanları qaranlıq məkanda aktiv olmağa davam edib, sağlam olanlar isə həmin vaxt artıq yuxu görüblər. Şizofreniyalı xəstələr beynin bioloji saatını digər orqanlarda yerləşən biosaatla sinxronlaşdırmırlar. Bu xəstəlik biometrlərin pozulması adlanır.

Kaliforniya Berkli Universitetinin alimi Lance Kriegsfeldin sözlərinə görə, digər ümumi xəstəliklər yuxunun pozulması ilə əlaqələndirilir. Bunlar piylənmə, 2-ci tip diabet və ürək-damar sistemi xəstəlikləridir. Maraqlıdır ki, bu diaqnozlar daha çox psixi pozğunluqdan (şizofreniya) əziyyət çəkən insanlara qoyulur.

 

İnsult və xərçəngin qənimi

Bu yaxınlarda aparılan araşdırma nəticəsində brokkolinin yeni bir faydası ortaya çıxıb. Belə ki, London Kral Kolecinin alimləri müəyyən ediblər ki, brokkoli kələminin tərkibində olan spesifik maddə "sulforafan" insult və xərçəng xəstəliyinin qarşısını alır.

Elm adamları yaxın gələcəkdə hətta brokkolidən dərman hazırlamağı da planlaşdırırlar. Onların fikrincə, bu dərman insultun orqanizmə olan mənfi təsirini xeyli azaldacaq ki, nəticədə ildə 40 mindən artıq insan həyatını xilas etmək mümkün olacaq.

Bundan əvvəl aparılmış araşdırmaların nəticələri göstərib ki, sulforafan ürək-damar sistemi xəstəliklərinin qarşısını alır, xərçəng əleyhinə və antibakterial təsirə malikdir. Maddə orqanizmin antioksidant sisteminin fəaliyyətini stimullaşdırır ki, bu sistem toxuma və hüceyrələri zədələmələrdən qoruyur. Bundan əlavə, sözügedən maddə, həmçinin brüssel kələmi və adi ağ kələmin tərkibində də var.

 

Hansı böyrü üstə yataq - sağ, yoxsa sol?

İnsanlar gecə ərzində dəfələrlə yer dəyişdirsələr də, nəhayət yatmağa qərar verdikləri bir istiqamət var. Yatdığımız istiqamətlər isə bir çox xəstəliklərdə bizə yardımçı ola bilər. Ümumiyyətlə, mütəxəssislər sol tərəfdə yatmağın ümumi sağlamlıq üçün daha faydalı olduğunu düşünürlər.

Mütəxəssislərin fikrincə, sol böyrümüz üstdə yatdığımız zaman mədə və mədə şirəsi yemək borusundan aşağıda qalır. Bu o deməkdir ki, sol tərəfdə yatmaq mədə yanması və həzm narahatlığını azaltmağa kömək edə bilər. Ümumiyyətlə, xoruldayan, yüksək təzyiq və ya həzm problemlərindən əziyyət çəkən insanların da sol tərəfi üstə yatması tövsiyə edilir.

Yuxu mütəxəssislərinin fikrincə, bel ağrısı riskini azaltmaq və yaxşı yuxu almaq istəyənlər arxası üstə yatmağa da cəhd edə bilərlər. Arxa üstə yatmaq ən çox tövsiyə olunan mövqedir, çünki kürəyinizdəki fəqərələr heç bir bükülmə və əyilmə olmadan təbii və neytral vəziyyətdə düzləşə bilər. Üzü üstə yatmaq isə onurğa sütununa stres qoyduğu üçün qeyri-sağlam hesab edilən yeganə mövqedir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".