DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRƏB ÖLKƏLƏRİNDƏN SƏUDİYYƏ ƏRƏBİSTANINA DƏSTƏK NÜMAYİŞİ

ABŞ gündəlik neft hasilatının azaldılması ilə bağlı Səudiyyə Ərəbistanına ittihamlar səsləndirikdən sonra bir çox ərəb ölkəsi rəsmi Ər-Riyada həmrəylik və dəstək nümayiş etdirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Mərakeş, Misir, Bəhreyn, Fələstin, Yəmən, Oman, Əlcəzair, BƏƏ, İraq və Küveytin Xarici İşlər nazirlikləri bu prosesdə Səudiyyə Ərəbistanını dəstəklədiklərini açıqlayıblar.

Məlumata görə, açıqlamalarda bu ölkələrin “OPEC+” qrupunun qərarı ilə bağlı ABŞ-ın ittihamlarına və təhdidlərinə məruz qalan Səudiyyə Ərəbistanının yanında olduqları bildirilib. “OPEC+” qrupunun qərarının üzv dövlətlər tərəfindən birgə qəbul edildiyi və bunun arxasında heç bir siyasi məna olmadığı vurğulanıb və ABŞ öz mövqeyini yumşaltmağa çağırılıb.

Xatırladaq ki, “OPEC+” qrupu ölkələrinin energetika və neft nazirləri oktyabrın 5-də gələn aydan etibarən gündəlik neft hasilatının 2 milyon barrel azaldılması barədə qərar qəbul ediblər. Bu qərardan sonra Ağ Ev ABŞ prezidenti Cozef Baydenin Səudiyyə Ərəbistanı ilə münasibətləri yenidən nəzərdən keçirdiyinə dair açıqlama verib.

 

AVROPA İTTIFAQI SAMMİTİNİN ƏSAS MÖVZUSU ENERJİ BÖHRANI OLACAQ

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçılarının oktyabrın 20-21-də Brüsseldə keçiriləcək sammitinin əsas mövzusu enerji böhranı olacaq. “Report” agentliyinin məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ittifaqa üzv olan ölkələrin liderlərinə ünvanladığı məktubda bildirib.

“Gündəliyimizin mərkəzində enerji böhranı dayanır. Bununla bağlı təcili tədbirlər görməliyik. Xüsusilə, üç fəaliyyət istiqamətini mütləq şəkildə gücləndirməliyik: enerji resurslarına tələbin azaldılması, təchizatın təhlükəsizliyinin təmin edilməsi və qiymətlərin məhdudlaşdırılması”, - deyə Şarl Mişel vurğulayıb.

Eyni zamanda, Avropa İttifaqı Şurasının prezidenti əlavə edib ki, Aİ liderləri sammitdə Ukraynaya qarşıdan gələn qışa hazırlıqla bağlı yardımı müzakirə edəcəklər.

Şarl Mişelin sözlərinə görə, sammitdə “Şimal axını” kəmərlərində təxribatdan sonra kritik infrastrukturun qorunması üzrə tədbirlər də müzakirə olunacaq.

 

TÜRKİYƏ ORDUSU BALLİSTİK RAKETİN SINAĞINI KEÇİRİB

Türkiyə ordusu yaxınmənzilli ballistik raketin sınağını həyata keçirib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, “Tayfun” raketi Rize şəhəri yaxınlığındakı hava limanından mobil platformadan buraxılıb. Raket 561 kilometr məsafə qət edərək Sinop şəhəri yaxınlarında sahilə düşüb. Məlumata əsasən, raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.

Eyni zamanda, “Bloomberg” agentliyi qeyd edib ki, Türkiyə hakimiyyəti raketlə bağlı hər hansı məlumat verməkdən imtina edib.

Xatırladaq ki, son illər müdafiə sənayesində sıçrayışlı inkişaf xətti tutan Türkiyə hərbi təyinatlı texnika və avadanlıqlarının ixracatını da genişləndirib.

Bununla yanaşı, mütəxəssislər hesab edirlər ki, Türkiyə müdafiə sənayesində istehsalını NATO standartlarına uyğun qurduğu üçün onun hərbi təyinatlı məhsullarına maraq sürətlə artmaqdadır.

 

“TALİBAN” VƏ İRAN SƏRHƏDÇİLƏRİ ARASINDA ATIŞMA BAŞ VERIB

Əfqanıstanı idarə edən “Taliban” hökumətinin silahlıları ilə İran sərhədçiləri arasında atışma baş verib. Bu barədə “Report”  agentliyi məlumat yayıb. Bildirilir ki, hadisə Əfqanıstanın Nimruz əyalətinin Zərənc şəhərində “Əbrişəm” körpüsündə baş verib.

İddiaya əsasən, İran sərhədçiləri “dayan” əmrinə tabe olmayan qanunsuz yanacaq daşıyan Əfqanıstan dövlət qeydiyyat nişanlı maşına atəş açıblar. Birinci maşın ərazidən uzaqlaşmağa müvəffəq olsa da, İran sərhədçiləri ikinci avtomobili saxlamağa məcbur ediblər. Qeyd edilir ki, daha sonra İran sərhədçiləri sürücünü döyüblər.

Buna cavab olaraq “Taliban” silahlıları İran sərhədçilərinin avtomobilinə atəş açıb. Atışma bir saatdan çox davam edib. Bundan sonra tərəflər danışıqlara başlayıblar. İtkilər və yaralılar barədə məlumat yayılmayıb.

 

DÖVLƏT KATIBI ABŞ VƏ ÇİN ARASINDAKI RƏQABƏTİN SƏBƏBINI İZAH EDİB

ABŞ və Çin beynəlxalq arenada nizam istəyir, lakin Pekin “antiliberal” dünya nizamının tərəfdarıdır. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Stenford Universitetində tədbirdə çıxışı zamanı ABŞ-ın dövlət katibi Entoni Blinken bəyan edib.

Eyni zamanda, dövlət katibi vurğulayıb ki, ABŞ dünyada nizamın təşkilində aparıcı rol oynamaqda maraqlıdır.

“Çin də nizam istəyir, lakin bu, antiliberal nizamdır. Hədəflədiyimiz nizam mükəmməl deyil, lakin daha liberaldır. Və bu rəqabətin mahiyyəti budur”, - deyə Entoni Blinken vurğulayıb.

Bununla yanaşı, dövlət katibinin sözlərinə görə, rəsmi Pekinin xaricdəki fəaliyyəti son vaxtlar daha aqressiv xarakter alıb. Entoni Blinken hesab edir ki, belə bir mövqe ABŞ-ın “maraqlarına və dəyərlərinə meydan oxumaqdır”.

 

İSVEÇIN YENI BAŞ NAZIRI: TÜRKİYƏ İLƏ NATO ÜZRƏ RAZILAŞMAYA SADİQİK

İsveçin yeni seçilən baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya üzv olmasına dair Türkiyə ilə əldə edilən razılaşmaya sadiq qaldıqlarını bildirib. “Report”un xəbərinə görə, İsveçin baş naziri bu barədə “Anadolu” agentliyinə müsahibəsində məlumat verib.

Bununla yanaşı, yeni baş nazirin sözlərinə görə, rəsmi Stokholm NATO-nun Madriddə keçirilən sonuncu sammiti çərçivəsində imzalanmış sənədin müddəalarının həyata keçirilməsi üçün hər cür səy göstərəcək.

“NATO-ya üzvlük İsveç və Finlandiya üçün çox önəmlidir. Türkiyə ilə NATO-ya üzvlüyə dair razılaşmaya sadiqik. Biz Türkiyə, İsveç və Finlandiya arasındakı razılaşmanın tələblərini yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Ulf Kristersson vurğulayıb.

Eyni zamanda, baş nazir Türkiyə rəsmiləri ilə məsələni müzakirə edəcəklərini dialoq çərçivəsində problemlərin həllinə nail olacaqlarını da diqqətə çatdırıb: “Arzumuz İsveç və Finlandiyanın NATO üzvlüyünə tərəfdaş kimi qəbul olunmasıdır”.

 

AVROPADA YENİ MÜSTƏQİL DÖVLƏT YARANA BİLƏR

Şotlandiya regional hökumətinin baş naziri Nikola Stercen ölkəsinin Böyük Britaniyadan müstəqillik qazanacağı təqdirdə yeni şotland funtunun ən qısa vaxtda dövriyyəyə buraxılacağını açıqlayıb. “Teleqraf.com”un xəbərinə görə, baş nazir Şotlandiyanın pul vahidinin hazırlanması üçün konkret təqvimin hələ müəyyən edilmədiyini, lakin İngiltərə funt-sterlinqinin istifadə müddətinin qısa olacağını bildirib.

“Şotlandiya funtunu qəbul etmək siyasətinə keçməzdən əvvəl bir müddət funt-sterlinqdən istifadəni tövsiyə edirik. Maliyyə siyasətinin bir çox aspektləri Böyük Britaniya Mərkəzi Bankı tərəfindən müəyyən olunmağa davam edəcək”, - Nikola Stercen qeyd edib.

Xanım siyasətçi həmçinin Şotlandiyada maliyyə sabitliyinə və monetar və iqtisadi şəraitə nəzarətə cavabdeh olan müstəqil Şotlandiya Mərkəzi Bankı yaradılacağını da açıqlayıb.

Eyni zamanda, Şotlandiya lideri müstəqillik əldə etdikdən sonra Avropa İttifaqına yenidən qoşulmaq üçün də çalışacaqlarını vurğulayıb.

Nikola Stercen bundan əvvəlki açıqlamasında bildirib ki, Şotlandiyanın Böyük Britaniyadan müstəqillik əldə etməsi üçün ikinci referendum 19 oktyabr 2023-cü il tarixində keçirilə bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.