Əbədi  Ehtiram  Nümunəsi
Region

Əbədi  Ehtiram  Nümunəsi

Cəlilabad  şəhərinin  mərkəzində  Vətən  müharibəsində  böyük  qəhrəmanlıq  göstərərək  şəhidlik zirvəsinə  yüksələn  baş  leytenant   Zeynalov  İlqar  Natiq  oğlunun  barelyefinin  açılış  mərasimi  keçirilib. Tədbirdə  Cəlilabad  Rayon  İcra  Hakimiyyətinin  rəsmiləri,  YAP  rayon  təşkilatının  rəhbərliyi,  şəhid ailələri,  qazilər, ictimaiyyət  nümayəndələri  iştirak  ediblər.

Mərasimdə  Azərbaycan  Respublikasının  Himni  səsləndirilib,  torpaqlarımızın  ərazi  bütövlüyü  uğrunda şəhid  olan  Vətən oğullarının  xatirəsi   bir  dəqiqəlik  sükutla  yad edilib. Sonra  şəhidin  barelyefi  üzərindəki  örtük  götürülüb,  önünə  tər  qərənfillər  düzülüb.

Tədbir  iştirakçılarından  Maşallah  Əliyev,  Varid Əsgərov,   Elçin Hüseynov,  Ağaxan  Ağayev, Mirsüleyman  Mirxaslı  bildirdilər ki,  Vətən  müharibəsində  əldə  etdiyimiz  şanlı  Qələbəyə  görə   Azərbaycan  Respublikasının  Prezidenti,  Müzəffər  Ali Baş  Komandan  İlham  Əliyevə,  şanlı  ordumuza,  şəhidlərimizə,  qazilərimizə  borcluyuq.  Çıxış  edənlər  2020-ci  il  sentyabrın  27-də  başlanan  və  Zəfərlə  başa  çatan  Vətən  müharibəsində  qazanılan  qələbənin  tarixi  əhəmiyyətindən,  şəhid  baş  leytenant   İlqar  Zeynalovun  şərəfli  həyat  yolundan  danışdılar.  Qeyd  etdilər  ki,  şanlı  Ordumuz  işğalçı  Ermənistanı  diz çökdürdü,  möhtəşəm  Qələbə  qazanaraq  xalqımızın  30 illik torpaq həsrətinə son qoydu. 44 günlük  Vətən  müharibəsi  Azərbaycan  Ordusunun  gücünü, qüdrətini   dünyaya nümayiş etdirdi.

Azərbaycan  Ordusunun  baş  leytenantı   İlqar  Zeynalov   Vətən  müharibəsində  Suqovuşanın  azadlığı  uğrunda  gedən  döyüşlərdə  iştirak edib.   Oktyabrın  10-da  Ağdərənin  azad  edilməsi  uğrunda  gedən  ağır  döyüşlərdə  qəhrəmancasına  şəhid  olub.  İlqar  Zeynalov  1989-cu  il  avqustun  26-da  Cəlilabad  rayonunun  Zopun  kəndində  anadan  olub.  2007-2011-ci  illərdə  Heydər  Əliyev  adına  Azərbaycan  Ali  Hərbi  Məktəbində  (AAHM)  ali  hərbi  təhsil  alıb.  Ailəli  idi.  Rafael  və  Əhməd  adında  iki  oğlu  yadigar  qaldı.  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  müvafiq  sərəncamlarına  əsasən  ölkəmizin  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarında  iştirakına,  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yetirdiyinə  görə  baş  leytenant  Zeynalov  İlqar  Natiq  oğlu  ölümündən  sonra  “Vətən  uğrunda”,  “Suqovuşanın  azad  olunmasına  görə”,  “Laçının  azad  olunmasına görə”  medalları  ilə təltif  edilib. Cəlilabadın  keçmiş  Mirzəli Hüseynzadə küçəsi  əbədiləşdirilərək Şəhid  İlqar  Zeynalovun  adına verilmişdir.

Şəhidin  atası  Natiq  Zeynalov, əmisi  Bayraməli  Zeynalov  övladları  İlqarla  və  onun  kimi  igid  vətən  oğulları  ilə  hər  zaman  fəxr  edəcəyini,  qürur  duyacağını  söylədi.  Qeyd  etdi  ki,  Prezident  İlham  Əliyev  və  Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyeva  şəhid  ailələrini, onların qayğılarını  daim  diqqət  mərkəzində  saxlayır  və  buna  görə  ailəmiz  adından  təşəkkür  edirik.  

         Ərəstun   ABDULOV,

        “Respublika”.