MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

“Çay bardağı” binası

Qara dənizin sahilində türk çay sənayesinin paytaxtı olan Rizə şəhərində dünyanın ən böyük çay fincanı inşa olunub. Rizə-Artvin hava limanının yaxınlığında tikilən və "Çay çarşısı" (çay bazarı) adlandırılan ərazidə yerləşən nəhəng kompleks simvolik məna daşıdığı üçün məhz bu şəkildə dizayn edilib. Unikal görünüşə malik bina Rizə Ticarət Birjası tərəfindən layihələndirilib. Tikinti işləri təxminən 2 il çəkib.

"Çay bardağı" adlanan bu nəhəng bina 9500 kvadratmetr ərazini tutur, hündürlüyü isə 30 metrdir. Yeddi mərtəbəli binanın fasadı və girişində olan çay yarpağı alüminium karkas və şüşədən ibarətdir. "Çay bardağı"nın nəzdində Çay muzeyi, kinoteatr və müxtəlif mağazalar fəaliyyət göstərir. Həmin mağazalarda bal, mürəbbə, çərəz, şirniyyatlar, həmçinin yerli ustaların hazırladığı suvenirlər satılır. Burada həmçinin restoran, biznes mərkəzi, su dəyirmanı, məşhur içkilərin müxtəlif növlərini dadmaq üçün dequstasiya şöbələri və pərakəndə satış mərkəzləri yerləşir. Ərazinin görməli yerində isə yaşı təxminən 65 olan ən yaşlı çay ağacı var. Yerli hakimiyyət bu layihənin regionun inkişafına töhfə verəcəyinə inanır. Hətta yerli əhali arasında bir deyim də var - "Parisdə Eyfel qülləsi varsa, bizdə də çay fincanı var".

Kyonbokkun Kral Sarayı

Koreya dilindən tərcümədə "Xoşbəxtlik və bərəkət sarayı" mənasını verən Kyonbokkun Kral Sarayı Cənubi Koreyanın Seul şəhərində inşa olunub. İlk saray kompleksi və ölkənin əsas tarixi abidəsi Coseon sülaləsinin birinci hökmdarı Kral Taeho tərəfindən 1395-ci ildə memar Jeon Do Jongun layihəsinə əsasən tikilib. Təbiətlə harmoniya təşkil edən binaların fasadında çox zərif elementlərdən istifadə edilib. Lakin həmin binalar dəfələrlə dağıdılıb və yenidən qurulub. Yalnız ötən əsrin 90-cı illərində binanın əvvəlki görünüşünü bərpa etmək mümkün olub. Kompleksdəki 330 binadan 10-u salamat qalıb və onlar da UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Süni göllərin və sakura (albalı) ağaclarının heyrətamiz mənzərəsində yerləşən bu saray təxminən 430 min kvadratmetr ərazini əhatə edir. Sarayın üç girişi və onların qarşısında Koreyanın hərbi lideri Yi Sun-sin və hökmdar Sejonqa həsr olunmuş heykəllər var. Kompleksin ərazisində tarixi binalarla yanaşı, Koreya Milli Etnoqrafiya Muzeyi, Milli Folklor Muzeyi və Koreya Milli Saray Muzeyi yerləşir. Burada həmçinin ölkənin tarixi və mədəniyyəti haqqında kitabların yer aldığı geniş kitabxana fəaliyyət göstərir. Açıq səma altında yerləşən muzey gözəlliyi və əzəməti ilə dünyanın hər yerindən olan turistlərin diqqətini cəlb edir.

Amanauz mehmanxanasının binası

Sovet modernizmi üslubunun bariz nümunəsi olan Amanauz mehmanxanasının binası Rusiyanın Dombay bölgəsində inşa olunub. Otelin adı Amanauz dərəsindən götürülüb. O dövrün qeyri-adi memarlıq obyektlərindən olan mehmanxana 1985-ci ildə tikilib. Memar German Kostomarovun layihələndirdiyi binanın müəlliflərindən biri də turizm sahəsində mütəxəssis, orqanik memarlığın tərəfdarı Yevsey Perçenkov olub.

18 mərtəbədən ibarət binanın karkası dəmir-betondan, əsas divarları isə kərpicdən hazırlanıb. Binanın fasadını bəzəyən elementlər paslanmış korten poladı xatırlatsa da, əslində ağacdan hazırlanıb. Şəbəkə şəklində dizayn edilmiş taxta konstruksiyalar həmçinin binanın eyvanlarında və otelin şimal hissəsində də yer alıb. Eyvanlar arı pətəkləri şəklində dizayn edilib. Minimalist üslubda hazırlanmış kiçik otaqların dağa baxan hissəsində nəhəng panoramik pəncərələr quraşdırılıb. 630 yerlik konsert zalı olan otel 480 nəfər üçün nəzərdə tutulub. Lakin bina satışa çıxarıldığı üçün interyer tamamlanmayıb. Deyilənə görə, otelin divarlarında çatlar yaranıb və tikili yararsız hala düşüb.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".