SOSİAL-İQTİSADİ SİYASƏTİN MƏRKƏZİNDƏ VƏTƏNDAŞ RİFAHI DAYANIR
İQTİSADİYYAT

SOSİAL-İQTİSADİ SİYASƏTİN MƏRKƏZİNDƏ VƏTƏNDAŞ RİFAHI DAYANIR

Bu gün Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələri sürətlə inkişaf edir. Uğurla aparılan sosial-iqtisadi islahatların, Dövlət proqramlarının, ölkə başçısının Fərman və sərəncamların icrasının nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda olan dövlətlərindən biri kimi tanınır. Belə ki, dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur.

Əməkhaqları, pensiya, təqaüd və müavinətlərin, digər sosial ödənişlərin ardıcıl olaraq və dəfələrlə artımı təmin edilib. Prezident İlham Əliyevin təsdiq etdiyi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" yeni Qanun da pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən növbəti addımdır. Yeni Qanun pensiyaların indeksləşdirilərək artırılmasında cari ilin əvvəlindən bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidinin təmin edilməsini nəzərdə tutur.

Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Sərəncama əsasən 2023-cü il yanvarın 1-dən minimum aylıq əməkhaqqı 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Ümumilikdə, minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfərə şamil olunacaq.

Beləliklə, 2023-cü ildə minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək. Qeyd edək ki, son dörd ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artıırılaraq 110 manatdan 280 manata çatdırılıb.

Ümumilikdə, bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1 milyon 900 min vətəndaşı əhatə edəcək.

Onu da qeyd edək ki, ölkəmizdə iqtisadi tərəqqi, sahibkarlığın inkişafı, qeyri-neft sektorunun genişlənməsi, yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi, sosial müdafiə və aktiv məşğulluq proqramlarının geniş vüsət alması, sosial ödənişlərin davamlı artımı əhali gəlirlərinin də ildən-ilə çoxalması, işsizlik və yoxsulluğun kəskin şəkildə azalması ilə nəticələnib.

Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə sosial-iqtisadi inkişafa dair təsdiqlənmiş Azərbaycan 2030 - Milli Prioritetlərə əsasən, postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan 2021-2030-cu illəri əhatə edən strateji mərhələdə davamlı və yüksək iqtisadi artımın dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməsi əsas məqsədlərdən biri olacaq. İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət bu mərhələnin səciyyəvi inkişaf istiqaməti kimi müəyyən olunub. Eyni zamanda iqtisadi inkişafla paralel vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılması, əməkhaqqı artımının əmək məhsuldarlığının artımı ilə uzlaşdırılması Milli Prioritetlərin əsas hədəflərindəndir. Eləcə də bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunması bu hədəflər sırasındadır.

Sosial reabilitasiya infrastrukturunun inkişafı və genişləndirilməsi ötən dövrdə aparılan islahatların əsas məqsədlərindən biri olub. Növbəti onillikdə də bu infrastrukturun əlçatan olması, habelə əlilliyi olan şəxslərin məşğulluğuna dəstək proqramlarının genişləndirilməsi üçün mühüm addımlar atılır. Həssas əhali qruplarının maraq və mənafelərinə cavab verən sosial xidmətlər sisteminin təmin olunması işləri də davam edir.

Ötən dövrdə məşğulluqda özəl sektorun payının artması aparılan sosial-iqtisadi siyasətin əsas istiqaməti olub. 2030-cu ilə qədər məşğulluqda özəl sektorun payının artması üçün zəruri stimullar yaradılması, muzdla işləyənlərin sayında özəl sektor üzrə işəgötürənlərin payının üstünlük təşkil etməsi, qeyri-formal məşğulluğun qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməsi təmin olunacaq.

Göründüyü kimi, dövlətin həyata keçirdiyi iqtisadi inkişaf tədbirləri sistemli hal alır. Bütün bunlar həm də təsdiq edir ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində iqtisadi inkişaf və insan amili durur. İnanırıq ki, sosial-iqtisadi inkişafa dair Azərbaycan 2030 - Milli Prioritetlər qarşıdakı illər ərzində sosial ədalətə əsaslanan idarəetmənin formalaşdırılması ilə iqtisadiyyatın hərtərəfli və dayanıqlı inkişafını stimullaşdıracaq, vətəndaşların sosial rifahını daha da yaxşılaşdıracaq.

 Nurəngiz ADİLQIZI,

 "Respublika".