Faciə qurbanlarının xatirəsi anılıb
Region

Faciə qurbanlarının xatirəsi anılıb

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Soyqırımı abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbirdə qeyd edilib ki, XX əsrdə azərbaycanlılara qarşı törədilən bir neçə kütləvi qırğın nəticəsində minlərlə soydaşımız qətlə yetirilib, doğma torpaqlarından didərgin düşüblər. 1918-ci ildə erməni-daşnak qüvvələri tərəfindən ölkəmizin bir çox bölgələrindəki kimi həyata keçirdikləri qanlı hadisələr zamanı Şamaxının 58 kəndində 8027 nəfər (4190 nəfəri kişi, 2560 nəfər qadın, 1277 nəfər uşaq) dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib. Şamaxı şəhərində 13 məscid, o cümlədən Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi yandırılıb.

1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilərək 31 Mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib.

M.NƏRİMANOĞLU,

"Respublika".