Bölgə xəbərləri
Region

Bölgə xəbərləri

Ağcabədi

Sarıcalı kəndində görüş

Qarabağ iqtisadi rayonuna daxil olan,  əməksevər və yurda bağlı insanların yaşadığı Ağcabədi son illər inkişafın,  tərəqqinin ünvanına çevrilib.  Rayonda bərpa,  yeni tikililər,  bir sözlə,  abadlıq-quruculuq işləri geniş miqyas alıb.  Təbii ki,  dövlət qayğısı ağcabədililərin həyatında daha aydın görünür.  Rayon icra hakimiyyətinin başçısı və digər qurumların rəhbərləri əhali ilə tez-tez görüşlər keçirir,  onları narahat edən problemlər aradan qaldırılır,  şəhid və qazi ailələrinə davamlı diqqət və qayğı göstərilir.  Növbəti belə görüş rayonun Sarıcalı kəndində keçirilib.  Görüşdə hüquq-mühafizə orqanlarının,   səhiyyə,   təhsil,   mədəniyyət,   xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.  

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki,   Azərbaycan öz inkişafının yeni bir mərhələsinə qədəm qoyub,   keçən illərdə qazanılan uğurlardan,   işğaldan azad edilmiş torpaqlarımızda gedən quruculuq işlərindən ətraflı söz açıb,  Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəyə diqqət çəkib,   burada toxunulan vacib məqamlardan danışıb.  

Görüşdə icra başçısı 2022-ci ildə rayonda görülən işlər,   əldə edilən nailiyyətlər haqqında məlumat verərək diqqətə çatdırıb ki, ötən il Sarıcalı kəndində keçirilən görüş zamanı sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər həll olunub.   Kəndin qazlaşdırılması,   buraya asfalt yolun çəkilməsi  regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulub.   Kənd sakinləri Ədalət Əsgərov,   Şəhriyar Zülfəliyev,   Nizami Baxışov, Ağasif Cəfərov, Kazım Mehdiyev, Salatın Əzizova və digərlərinin müraciətləri əsasən işlə təmin olunma,   artezian quyularının bərpası,   kəndin qazlaşdırılması,   ünvanlı sosial yardımın təyin edilməsi  ilə bağlı olub.   Kənd sakinləri möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti müdafiə etdiklərini bildirərək əldə edilən nailiyyətlərə görə dövlətimizin başçısına minnətdarlıq hislərini ifadə edib,   yerlərdə vətəndaşlarla keçirilən görüşləri diqqət və qayğının göstəricisi olduğunu vurğulayıblar.  

                                                   Salman ALIOĞLU,  

                                                     “Respublika”.  

Qəbələ

Dəyirmi masa keçirilib

Qəbələ Rayon Heydər Əliyev Mərkəzində 2023-cü ilin ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev ili” elan edilməsi çərçivəsində 1990-cı ilin 20 Yanvar faciəsinə həsr olunmuş "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər  Əliyevin rolu " adlı  dəyirmi masa keçirilib.  Rayon  Heydər Əliyev Mərkəzinin  baş fond mühafizi Kəmalə Qasımova tədbiri açaraq,  Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990 -cı il 20 Yanvar hadisələrinin səbəbləri və tarixi barədə geniş məlumat vermişdir.  Həmçinin,  qətliamdan bir gün sonra,  yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın rəhbərliyinin yarıtmaz fəaliyyətini kəskin ittiham edən bəyanat verdiyini,  vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini qeyd etmişdir.  Digər  çıxış edənlər  20 Yanvar hadisələrinin Azərbaycan tarixində əhəmiyyəti və sonrakı hadisələrə təsirindən bəhs etmişlər.  Sonda ulu öndərin 20 Yanvar hadisələri barədə fikirləri səsləndirilmiş videoçarx izlənilmişdir.

M. QULUYEV,
“Respublika”.

 

Unudulmaz tarixi həqiqət

Bu günlərdə Hacıqabul rayonunda “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.  

Dəyirmi masanı giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov 20 Yanvar faciəsinin  xalqımızın qəhrəmanlıq tarixində  mühüm rol oynadığını bildirdi,  bu faciəli hadisələrə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verildiyini qeyd etdi.  Rayon icra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova çıxış edərək 20 Yanvar şəhidlərinin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulduğunu,  20 yanvar faciəsi zamanı  şəhid olmuş şəxslərin ailə üzvlərinin,   eləcə də əlil olmuş şəxslərin sosial problemlərinin dövlət tərəfindən diqqətlə araşdırılıb onlara qayğı göstərildiyini vurğuladı.  Rayon icra hakimiyyətinin baş məsləhətçisi Natiq Mustafayev 33 il əvvəl baş vermiş faciəli hadisələr barədə geniş  məlumat verərək zaman-zaman xalqımızın azadlıq uğrunda mübarizədə faciələrlə qarşılaşdığını qeyd etdi.  Bütün bunlara baxmayaraq,  2020-ci  ildə baş vermiş Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik bacarığı sayəsində xalqımızın düşmən üzərində qazanılmış zəfərin sevincini yaşadığını,  dövlətimizin ərazi bütövlüyünü təmin etdiyini bildirdi.

Ümummilli liderin 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymət verməsi böyük tarixi hadisə olaraq xalqımızın qan yaddaşında əbədi yer tutur.

Tofiq HÜSEYN,

“Respublika”.

 

Cəbrayıl: əhali bərpa-quruculuq işlərinə cəlb olunur

İşğaldan azad olunmuş Cəbrayıl rayonunda geniş abadlıq-quruculuq işləri aparılır. Rayon sakinləri görülən işlərdə iştirak etmək arzusundadırlar. Bu məqsədlə rayonda əmək yarmarkası keçirilmişdir. Yarmarka Cəbrayıl Rayon İcra Hakimiyyətinin,  “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa,  Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin və Şirvan-Salyan Regional Məşğulluq filialının birgə iştirakı ilə təşkil olunmuşdu. Əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Cəbrayıl,  Qubadlı və Zəngilan rayonlarına əhalinin qayıdışı ilə əlaqədar həyata keçirilən bərpa-quruculuq işlərinə rayon əhalisinin cəlb olunmasıdır.  

    4 saylı Cəbrayıl qəsəbəsində baş tutan əmək yarmarkasında 240 nəfərə yaxın müxtəlif ixtisas və peşəyə yiyələnmiş Cəbrayıl rayon sakini qeydiyyatdan keçib.  Qeydiyyatdan keçən rayon sakinləri Cəbrayıl rayonunun ərazisində inşa olunan məktəb, xəstəxana və digər tikinti sahələrində çalışmaq arzusunda olduqlarını bildiriblər.

Tofiq HÜSEYN,

“Respublika”.

 

GƏNCƏ

 CAVAD XANIN XATİRƏSİ YAD EDİLİB

Gəncədə Qacarlar nəslindən olan görkəmli Azərbaycan sərkərdəsi,  dövlət xadimi,  Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi böyük ehtiramla yad edilib.  Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,  “Cavad xan” Tarix və Mədəniyyət Fondunun rəhbərliyi,  Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları,  idarə,  müəssisə,  təşkilat rəhbərləri,  ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.

Mərasimdə Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsi ziyarət olunub,  məzarına tər çiçəklər düzülüb,  ruhuna dualar oxunub.

Cavad xanın Azərbaycanın,  xüsusilə də Gəncənin tarixindəki xidmətlərindən,  azadlıq uğrunda apardığı qəhrəmanlıq mübarizəsindən geniş danışılıb.  Bildirilib ki,  219 il əvvəl -- 1804-cü ilin yanvar ayında Gəncəyə hücum zamanı Cavad xan,  oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini çar Rusiyasının işğalçı ordusu ilə son nəfəslərinədək vuruşaraq,  Gəncə qalası üzərində şəhidlik zirvəsinə ucalıblar. Bütün tarixi mənbələrdə Gəncənin işğal günü və Cavad xanın şəhid olması Yulian Təqvimi ilə yanvarın 3-ü göstərildiyi üçün müasir mənbələrin çoxunda da düzəliş verilmədən,  mexaniki olaraq həmin tarix göstərilib.  Ancaq  köhnə rus tarixi mənbələrində 3 yanvar günü o vaxt istifadə olunan Yulian təqvimi ilə göstərilib,  bu da,  1918-ci ildən istifadə etdiyimiz Qriqori təqvimi ilə yanvarın 15-nə təsadüf edir.

Qeyd edək ki,  Gəncədəki Cavad xanın türbəsi 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub.

Zabit XƏLİLOV,

“Respublika”.

 

Şüşün kəndində problemlər həllini tapır

  Şüşün kəndi Şirvan düzündə,  Kür sahilində, mənzərəli ərazidə yerləşir. Köhünlü İnzibati Ərazi Vahidliyinə daxil olan kəndin maraqlı tarixi var. Kür çayında daşqınlar zamanı ətrafı basan lil sular burada qalın meşəlik yaratmış, meşədə qovaq, söyüd, digər ağaclar çoxluq təşkil etmişdir. Yerli əhalinin dediyinə görə,  ağaclar “şüş”, yəni düz olduğundan kəndin adı da “Şüşün” adlandırılmışdır.

 1300 nəfərə yaxın əhalisi olan Şüşündə kənd camaatı heyvandarlıq və əkinçiliklə məşğul olur. Otlaq yeri, yem, digər məsələlərdə çətinliklər olmasa da kəndə verilən elektrik enerjisi uzun illər problem olaraq narahatlıq yaradırdı. Bu günlərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov və Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Zülfi Ağayev Şüşün kəndində olmuş, kənddə yeni tikiləcək yarımstansiyasının ərazisinə baxış keçirmişlər. Yarımstansiyanın yaxın günlərdə tikintisinə başlanılacaqdır. Kənd sakinləri problemin həlli istiqamətində həyata keçirilən tədbirdən razı qaldıqlarını bildirirlər.

Tofiq HÜSEYN,

“Respublika”.