Surxay Noçuyev
Sosial həyat

Surxay Noçuyev

Azərbaycanın minlərlə vətənpərvər oğulları torpaqlarımızın mənfur düşməndən azad edilməsində canlarından keçərək qəhrəmanlıq, şücaət göstərərək adlarını tarixə yazdırdılar. Şanlı qələbəni bizə yaşadanlardan biri - Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Noçuyev Surxay Əbdül oğlu 1988-ci il dekabr ayının 19-u Zəngilan rayonu Məmmədbəyli kəndində anadan olmuşdur. 1995-2002-ci illərdə Bakı şəhərində Xarici Dillər Təmayüllü Gimnaziyada 8 illik, 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb, leytenant rütbəli zabit kimi hərbi fəaliyyətə başlayıb.

Fəaliyyəti müddətində Taqım komandiri, Bölük komandiri, Qərargah rəisi və 29 yaşında Tabor komandiri vəzifəsinə təyin edilib.

2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan gündən Surxay ön cəbhədə döyüşlərə qatılıb. Döyüş müddətində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa uğrunda döyüşlərə tabor komandiri kimi qatılıb. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və Şuşa şəhərində Vətən müharibəsinin sonuncu günündə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. 12 noyabr 2020-ci il tarixdə 2-ci Fəxri xiyabanda dəfn edilib. Surxay Noçuyevin cəbhəyə yollanan gün körpə Fidan doğulub. Surxaydan geriyə iki qızı balası qalıb.

Xidmət fəaliyyəti dövründə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı və bir çox Fəxri fərmanlarla təltif olunmuşdur.

Surxayın atası Əbdül kişi onun keçdiyi həyat və şərəfli döyüş yolunu xatırlayır: "Mən fəxr edirəm ki, qəhrəman atasıyam. Müharibə başlanan gün - sentyabrın 26-da zəng edib hamı ilə bir-bir danışdı, hal-əhval tutdu. Sabahı gün sübh tezdən mənə zəng edərək çox böyük sevinc hissi ilə danışdı. Dedi ki, ata, çoxdan gözlədiyimiz gün çatıb. Heç nədən narahat olmayın, özünüz görəcəksiniz, hər şey yaxşı olacaq. Döyüşün ilk günü onun ikinci övladı Fidan dünyaya gəldi. İki-üç, bəzən dörd gündən bir zəng edib bizdən hal-əhval tutar, hər şeyin yaxşı getdiyini, üstünlüyün bizim tərəfimizdə olduğunu deyərdi. Onunla danışıqdan qətiyyən müharibə getdiyini, Surxayın döyüşün ön cəbhəsində olduğunu qətiyyən hiss etməzdik. Noyabrın 1-də isə həyat yoldaşı Lalə ilə sonuncu telefon danışığı olub".

Baş gizir Zair Əliyev komandiri haqqında: "O, əsgərləri çox sevirdi, hamımız onu özümüzə qardaş hesab edirdik. Cəsur, heç nədən çəkinməyən və ürəkli bir döyüşçü idi. Noyabrın 9-da erməni quldurları ilə Laçın-Xankəndi-Şuşa yolunun kəsişməsində üz-üzə gələrkən də məhz belə mübariz keyfiyyətlər nümayiş etdirib. Həmin ağır döyüşdə düşmən atəşi onun, leytenant Elvin Məmmədzadənin və daha bir neçə igid əsgərin həyatına son qoydu".

Döyüşçü yoldaşı Kənan Babayev: "Daşaltı istiqamətindəki döyüş çox ağır idi. İtkimiz də çox oldu, yaralananlar da. Noyabrın 6-da səhər tezdən yaralandım. Snayperlə ayağımdan vurmuşdular. Həmin gün səhər 8-də mühasirəyə düşdük. 3 yaralı 14 saat mühasirədə qaldıq. Düşmən hər tərəfdən minomyotla, avtomatla atırdı. Mühasirə vaxtı hava qaralandan sonra ermənilər başımızın üstünü almışdı. Yaralı olduğumuzu bilirdilər, bizi əsir götürmək istəyirdilər. Hər tərəfdən atırdılar deyə, bizimkilər əvvəl yaxın dura bilmirdilər. Ancaq sonra görəndə ki, düşmən bizi əsir götürə bilər, artıq təhlükəyə baxmadılar, tabor komandirimiz Surxay Noçuyev, bölük komandiri Elvin Məmmədzadə, çavuş Qaraxanov, taqım komandirim Fədai Abdullayev öz həyatlarını riskə ataraq bizi xilas etməyə gəldilər. Bizi hospitala gətirdilər, sonra eşitdim ki, Surxay Noçuyev və Elvin Məmmədzadə Şuşa uğrundakı döyüşlərdə şəhid olublar".

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, həmçinin, "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Zəngilan rayonu 1 nömrəli tam orta məktəbə "Vətən Müharibəsi Qəhrəmanı" Surxay Əbdül oğlu Noçuyevin adı verilmişdir.

Müşfiq MİRZƏ,

"Respublika".