DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ALEKSANDR LUKAŞENKO: UKRAYNADAKI MÜHARIBƏYƏ SON QOYULMALIDIR

“Rusiya və Ukrayna arasındakı müharibəyə artıq son qoyulmalıdır”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko yerli və xarici jurnalistlərlə görüşündə bəyan edib.

Dövlət başçısının sözlərinə görə, artıq dayanmağın vaxtı çatıb: “Əks halda daha pis ssenari bizi gözləyir. Odur ki, heç bir ilk şərt olmadan danışıqlar masasına oturmalıyıq”.

Bununla yanaşı, Aleksandr Lukaşenko bildirib ki, hər şey danışıqlar masası arxasında həllini tapmalıdır.

“Zelenski tədricən Ukraynanı bu müharibəyə sövq edənlərə qarşı iddialar irəli sürməyə başlayıb. Bunlar ilk növbədə pul və yeni silah formasında iddialardır. O, artıq bu vəziyyətdən çıxmaq üçün addımlar atır”, - deyə A.Lukaşenko vurğulayıb.

Eyni zamanda Belarus lideri qeyd edib ki, “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Belarus ərazisində deyil, Rusiyanın Sankt-Peterburq şəhərindədir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

 

İSVEÇ PKK TERRORÇUSUNU TÜRKİYƏYƏ EKSTRADİSİYA EDƏCƏK

İsveç PKK terror təşkilatı üzvünü ilk dəfə Türkiyəyə ekstradisiya edəcək. “Trend” agentliyinin məlumatına görə, İsveçdə terror təşkilatı PKK üçün xərac toplamaq ittihamı ilə mühakimə olunan 40 yaşlı şəxs 4,5 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını çəkdikdən sonra Türkiyəyə təhvil veriləcək.

Verilən xəbərə əsasən, terrorçu “terrorizmi maliyyələşdirmə”, “hədə-qorxu ilə pul tələb etməyə cəhd” və “silahlı hücum” ittihamları ilə 4,5 il həbs cəzasına məhkum ediləcək. Qeyd edilir ki, İsveçdə ilk dəfə PKK terror təşkilatı adına xərac toplayan şəxsə həbs cəzası verilib.

Eyni zamanda, bildirilir ki, sözügedən məhkum PKK terror təşkilatının ölkədəki önəmli simalarından biri sayılır.

Xatırladaq ki, Türkiyə, İsveçdən tələb etdiyi PKK və FETÖ terror təşkilatlarının üzvlərini ekstradisiya etmədiyi təqdirdə, İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyəcəyini açıq şəkildə bəyan edib.

 

BMT 80 MİLYON İNSANIN ACLIQ TƏHLÜKƏSİ İLƏ ÜZLƏŞƏCƏYİNİ BİLDİRİB

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk yaxın 30 ildə planetdə 80 milyondan çox insanın aclıqla üzləşəcəyini bildirib. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Ali komissar hesab edir ki, aclıq qlobal iqlim dəyişikliyinə səbəb ola bilər. Onun sözlərinə görə, təkcə son 23 ildə təbii fəlakətlərin və daşqınların sayı 134 faiz artıb.

Bununla yanaşı, Volker Türk vurğulayıb ki, zaman keçdikcə təbii fəlakətlər daha təhlükəli və dağıdıcı xarakter alacaq və onların nəticələri bütün dünyada hiss olunacaq.

Eyni zamanda, ali komissar bəyan edib ki, potensial təhlükənin qarşısını almaq üçün dünya ictimaiyyəti təbii yanacaqlardan istifadəni dayandırmalıdır. Onun sözlərinə görə, ölkələr “yaşıl iqtisadiyyat”a keçməlidir, beynəlxalq təşkilatlar isə təbii fəlakətlərdən zərər çəkmiş dövlətlərə dəstək verməlidir.

 

“BEYİN YEYƏN” PARAZİTƏ YENİ YOLUXMA QEYDƏ ALINIB

Pakistanda insan beyninə nüfuz edən “Negleria Fowler” tipli amöbə 4-cü yoluxma halı qeydə alınıb. Bu barədə “Pakistan Observer” nəşri səhiyyə orqanlarına istinadən məlumat yayıb.

Qripə bənzər əlamətlər, yüksək hərarət və baş ağrısı olan bir kişi tibb müəssisəsinə yerləşdirilib və orada dünyasını dəyişib.

Məlumata görə, həkimlər əlavə testlərdən sonra bu şəxsdə “Negleria Fowler” amöbünün olduğunu təsdiqləyiblər.

Qeyd edilir ki, infeksiyaya yoluxmanın əsas yolu ağız və ya burun vasitəsilə bədənə daxil olan və insan beyninə keçən çirklənmiş su ilə təmasdır. Mikroorqanizm beynin ölümcül infeksiyası olan ilkin amöb meninqoensefaliti törətməyə qadirdir.

Nəşrin xəbərinə görə, bu, Lahorda bu infeksiyaya ilk yoluxma, ölkədə isə dördüncü haldır.

 

FRANSADA İĞTİŞAŞLAR ZAMANI SAXLANILANLARIN SAYI 4 MİNİ KEÇİB

Fransada iğtişaşlar zamanı polis və jandarmlar 4 mindən çox insanı saxlayıb ki, onlardan 10 faizinin Fransa vətəndaşlığı olmayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Senatda keçirilən dinləmələrdə ölkənin daxili işlər naziri Cerald Darmanin bildirib.

Məlumata görə, Fransa cəmiyyətində polis zorakılığı, irqçilik və digər sosial problemlər beynəlxalq medianın mövzusuna çevrilib. Üstəlik, təkcə polis zorakılığı deyil, həm də hökumətin belə hadisələrə reaksiyası da ciddi müzakirə edilir.

Qeyd edək ki, Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Nanterdə başlayan aksiyalara bir gün sonra Lill və Tuluza sakinləri də qoşulub. Daha sonra etirazlar iğtişaşlara və polislə toqquşmaya çevrilib.

Xatırladaq ki, Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Mer iyunun 27-dən bəri etirazçıların ölkə boyu 1000-dən çox mağaza və 200 ticarət mərkəzini yandırıb talan etdiyini açıqlayıb.

 

UKRAYNA ORDUSU RUSIYANIN HÜCUMLARINI DƏF EDİR

Ukrayna ordusu şərq cəbhəsində Rusiya qüvvələrinin bütün hücumlarını dəf etməkdə davam edir. Ukraynalılar Melitopol və Berdyansk istiqamətlərində uğurlu hücum əməliyyatı keçirərək yeni mövqelərdə möhkəmləniblər. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, Rusiya qüvvələrinin böyük hissəsini Liman, Baxmut, Avdiv və Marin istiqamətlərinə yönəldir. Ötən sutka ərzində cəbhənin bu ərazilərində 38 toqquşma qeydə alınıb.

Rusiya əsgərləri Liman istiqamətində Ukrayna qoşunlarını Novoyeqorivka rayonunda tutduqları mövqelərdən çıxarmağa, Avdivdə isə irəliləməyə cəhd göstəriblər. Lakin bu onların bu cəhdləri heç bir nəticə verməyib.

Bununla yanaşı, rus ordusu Kupyan istiqamətində Novoselivsk rayonunu ələ keçirmək cəhdlərini dayandırmır. Son sutka ərzində bu yöndə onların bütün hücumları Ukrayna qoşunları tərəfindən dəf edilib. Bundan əlavə, Rusiya qoşunlarının Baxmut istiqamətində Berxivka və Boqdanivkaya hücumları da nəticəsiz bitib. Marində də rusların bütün hücumlarının qarşısı alınıb.

 

“TESLA” AVTOMOBİLİ TEZLİKLƏ TAM AVTONOM İDARƏETMƏYƏ KEÇƏ BİLƏR

“Tesla” avtomobil kompaniyası özünün tam avtonom idarəetmə texnologiyasını qurmağa hazırdır, cari ildə bu sahədə xeyli irəliləyiş əldə edilə bilər. “Trend” agentliyinin verdiyi xəbərə əsasən, bunu “Tesla” şirkətinin rəhbəri İlon Mask Şanxayda süni intellekt üzrə beynəlxalq konfransında çıxışı zamanı bəyan edib.

“İnsan müdaxiləsi olmadan avtonom idarəetmənin tətbiqinə çox yaxın olduğumuzu hiss edirik. Biz artıq bunu Birləşmiş Ştatların avtomobil yollarında sınaqdan keçirmişik”, - deyə İlon Mask vurğulayıb. Onun proqnozuna görə, şirkət bu il tam avtonom idarəetmə texnologiyasına nail ola bilər.

Eyni zamanda, İlon Mask müvafiq texnologiyanın avtomobildən daha çox istifadə edilməsinə səbəb olacağı qənaətindədir. Onun sözlərinə görə, adi şərtlərdə ailə avtomobili həftədə 10-20 saat sürülür, tam avtonom rejimdə isə bu göstərici dəfələrlə artaraq 168 saata çata bilər.

İlon Mask, həmçinin kompaniyanın özünün hazırladığı avtonom idarəetmə texnologiyasını digər avtomobil istehsalçıları arasında yaymağa maraqlı olduğunu qeyd edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.