Sağlam həyat
Maraqlı

Sağlam həyat

Vücudunuzun "bioloJi saat"ı qaydasındadırmı?

Son bir neçə il ərzində bağırsaq mikroflorasına kömək edən faydalı bakteriyalardan olan prebiotiklər istehlakçıların sağlamlığına və ümumi rifahına müsbət təsir etməklə populyarlığını artırmaqda davam edir. Bu yaxınlarda amerikalı alimlər prebiotik tərkibli qidaların bioloji bədən saatımıza təsir etməklə, yuxu sistemindəki pozğunluqların aradan qaldırılmasına kömək edə biləcəyini ortaya çıxarıblar.

Colorado Boulder Universitetinin alimləri yuxu dövründə "sirkadiya saat"ı (bioloji saat) və ya bioloji ritmin pozulmasının, hormonların sərbəst buraxılması, qida qəbulu kimi bədən istiliyinə təsir göstərən ən vacib dövrlərdən biri olmaqla əhvali-ruhiyyəyə, maddələr mübadiləsinə də mənfi təsir göstərə biləcəyini söyləyiblər.

"Brain, Behavior and İmmunity" jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, demək olar ki, prebiotiklər yalnız bağırsaqlara deyil, həm də beyinə təsir edir. Elm adamları bu nəticəyə siçovullar üzərində apardıqları sınaqlardan sonra gəliblər. Belə ki, 8 həftə ərzində gəmiricilərin orqanizminə  ənginar, kələm, sarımsaq, soğan, lobya kimi tərkibi prebiotiklərlə zəngin lifli qidalar infuziya olunub. Sınaq müddəti bitdikdən sonra bəlli olub ki, heyvanlarda daha yaxşı bağırsaq bakteriyalarının yaranmasına səbəb olan prebiotiklər bioloji saatın vaxtında işləməsi ilə yuxu sistemindəki pozğunluqları da aradan qaldırıb.

"Prebiotiklərlə bağlı araşdırmamız yuxu sistemi də başda olmaqla, bioloji ritmin pozulmasına təsir edən spesifik bakterial dəyişikliklərlə əlaqələndirilən ilk tədqiqatlardan biridir", - deyə tədqiqat rəhbəri Robert Tompson qeyd edib.

 

Bu dənli bitki şəkərli diabetin çarəsi imiş

Keçmişdə "qızıl dən" adlandırılan, tərkibi mineral və vitaminlərlə zəngin olan taxıl bitkisi darı təəssüf ki, bu gün milli mətbəximizdə demək olar heç istifadə olunmur. Bu dəyərli bitkini biz daha çox "quş yemi" kimi istifadə etsək də, dünya xalqlarının mətbəxində buğda və düyüdən sonra üçüncü yerdə durur. Darının orqanizm üçün faydası barədə yeni informasiyanı əldə etdikdən  sonra hər kəs olmasa da ən azından şəkərli diabet xəstələri bu dəyərli bitkidən yəqin ki, daha çox istifadə etməyə başlayacaqlar. Belə ki, ingiltərəli alimlərin yeni araşdırmalarına görə, darı şəkərli diabetdən əziyyət çəkənlərdə qan şəkəri səviyyəsini tənzimləməklə bu xəstəliyin inkişaf riskini azalda bilər.

Reading Universitetinin alimlərinin "Frontiers in Nutrition" jurnalında dərc olunan araşdırmalarında gündəlik darı istehlakının qanda qlükoza səviyyəsini 12-15 faiz azaltmasından bəhs olunub. Tədqiqat nəticəsində məlum olub ki, darının qlisemik indeksi (qan şəkəri dəyəri) düyü və buğdaya nisbətən 30, qarğıdalıdan isə 37 faiz aşağıdır. Elm adamları bu dənli bitkini diabet üçün tövsiyə olunan pəhrizə əlavə edilməsini məsləhət görürlər.

"Darının şəkər xəstəliyinə təsiri ilə əlaqədar bir sıra tədqiqatların aparıldığını və nəticələrin mübahisəyə səbəb olduğunu heç kim bilmirdi. Lakin araşdırmaların sistematik təhlili ilə bu bitkinin qan qlükoza səviyyəsini nəzarətdə saxlaya biləcəyi və xəstəliklə bağlı riski azaltması  sübut edildi. Ümidvarıq ki, tapıntılarımızla bağlı məlumatlar bütün dünyada yayılmağa başlayacaq və gələcəkdə şəkərli diabetin müalicəsinə perspektivli yollar açacaq", - deyə araşdırmanın aparıcı müəllifi dr. S.Anitha qeyd edib.

 

COVID-19 beyinin kiçilməsinə səbəb olur?

Dünyanı cənginə alan, kütləvi şəkildə insan tələfatına səbəb olan COVID-19 pandemiyası ilə bağlı elm adamları və həkimlər tərəfindən aparılan araşdırmaların sayı günbəgün artmaqdadır. Koronavirusun orqanizmə, xüsusən də ağciyərlərimizə müxtəlif yollarla vurduğu zərər elmi araşdırmalarla artıq sübut olunmuşdur. Bu dəfə də almaniyalı tədqiqatçılar koronavirusla bağlı yeni bir diqqətçəkici araşdırma aparıblar. Elm adamlarının araşdırmalarına görə, virus yüngül də olsa, beyində kiçilməyə səbəb olurmuş.

Tədqiqatçılar virusa yoluxmuş xəstələrin MRT görüntülərinin nəticələrini təhlil edərkən onların beynində kiçilməni müəyyən ediblər. Tədqiqat zamanı şəxslərin yaşı, cinsi və sağlamlıqla əlaqəli məlumatları da nəzərə alınıb.

Beyindəki məlumatları emal edən neyronlardan ibarət boz maddə adlanan toxumada virusa yoluxanlarla yoluxmayanlar arasında nəzərəçarpacaq dərəcədə fərqlər müşahidə olunub. Frontal və temporal loblar olaraq bilinən beyinin bölgələrində boz maddə toxumasının qalınlığı virusa yoluxanlarda daha incə olub. Yaşlandıqca beyində boz maddənin həcminin dəyişməsi normal olsa da, mütəxəssislərin fikrincə, bu dəyişikliklər virusa yoluxmuş insanlarda normadan daha yüksəkdir.

Tədqiqatla bağlı ətraflı məlumat "MediRxiv" veb saytında yayılıb.

 

Qan təzyiqini azaltmağın yeni üsulu

Ohayo Dövlət Universitetinin tədqiqatçıları qan təzyiqi yüksək olan insanlarda insult, infarkta səbəb olan ölüm riskini azaltmağın sadə bir yolunu tapıblar. Belə ki, alimlər əksər hallarda adıçəkilən xəstəliklərin əsas səbəblərindən biri kimi gündəlik yeməklərimizdə istifadə etdiyimiz süfrə duzunu görürlər. Elə bu səbəbdən də onlar duzun tərkibindəki natriumun miqdarını azaldaraq onu başqa bir alternativlə əvəz ediblər.

Həddindən artıq duz istehlakını insanlarda bir sıra xəstəliklərin əsas risk faktoru olması ilə əlaqələndirən elm adamları ədviyyatın tərkibindəki natriumun müəyyən bir qismini kaliumla əvəz edərək gözlədikləri nəticəni əldə ediblər. "American Journal of Clinical Nutrition" jurnalında dərc edilən məqalədə Telengana əyalətinin Siddipet bölgəsində aparılan araşdırmaların nəticələrindən bəhs olunub.

Elm adamları bu bölgənin yeddi kəndində yüksək təzyiqdən əziyyət çəkənləri qeydiyyata alaraq onları tərkibi daha az natriumdan ibarət olan duzla təmin ediblər. Üç aylıq sınaq müddəti başa çatdıqdan sonra meta-analizin nəticələrinə görə, hipertoniya xəstələrinin qan təzyiqində əhəmiyyətli dərəcədə müsbət nəticələr əldə olunub.

"Ənənəvi istifadə edilən süfrə duzunun tərkibi 100 faiz natrium xloriddən ibarətdir. Bu miqdarın 25 faizini kalium xloridlə əvəz edərək qan təzyiqindən əziyyət çəkən aşağı gəlirli əhaliyə praktiki müdaxilə ilə bərabər hipertoniya dərmanlarının qəbulunun da məhdudlaşdırılmasına kömək edə bilərik. Natriumu azaltmaqla yanaşı, kilo itkisi, idman kimi həyat tərzi faktorlarının da qan təzyiqinə kömək edə biləcəyini unutmayın" -tədqiqat rəhbəri Jim Liu izah edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".