Sağlam həyat
Maraqlı

Sağlam həyat

Yeməkdən sonra əsla bunu etməyin!

Adətən bəzi insanlar yemək yedikdən dərhal sonra soyuq su içirlər. Amma  bəzi qida mütəxəssislərinin fikrincə, bu vərdiş sağlamlığa mənfi təsir göstərə bilər. Alimlər bunun təhlükəli olduğunu söyləməsələr də, narahatlığa və hətta ağrıya səbəb ola biləcəyini deyirlər.

Mütəxəssislərin fikrincə, yeməkdən dərhal sonra soyuq su içmək qidaların konsistensiyasını dəyişərək onların həzm olunmasını çətinləşdirir. Məsələn, yağlı qidalar soyuq su ilə birləşdikdə bərkidiyi üçün çətin  həzm edilir. Bəzi qidalar isə su ilə istehlak edildikdə mədədə şişdiyi üçün köp əmələ gətirərək qarın ağrısına, uzun müddət davam edən həzmsizliyə və mədədə  yanmaya səbəb ola bilər.    Soyuq su qəbulunun, eyni zamanda, həssas dişlərə sahib, miqrenləri və ya şiddətli baş ağrıları olan insanlara da təsiretmə ehtimalı yüksəkdir. 

Mütəxəssislərdən bəziləri  isə yeməkdən əvvəl və sonra su içməyin faydalı olduğunu söyləyirlər. Onların fikrincə, yemək zamanı su içmək böyrəklərin fəaliyyətini aktivləşdirir. Yeməkdən əvvəl  su qəbulu isə toxluq hissi verərək daha az yeməyə səbəb olur. Həzm problemlərinin qarşısını almaq üçün isə mütəxəssislər soyuq su əvəzinə otaq temperaturunda su içməyi məsləhət görürlər.

İnformasiyanı posta.com.tr veb saytı yayıb.

 

Bu əməliyyat beyni cavan saxlayırmış...

Uzun müddət davam edən araşdırma nəticəsində katarakta əməliyyatı etdirən insanların idrak qabiliyyətinin digərlərinə nisbətən daha yüksək səviyyədə olduğu ortaya çıxıb.

Hər bir insanın gözündə anadangəlmə bir lens mövcuddur ki,  40 yaşından sonra o, öz  funksiyasını itirməyə başlayır. Bu isə yaş faktoru, katarakta, hər hansı bir xəstəlik və ya anadangəlmə problemlə əlaqələndirilir. 13 illik araşdırmadan sonra məlum olub ki,  katarakta əməliyyatı olunanların  idrak qabiliyyəti digərlərinə nisbətən 50 faiz daha yüksəkdir.

Adətən 60 yaşdan yuxarı insanlarda müşahidə olunan katarakta xəstəliyi  şəffaf göz içi lensinin zamanla dumanlanmasına səbəb olur ki, bu da  işığın gözlərə daxil olmasına mane olur və  görmə qabiliyyətini zəiflədir. Əgər katarakta erkən müalicə edilərsə, gözə daxil olan işığın keyfiyyətinin artmasına və  torlu qişa zülallarının fəaliyyətinə müsbət təsir etməklə beynin daha yaxşı çalışmasına səbəb olar. Bu səbəbdən də mütəmadi olaraq tərkibində Omeqa 3 turşuları  və  A vitamini olan qidaların istehlakı tövsiyə olunur.

 

Qlütenə qarşı həssaslıq ürək xəstəliyinə yol açır

İngiltərənin Oksford Universitetinin alimləri tərəfindən aparılan araşdırma zamanı çölyak xəstəliyindən əziyyət çəkən insanlarda ürək problemləri riskinin daha yüksək olduğu müəyyən edilib.

Böyük Britaniyada təxminən hər 100 nəfərdən birində müşahidə olunan çölyak xəstəliyi orqanizmin çörəyin tərkibində olan zərərli bir zülal növünə,  qlütenə qarşı  həddindən artıq reaksiyasına səbəb olur ki, bu da  ishal, qarın ağrısı, şişkinlik və bağırsaqlarda zədələnməyə yol açır. "Daily Mail"in  xəbərinə görə, 4 illik araşdırma zamanı 40-69 yaş arası təxminən 470 min britaniyalının sağlamlıq nəticələri  təhlil edilib. Nəticədə  hər il 1000 nəfər  çölyak xəstəsinin doqquzunda ürək xəstəliyi və infarkt kimi ürək-damar problemlərinin meydana gəldiyi ortaya çıxıb. 

 Autoimmun xəstəliklərdən biri olan  çölyak xəstəliyinin  yaranmasında iştirak edən əsas faktor qlütendir. Tərkibində qlüten olan buğda, çovdar və arpa kimi dənli bitkilərin qəbulu nazik bağırsağın iltihabına səbəb olur.

Qlütenin, hətta kiçik miqdarı belə, simptomların yaranmasına səbəb ola bilər. Əgər şəxs qlüteni qida rasionundan çıxarmazsa, bağırsaq xovları hamarlaşar, hətta yox olar və beləliklə, nazik bağırsağın selikli qişasından qida maddələrinin sorulması prosesi pozularaq orqanizmdə qida çatışmazlığının yaranmasına səbəb ola bilər.

Elm adamları iltihabdan qaynaqlanan revmatoid artrit və lupus (qırmızı qurd eşənəyi) kimi bir sıra  autoimmun xəstəliklərin infarkta yol açması səbəbindən bütün bunların kökündə immun sistemindəki hansısa problemin durduğundan şübhələnirlər. Bu səbəbdən tədqiqatçılar daha çox araşdırmaya ehtiyac olduğunu söyləyirlər.

 

Əl və ayaqlardakı şişkinlik hansı xəstəliklərin xəbərçisidir?

Bəzi insanlar gün ərzində uzun müddət ayaq üstə durmasalar da əl və ayaqlarındakı şişkinlikdən şikayətlənirlər. Gündəlik həyat keyfiyyətinə təsir edən bu problem normal hesab olunmur və vaxtında həkim müayinəsindən keçmək tövsiyə edilir. Çünki əl və ayaq şişmələri bir çox xəstəliklərin xəbərçisi ola bilər.

 Əllərdə şişməyə səbəb olan əsas amillərdən biri  qaraciyər xəstəlikləridir. Gün ərzində uzun müddət ayaqda qalan insanlarda bu durumla bağlı olaraq şiş əmələ gələ bilər. Şiş orqanizmdə duz istifadəsinin artması ilə bağlı su yığılmasıdır. Bu vəziyyətin qarşısını almaq üçün duz istifadəsi azaldılmalıdır.

Əl və ayaq şişməsi həmçinin hamiləlikdən dolayı, yüksək təzyiq, artrit xəstəliyi və burxulma kimi hallar zamanı da yaşana bilər. Burxulma nəticəsində ayaq şişməsi zamanı oynaq yerlərindəki toxumalar zədələnir və ətrafına toxumalararası maye toplamağa başlayır, nəticədə isə ayaq şişməsi meydana gəlir. Bunun qarşısını almağın ən yaxşı yolu şişin üstünə soyuq su, buz qoymaqdır.

Yüksək təzyiq: yüksək təzyiq əslində, böyrək xəstəliyindən xəbər verə bilər. Dolayısı ilə yüksək təzyiq bədəndə yığılan mayenin sidik yolu ilə xaric oluna bilməməsinə və ən sonda da ayaqlara vuraraq şişkinliyə səbəb olar. Son zamanlar meydana gələn ayaq şişmələri ürək xəstəlikləri ilə də əlaqələndirilir. Bu baxımdan kardioloqa görünməkdə fayda var.

Artrit zamanı ayaq şişməsi: artrit oynaq iltihablanması deməkdir. Oynaq iltihablanması ayaqlarda şişkinliyə səbəb olur. Xüsusilə ayağın yerə basılması ilə artan ani və iti ağrılarla özünü göstərir. Ayaqların şişməsi ayaq damarlarındakı tıxanmalara və sərtləşməyə də işarə edə bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".