ŞƏHİD AİLƏLƏRİ  ZİYARƏT OLUNUB
Region

ŞƏHİD AİLƏLƏRİ  ZİYARƏT OLUNUB

Mingəçevir Şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  üç şəhidin ildönümü ərəfəsində ailəsini ziyarət edib. Hər bir şəhid ailəsinə icra hakimiyyəti adından ərzaq sovqatları təqdim olunub.

Şəhər rəhbəri, şəhid ailələrinin  evlərini ziyarət edərkən hər birinin xatirəsinə ehtiram əlaməti olaraq güşələrinə baxış keçirib, ailələrə təsəlli verib, ruhlarına rəhmət diləyib. Şəhidlərin əziz xatirəsinin əbədiyyən xalqımızın yaddaşına həkk olunduğunu vurğulayan İlham İsmayılov, ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman şəhid və qazilərimizin qələbəmizin təmin olunmasındakı fədakarlıqlarını ən yüksək səviyyədə dəyərləndirdiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və  Birinci vitse-prezident  Mehriban Əliyevanın  gənc kursant  və hərbçilərlə bərabər şəhidlərimizin  fotolarının əks olunduğu plakatları qaldıraraq, Anım Günündə təşkil edilmiş yürüşdə ön cərgədə getmələri xalqın birliyinin daimi və sarsılmaz olduğunu, vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdi.

Görüşdə hər bir şəhid ailəsinin üzvləri diqqətlə dinlənilib onların qarşılaşdığı problem və müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.

Şəhid Eylasov Cəfərin anası Buluş xanım qızının işlə təmin olunmasına görə öz təşəkkürünü bildirməklə yanaşı, özünün də uşaq bağçalarından birində işlə təmin olunmaq istədiyini bildirib. İcra başçısı İlham İsmayılov artıq onların evlə təmin olunmaq üçün qeydiyyata alındıqlarını, bağçalarda vakant iş yeri yaranan kimi birinci növbədə şəhid ailələrinin işlə təmin edilməsinə üstünlük veriləcəyini bildirdi.

Şəhər rəhbəri, Şəhid Alim İbrahimovun ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif olunduğu “Suqovuşanın azad olunmasına görə” medalını onun atası Səhrab İbrahimova təqdim edərkən bildirdi ki, “Siz fəxr edə bilərsiniz ki, Alim kimi övladın atasısınız. Onun qəhrəmanlıqları daim yaddaşlarda yaşayacaq”.  Şəhid atası digər oğlu Aydın İbrahimovun işlə təmin olunmasına köməklik göstərilməsi xahişinə cavab olaraq, İlham İsmayılov əlaqədar təşkilat rəhbəri ilə əlaqə saxlayıb,  şəhidin qardaşı işlə təmin olunub.

Şəhid Əzim Həsənovun ailəsi ilə görüşdə ailə üzvləri övladlarının adının əbədiləşdirilməsi, onların adına məktəb yaxud küçə adlarının verilməsini arzuladıqlarını söylədilər.  Nazirlər Kabinetinin şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı təsdiq etdiyi qaydaları xatırladaraq, bu prosesin mövcud normativlərə uyğun həyata keçirildiyini bildirməklə yanaşı, hazırda Milli Məclisdə bu məsələ ilə əlaqədar yeni qanun ətrafında müzakirələrin aparıldığını bildirdi. Onun sözlərinə görə yeni qanun qüvvəyə mindikdən sonra şəhidlərin adlarının küçə, meydan və ayrı-ayrı müəssisələrə verilməsi məsələsinə yenidən baxılacaq.                     

İlham İsmayılov şəhid adlarının əbədiləşdirilməsi üçün Mingəçevirdə mövcud olan “Şəhidlər Muzeyi”nin yenidən qurulacağını və bu muzeydə birinci Qarabağ müharibəsi ilə yanaşı 44 günlük müharibədə şəhid olan qahrəmanlarımızın xatirəsinin əbədiləşdiriləcəyini vurğuladı.

Zabit XƏLİLOV,  

“Respublika”.