Gələcəyin qurucuları - tələbələr
Maraqlı

Gələcəyin qurucuları - tələbələr

Hər il 17 noyabr Beynəlxalq Tələbələr Günü kimi qeyd edilir. Həmin gün Praqada milli qürur və ali təhsil hüququ uğrunda mübarizə aparan minlərlə tələbənin fədakarlığını yada salmaq üçün qeyd olunur. 1941-ci ildə Londonda Beynəlxalq Tələbələr Şurasında hər il noyabrın 17-də Beynəlxalq Tələbələr Gününün qeyd edilməsi qərara alınıb.

İkinci Dünya müharibəsi dövründə Çexoslovakiyanı işğal edən faşistlər burada milli azadlıq hərəkatını boğmağa cəhd ediblər. 1939-cu ildə Praqadakı Karl Universitetinin tibb fakültəsinin tələbələri müstəqil Çexoslovakiya Respublikasının yaranmasına həsr olunmuş nümayiş keçiriblər. Nasistlər toplantını vəhşicəsinə dağıdıblar, nəticədə tələbə Yan Opletal öldürülüb. Minlərlə tələbə onun dəfnində iştirak edib və bu mərasim antinasist nümayişə çevrilib. Nasistlər cavab olaraq bütün Çexiya təhsil müəssisələrini bağlayıblar. Onlar 1200-dən çox tələbəni həbs edərək düşərgələrə göndəriblər. Noyabrın 17-də isə nasistlər doqquz etirazçını mühakimə etmədən edam ediblər. Üçüncü Reyx baş verə biləcək üsyanı təxmin edib.

O vaxtdan bir çox təşkilat, beynəlxalq qurum və tələbə qrupları bu günü qeyd edir. Bu gün Çexiya və Slovakiyada dövlət bayamıdır, rəsmi olaraq "Azadlıq və Demokratiya Uğrunda Mübarizə Günü" adlanır.

1973-cü ildə Yunanıstanda da tarix təkrarlanıb. Noyabrın 17-də yunan hərbi xuntası universitetə basqın edərək darmadağın edib. Tələbələr üsyan qaldıraraq Afinadakı Politexnik Universitetinə daxil olublar, lakin üsyan rejim tərəfindən zorakılıqla yatırılıb.

Bu tarixi gün tələbə həmrəyliyi və faşizmə qarşı müqavimətin simvolu olmaqla yanaşı, həm də tələbələrin qarşılaşdıqları çətinliklər və onların imkanları haqqında məlumatlılığı artırmaq, dünyanın müxtəlif yerlərində azadlıq və demokratiya uğrunda mübarizə aparan tələbə fəalların əməyini qiymətləndirmək baxımından da əhəmiyyətlidir. 2023-cü ildə Beynəlxalq Tələbələr Gününün mövzusu "Hamı üçün Təhsil: "Keyfiyyət", "Əlçatanlıq" və "İnklüzivlik" adlandırılıb. Bu, mənşəyindən, kimliyindən və statusundan asılı olmayaraq hər kəsin təhsil hüququnu təşviq etmək məqsədi daşıyır. Bu gündə beynəlxalq tələbələri dəstəkləmək və gücləndirmək üçün seminarlar, vebinarlar, mədəniyyət festivalları, onlayn forumlar və petisiyalar kimi müxtəlif tədbirlər və kampaniyalar təşkil olunur.

Ölkəmizdə də daim tələbələrə diqqət göstərilib. Hələ 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qərbi Avropa, Rusiya və Türkiyədə ali təhsil almaq üçün seçilmiş 100 tələbə xaricə göndərilib. Bu gün Azərbaycanda tələbələrə dövlət qayğısı daim artırılır, onların sosial müdafiəsi daha da gücləndirilir. Yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına xüsusi əhəmiyyət verilir.

Bu tarixin yaranması qanlı hadisələrlə, faciələrlə yadda qalsa da, hazırda noyabrın 17-si bayram kimi keçirilir. Bir çox ölkədəki universitetlərdə Beynəlxalq Tələbə Günü multikulturalizm və müxtəlifliyi nümayiş etdirmək üçün bir fürsət kimi qeyd olunur. Hazırda dünyada ali təhsil ocaqlarının ən əsas vəzifələrindən biri ixtisaslı mütəxəssislərlə yanaşı, həm də cəmiyyətdə fəal mövqe tutan fərdləri yetişdirməkdir. Bu gün gənclərin və tələbələrin informasiya əldə etmək imkanı daha çoxdur, analitik düşüncə tərzinə malik olan gənclərimizin də sayı artıb. Təhsilsiz ölkənin inkişafı qeyri-mümkündür.

Nurcan SÜLEYMANOVA,

"Respublika".