DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

SERBİYA VƏ KOSOVO ARASINDA GƏRGINLIK SƏNGIYIR

Serbiya prezidenti Aleksandar Vuçiç Kosovo ilə gərginliyə səbəb olan barrikadaların aradan qaldırılacağını açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Serbiyanın Kosovo ilə sərhədi yaxınlığındakı Raska kazarmasında kosovolu serblərlə görüşən Vuçiç görüşdən sonra açıqlama verib.

Prezident çox çətin bir görüş keçirdiklərini qeyd edərək deyib: “Kosovo serblərindən barrikadaları aradan qaldırmağı xahiş etdim. İstərdim ki, sülh və əmin-amanlıq davam etsin. Barrikadalar götürüləcək. Bu iki saatlıq iş deyil, bəlkə 24, bəlkə 48 saat davam edəcək, amma barrikadalar aradan qaldırılacaq”.

Eyni zamanda, verilən xəbərə görə, Kosovo ilə Serbiya arasında gərginliyə səbəb olan keçmiş serb polis Deyan Pantiçin saxlanmasının ev dustaqlığına çevrilməsindən sonra Avropa İttifaqı  və ABŞ birgə bəyanatla çıxış edib. Serbiyanın Kosovodakı hökumət ofisinin rəhbəri Petar Petkoviç Aİ və ABŞ-ın bəyanatından sonra Vuçiçlə görüşərək, Kosovo serblərinin tələblərinin yerinə yetirilməsi üçün Aİ və ABŞ-dan zəmanət aldıqlarını açıqlayıb.

 

QIRĞIZISTAN VƏ ÖZBƏKİSTAN SƏRHƏD MƏSƏLƏSİNƏ SON QOYDU

Qırğızıstan və Özbəkistan dövlət sərhədinin müəyyənləşdirilməsi üzrə prosedurları başa çatdırıb. "Sputnik" informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov məlumat verib.

Prezident sərhəd mübahisələrinin həlli çərçivəsində Kempir-Abad su anbarının Özbəkistan tərəfinə verilməsinə görə payızda keçirilən etiraz aksiyalarına da toxunub: “Bu məsələdən istifadə edərək öz şəxsi maraqlarını reallaşdırmağa çalışan qruplar meydana çıxdı. Lakin onların son məqsədi həyata keçmədi. Çünki insanlar problemin necə həll olunduğunu tam başa düşdülər. 70 ilə yaxındır ki, Kempir-Abad qonşu Özbəkistan tərəfindən idarə olunurdu, indi biz bunu birlikdə edəcəyik”.

Eyni zamanda Sadır Japarov qeyd edib ki, Özbəkistanla imzalanan müqavilədə Qırğızıstan kəndlərinə suyun verilməsi zərurəti ilə bağlı qayda nəzərdə tutulub.

 

ÇİNDƏN MİLANA GƏLƏN SƏRNIŞINLƏRIN “COVID-19” TESTİ MÜSBƏT ÇIXIB

Çindən Milana gələn iki reysdə sərnişinlərin, demək olar ki, yarısında “COVID-19” testi müsbət çıxıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə İtaliya Səhiyyə Nazirliyi məlumat yayıb.

İtaliya hökuməti Çində koronavirusla bağlı ağır vəziyyəti nəzərə alaraq, bu ölkədən gələn bütün sərnişinlər üçün koronavirus testini məcburi şərt edib. Pekin və Şanxaydan gələn ilk iki reysin sərnişinlərinin testləri, demək olar, hər ikinci turistin “COVID-19”a yoluxduğunu göstərib.

Məlumata əsasən, ilk reysdə 92 sərnişindən 35-nin (38 faiz) testi müsbət çıxıb, ikinci reysdə isə 120 nəfərdən 62-nin (52 faiz) testi müsbət nəticələnib. Hazırda ekspertlər aşkarlanmış virusun ştamını müəyyənləşdirirlər.

İtaliya ilə yanaşı, Yaponiya, Hindistan, Tayvan, ABŞ və Malayziya da son günlər Çindən gələn turistlərin ölkəyə girişinə müəyyən məhdudiyyətlər tətbiq edib.

 

ABŞ-DA ÇOVĞUN ZAMANI ÖLƏNLƏRİN SAYI 65 NƏFƏRƏ ÇATIB

ABŞ-da davam edən kəskin hava səbəbindən həyatını itirənlərin sayı 65 nəfərə çatıb. Bu barədə “Report” agentliyi məlumat yayıb. Bildirilir ki, Buffalo şəhərində şəxsi avtomobilində kömək gözləyən qadın donaraq ölüb. Qohumları “CNN” telekanalına bildiriblər ki, iş üçün Şimali Karolinadan Buffaloya köçən 22 yaşlı Annendel Teylor həftəsonu evə gedərkən avtomobilində donub.

Verilən xəbərə görə, ABŞ-da qar fırtınası və şaxtalı hava səbəbindən həyatını itirənlərin yarıdan çoxu Nyu-York sakinləridir. Fırtınanın ən çox təsir götərdiyi Kanada ilə sərhəddəki Buffalo şəhərində 34 nəfərin həyatını itirdiyi qeyd olunur.

Bununla yanaşı, Milli Qvardiyanın hərbçiləri evsiz və yaşlı insanların vəziyyətini yoxlamaq üçün qapı-qapı gəzir.

 

UKRAYNA PREZIDENTI ƏRDOĞANA VƏ QUTERREŞƏ TƏŞƏKKÜR EDİB

Ukrayna prezidenti Volodimir Zelenski BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin dəstəyi ilə yaradılan Qara dəniz taxıl təşəbbüsünə verdikləri töhfəyə görə təşəkkür edib. Bu barədə “Report” agentliyi Türkiyə mətbuatına istinadən xəbər verib.

Volodimir Zelenski qeyd edib ki, taxıl təşəbbüsü sayəsində Ukrayna limanlarından 15 milyon tondan çox taxıl məhsulları ixrac edilib.

Eyni zamanda, dövlət başçısı kənd təsərrüfatı məhsullarının ehtiyacı olan ölkələrə çatdırılması üçün “Ukraynadan taxıl” təşəbbüsü də başladıqlarını bildirib. Onun sözlərinə görə, Türkiyə ilə birlikdə 30-a yaxın ölkə bu təşəbbüsü dəstəkləyir.

Ukraynada törədilən hərbi cinayətlərə diqqət çəkən Volodimir Zelenski, təqsiri olan hər kəsin mühakimə olunması üçün beynəlxalq məhkəmə sisteminin yaradılmasının vacibliyini bildirərək, bu istiqamətdə lazımi işlərə başladıqlarını vurğulayıb.

 

İTALİYA PARLAMENTİ 35 MİLYARD AVROLUQ BÜDCƏNİ TƏSDİQLƏYİB

İtaliya parlamentinin yuxarı palatası büdcə məsələsində hökumətə etimad göstərib. ”Trend” agentliyinin məlumatına görə, senatorların 107-si bunun lehinə, 69-u əleyhinə səs verib, 1 nəfər isə bitərəf qalıb.

Beləliklə, İtaliyada növbəti il üçün 35 milyard avroluq büdcə rəsmi olaraq təsdiq edilib ki, bunun da 20 milyard avrodan çoxu enerji qiymətlərinin artması fonunda əhaliyə və biznesə dəstək tədbirlərinə yönəldiləcək.

İtaliyanın iqtisadiyyat və maliyyə naziri Cankarlo Corcetti büdcə ilə bağlı məsələyə münasibətində deyib: “Mən bunu yerinə yetirilmiş missiya hesab edirəm. Qısa müddətdə tərtib edilmiş büdcə seçicilər qarşısında götürülən öhdəliklərə uyğundur. Birincisi, o, bazarların və Avropa institutlarının etimadını qazandı, indi isə ən əsası parlamentin”.

Qeyd edək ki, büdcə layihəsinin gec işlənib hazırlanması müxalifət tərəfindən sərt tənqid olunurdu. Layihə baş nazir Corcia Meloninin vəzifəyə gəlməsindən bir ay sonra - noyabrda təqdim edilib. Hökumət sənədi rekord müddətdə işləyib hazırlayıb. Bu il İtaliyada ilk dəfə parlament seçkiləri əsas maliyyə sənədinin qəbulu ərəfəsində - payızda keçirilib.

 

İRAN SILAHLI QÜVVƏLƏRI HIND OKEANINDA HƏRBI TƏLİMLƏRƏ BAŞLAYIR

İran Hind okeanının şimal hissəsində hərbi təlimlərə başlayır. “Report”un "Mehr" agentliyinə istinadən  verdiyi xəbərə görə, bu bəyanatla İran admiralı Həbibullah Siyari çıxış edib.

Hörmüz boğazının şərq hissəsində, Hind okeanının şimal hissəsində və şimal enliyinin 10-cu paralelinə qədər keçiriləcək “Zülfikar 1401” təlimi dekabrın 29-da gecə saatlarında start götürür.

Məlumata əsasən, təlimlərdə dəniz qüvvələri ilə yanaşı, quru qoşunlarının müxtəlif hissələri, hava hücumundan müdafiə sistemləri və strateji bombardmançı təyyarələr iştirak edəcək.

Həbibullah Siyari təlimin məqsədinin İran Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin birgə əməliyyatlarının planlaşdırılması olduğunu diqqətə çatdırıb.

Məlumat üçün qeyd edək ki, İran bundan əvvəlki dəniz təlimlərini oktyabrın 12-də Omanla birgə keçirib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.