VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə  Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

10 dekabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Serbiyada işgüzar səfərdə olub.
  • Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Avropanın enerji xəritəsi dəyişir

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər. İnterkonnektor ümumi maraqların layihəsidir. Məqsəd ondan ibarətdir ki, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ildə bir milyard kubmetr qaz Bolqarıstana tədarük olunsun. Serbiya-Bolqarıstan interkonnektoru Bolqarıstandan Serbiyaya hər il 1,8 milyard kubmetr, əks istiqamətdə isə 0,15 milyard kubmetr qaz nəql etməyə imkan verəcək. Təbii qaz tədarükü marşrutlarının şaxələndirilməsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına və qaz təchizatının təhlükəsizliyinə xidmət edir. 2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. Serbiya-Bolqarıstan interkonnektorunun açılışından sonra Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 9-a çatıb.

"2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdusa, bu il bu təxminən 12 milyard kubmetrə çatacaq".  Bu fikirləri Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışında deyib.  Dövlət başçısı vurğulayıb ki, 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmi iki dəfə artmalıdır və  inamla bu hədəfə doğru gedirik.

Mövcud qaz böhranı göstərdi ki, bu cür layihələrin inkişafı bütün qitə üçün həlledici əhəmiyyət daşıyır. Belə ki, yalnız bir mənbəyə arxalanmaq tədarükün təhlükəsizliyinin təmin olunması üçün kifayət deyil. Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru Serbiyaya müxtəlif tədarükçülərdən, Cənub Qaz Dəhlizinin hissələri olan TAP və TANAP qaz kəmərləri, Yunanıstandakı mayeləşdirilmiş təbii qaz terminalı kimi mənbələrdən qaz əldə etməyə imkan verəcək.

  • Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək və geniş tərkibdə görüşləri olub.
  • "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" ilinin rəsmi bağlanış mərasimi olub.

11 dekabr

  • Prezident İlham Əliyev Gürcüstan parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
  • İran XİN Azərbaycanın və Ermənistanın girovların azad edilməsi haqqında birgə açıqlamasını alqışlayıb.
  • Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) evsahibliyi edəcəyi rəsmiləşib.

Beynəlxalq tədbirlərin dəyişməz ünvanı

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək. Hər il dünyanın müxtəlif yerindən hökumət nümayəndələrinin iqlim dəyişmələrinin və fəsadların aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar etdiyi COP-un ilk toplantısı 1995-ci ildə Berlində, sonuncu COP28 isə bu il Dubayda keçirilmişdir. Tədbirdə 100 minə yaxın nümayəndə iştirak etmişdir. Bu toplantı BMT-nin tarixinə ən genişmiqyaslı tədbir kimi həkk olundu. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatıldı. Tədbirdə ilk dəfə olaraq Prezident İlham Əliyev də iştirak etdi.

Qeyd etmək lazımdır ki, 2024-cü ildə COP29-a evsahibliyi etmək növbəsi Şərqi Avropa Regional Qrupuna düşürdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da tədbirə evsahibliyi etmək üçün namizədliklərini irəli sürmüşdülər. Lakin tarixdə ilk dəfə olaraq  dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar zamanı verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkmişdir. Bolqarıstan da bundan sonra öz namizədliyini geri götürmüş və nəticədə Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyən etmişdir.

12 dekabr

  • Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

İnkişafa, rifaha həsr edilmiş şərəfli ömür

"Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm". Bu fikirlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə məxsusdur.

Tanrı verən ömrü kimi özü, kimi doğmaları və əzizləri, kimi isə milləti, xalqı, vətəni üçün yaşayır. Amma şübhəsiz ki, hər bir millətin hamıdan fərqlənən, seçilən bir övladı, təmənnasız cəfakeşi, çıraq kimi öz içindən alışıb qaranlıq yolları aydınladan lideri olur. Heydər Əliyev də öz mənalı və zəngin ömrünü bütövlükdə xalqına həsr edib. Millətini canından artıq sevən Ulu Öndərə olan sonsuz xalq məhəbbətinin sirri də məhz elə bundadır.

Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoyan böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşdü. Onun həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil oldu. Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırdı, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirdi. Müdrik siyasətçi Azərbaycana rəhbərliyinin birinci dövründə imperiyanın təsir və təzyiqlərinə baxmayaraq, respublikamıza intibah dövrünü yaşatdı. 1969-cu ildəki tarixi nitqində prioritetləri açıqlamaqla vəzifədən sui-istifadə sayılan dövlət əmlakının dağıdılmasına, rüşvətxorluq hallarına qarşı mübarizədə heç kimə güzəşt edilməyəcəyini bildirdi. Sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı bir dövrdə rəhbərliyə gələn Heydər Əliyev, ilk növbədə, iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün, xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərən amillərin qarşısını aldı.

  • Prezident İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı paylaşım edib.

13 dekabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarına məktub ünvanlayıb.
  • Azərbaycanlı hərbi qulluqçular Hüseyn Axundov və Aqşin Bəbirov əsirlikdən azad olundular.
  • Füzuli şəhərinə daha 25 ailə - 112 nəfər köçürülüb.

14 dekabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib.
  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türk həmkarı Hakan Fidanla mətbuat konfransı keçirib.
  • Azərbaycan Ermənistanla sərhədin delimitasiyası və təhlükəsizliyi komissiyasının reqlamentini təsdiqləyib.
  • Cenevrədə "Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik" mövzusunda beynəlxalq konfrans keçirilib.
  • Laçın şəhərinə daha 20 ailə (86 nəfər) köçürülüb.

15 dekabr

  • Prezident İlham Əliyev Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb.
  • YAP İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
  • Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin investisiya nazirini qəbul edib.
  • COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

16 dekabr

  • Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.
  • Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha başsağlığı məktubu ünvanlayıb.

“Respublika”.