Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Dmitri İvanoviç Mendeleyev

Yəqin ki, Dmitri Mendeleyevin kim olduğunu izah etməyə ehtiyac yoxdur. Çünki onun portretinə və tərtib etdiyi kimyəvi elementlərin dövri cədvəlinə hər bir orta məktəbin kimya kabinetində rast gəlmək olar. Uşaqlıqda ciddi bir xəstəlikdən əziyyət çəkən bu dahinin vaxtaşırı ağzından qan gəlirdi. Lakin həkimlərin ona ölüm diaqnozu qoymasına baxmayaraq, Mendeleyev düz 73 il yaşadı...

Alimin elementlər cədvəlini tərtib etməsi ilə bağlı maraqlı bir tarixçə də var. Alim bir gün elementlərin dövri sistemini hazırlayanda onların sıralanması mərhələsində böyük çətinliklə üzləşir. Fikir çəkən, tərəddüd içərisində olan alim, gecələrin birində laboratoriyasında elə masanın üstündəcə yuxulayır və yuxuda bütün elementlərin sıra ilə düzüldüyünü görür. Oyanandan sonra bütün elementlərin cədvəldə lazım olan yerdə olduğunu anlayır və hamısını dərhal bir kağız parçasına yazır, sadəcə bir elementin yerini dəyişir.

Səliqəsiz saqqalı və çiyninə qədər uzanan saçı ilə quldurları xatırladan Mendeleyev deyilənlərə görə, bərbərə il ərzində bir dəfə gedirmiş. Qeyri-adi geyim tərzinə sahib, dərvişlərə xas libaslar geyən alim, hətta paltarını da özü tikirmiş. İnsanlardan uzaq yaşamağı üstün tutan, özünə qapanan dahinin bütün günü bəlkə də palıdın koğuşunda oturmaq, ya da ağacın üstündə səmaya baxmaqla keçirmiş.

Mendeleyevin ən böyük xobbisi çamadan tikmək olub. Bu peşəyə olan marağı o qədər güclü idi ki, ona məşhur "çamadan ustası" titulunu versək yanılmarıq. Əslində böyük nüfuz sahibinin uzun illər ərzində çox vaxt sərf etdiyi bu heyrətamiz hobbisi haqqında çox danışmaq olar. Kitabları cildləməyi, portretləri çərçivələrə yapışdırmağı da sevən dahi, bu məhsulları özünün hazırladığı yapışqanla düzəldirdi. Belə ki, dahi möhkəm, yüksəkkeyfiyyətli məhsullar hazırlamaq üçün özünəməxsus yapışqan qarışığı icad etmişdi. Lakin Mendeleyev onun hazırlanma üsulunu gizli saxlayaraq özü ilə məzara apardı.

Bioqraflarının dediyinə görə, Mendeleyev çox tərs və qəzəbli bir adam olub. Hətta o qədər əsəbi olub ki, hirsini soyutmaq üçün pul kisəsindəki pulları göyə sovururmuş. Nə deyək, varlığa nə darlıq, yəqin dahinin pulu həddindən artıq çox imiş. Hələ bu harasıdır, bəzən isə isti çayı nökərinin üstünə tökməklə də, sakitləşirmiş dahi. Hirsini soyutmaq üçün əl atdığı digər "əsəb sakitləşdirici"si isə siqaret idi. Bahalı tütündən istifadə edərək siqaretini də özü hazırlayan alim, onu heç vaxt tərgitməyəcəyini söyləyərdi.

Yaddaş zəifliyindən də əziyyət çəkən kimyaçı, hətta huşsuzluğu ucbatından böyük oğlunun nişan mərasiminə boz rəngli ev səndəli ilə getmişdi. Üstəlik əynindəki əcaib, "nadir" tapılan libası ilə də hər kəsi şoka salmışdı.

73 yaşında ağciyərin iltihabından dünyasını dəyişən Mendeleyevin qəbrinin üstündə yalnız 3 söz yazılmışdı: Dmitri İvanoviç Mendeleyev. O, hələ sağlığında qəbrinin üstündə hər hansı bir tərif, mədh kimi sözlərin yazılmasından imtina etmişdi.

 

Vladimir Mayakovski

Rus ədəbiyyatının tanınmış şairi, dramaturqu, sosialist inqilabının çılğın təbliğatçısı Vladimir Mayakovskini çağdaş həkimlər bu gün psixopat adlandırırlar. Saysız-hesabsız fobiyalara sahib olan bu dahi şəxsiyyət də həyatına intiharla son qoyan məşhurlar sırasındadır. Atası kimi qan xəstəliyindən öləcəyindən qorxan ədib, mikroblara yaxalanmamaq üçün mütəmadi olaraq əllərini yuyur, cibində yod, sabun gəzdirirdi. Hətta qapının dəstəyi belə Vladimir üçün böyük təhlükə mənbəyi idi. Odur ki, dəstəyə toxunmaq üçün əlində həmişə salfet, yaxud kağız gəzdirərdi. Bundan başqa, daim ətrafındakıları təhdid edirmiş kimi özünü öldürəcəyindən də danışırdı. Elə bil alın yazısından qabaqcadan xəbərdar imiş şair...

Vladimir Mayakovski... Bu böyük şairin ən böyük "dərdi" nöqtə-vergüllə imiş. Durğu işarələrini heç sevməyən şair onun harada qoyulacağını qarışdırırmış. Ümumiyyətlə, bu işarələrin işlənmə yerini yazıçı ömrünün sonuna qədər anlaya bilməyib. Bunu dəfələrlə etiraf edən şair, gileylənməklə özünü daha da savadsız duruma salıb: "Axı bu nöqtə-vergül nəyə lazımdır ki? Ona vaxt ayırmaqla nə yazacağımı unuduram...". Şairin korrektəyə pulu olmadığından əvvəllər şeirləri elə durğu işarələri olmadan çap olunurmuş. Sonralar isə bu işdə ona dostları kömək edirmiş.

Deyilənlərə görə, şair məşhur qumarbaz olub. Bilyard və kartları sevən şair, rus ruleti oynamaqdan da çəkinməyib. Yeri gəlmişkən, Mayakovskinin ölümünə səbəb olan rus ruletinin itirilməsi ilə bağlı bir versiya da var axı, onun ölüm səbəbi hələ də tam olaraq bəlli deyil.

Mayakovskinin qadınları deyəndə isə ən çox Lilya Brik yada düşür. Hərçənd sevgilisinin bacısı olan Lilya tək deyildi və şair hansı qadını sevirdisə, onun həyatında ard-arda möcüzələr baş verirdi. O, başqa cür sevməyi bacarmırdı. Yəqin, heç istəmirdi də. Sevəndə gözü başqa heç bir qadını görməyən, amma bununla belə, tez-tez aşiq olan Vladimirin heç bir sərhəd tanımayan sevgisi özünü də qorxudurdu. Şairin həyat və yaradıcılığı ilə yaxından tanış olanlara yəqin ki, onun bu qorxuları əsassız görünmür. Sonuncu məhəbbəti Veronika Polonskaya ilə sadəcə lazım olan zamanda və məkanda qarşılaşmadı. Onun intiharı isə dolaşıq və faciəvi məhəbbət macəralarının labüd nəticəsi, xitamı idi...

Mayakovski intihar etməmişdən az əvvəl belə yazmışdı: "Bağışlayın məni, bilirəm bu yaxşı iş deyil (heç kəsə məsləhət görmürəm), amma bundan başqa çıxış yolum yoxdur". Halbuki, illər öncə intihar edən dostu Sergey Yeseninin ölümünə həsr etdiyi ağıda yazırdı: Ölmək dünyada ən asan işdi, çətini yaşamaqdır...

 

Frederik Şopen

Avropa romantik dövrünün ən önəmli simalarından olan klassik musiqi bəstəkarı, dünyaşöhrətli rəssam, pianoçu Frederik Şopen öz yaradıcılığını, demək olar ki, bütünlüklə bir alətə - fortepianoya həsr etmiş yeganə bəstəkardır. Bu səbəbdən də onu çox zaman "fortepianonun şairi" adlandırırlar. Nəşi Fransada, ürəyi Polşada dəfn olunan bu "ikivətənli" dahinin şəxsiyyətinə pərəstiş edən polyaklar Varşavadakı hava limanına onun adını veriblər.

Həyatı ikiyə bölünən bəstəkarın qırx ilə yaxın ömrünün yarısı Polşada, yarısı isə Fransada keçib. İyirmi yaşına qədər həyatsevər, hərəkətli biri olan Şopen Fransaya getdikdən sonra sakit, küskün və xəstə birinə çevrilir. Sanki şəxsiyyəti də ikiyə bölünmüşdü dahi bəstəkarın. Xalqın içində sıradan biri, kübar mühitdə isə özünü oraya aidmiş kimi göstərirdi. İç dünyasını sadəcə piano və bəstələriylə ortaya çıxara bilirdi. Bir musiqi tarixçisinin dediyi kimi, o, piano diliylə danışırdı.

Hələ 7 yaşında ikən Varşavanın kübar salonlarında konsert proqramları ilə çıxış edən mavigözlü, bəstəboy, sarısaçlı bəstəkar fövqəladə bir insan olub. Deyilənlərə görə, Şopenin ruhlarla "danışa" bilmə istedadı var imiş. Özü etiraf edirdi ki, qohumlarının ruhu onu qarabaqara izləyir. Hətta dediyinə görə, gecələr onu yaradıcılığa sövq edən "xoşməramlı" kabuslardan da əziyyət çəkirmiş. Gecələr tez-tez oyanan Şopen həm də qaranlıq "dəlisi" imiş. Bütün işıqları söndürüb qaranlıqda musiqi bəstələməyi sevən dahi bu vasitə ilə musiqiyə köklənir və misilsiz əsərlər yazmaq üçün ilham alırdı. Bütün akkordlarda ifa edə bilmək üçün hətta Şopen barmaqlarını da uzadıbmış. Bu prosedur nə qədər ağrı versə də, sənəti yolunda hər cür çətinliyə qatlanırdı gənc pianoçu.

Şopenin həyatının ən xoşbəxt və eləcə də ən ağır məqamları istedadlı Fransa yazıçısı Jorj Sandla olan məhəbbət illərinə təsadüf edir. Parisin yaradıcı simaları arasında çox parlaq və eyni zamanda, ziddiyyətli şəxsiyyətlərdən biri, əsl adı Avrora Düdevan olan, özü isə Jorj Sand təxəllüsü ilə tanınan bu qadın çox vaxt kişi libası geyinər, yaxşı at çapar, idmanla fəal məşğul olarmış. Bəzilərinin fikrincə, Jorj Sand və Şopen bir-birini heç başa düşmürmüşlər və elə bu səbəbdən də onların ayrılması tamamilə təbii imiş. Lakin danılmaz bir həqiqətdir ki, Şopen bir çox şah əsərlərini məhz Jorj Sandla yaşadığı illərdə yaratmışdır.

Ömrünün yarısından çoxunu vərəmdən əziyyət çəkən dahi cəmi 39 il yaşaya bildi. O, öləndən sonra bitirməmiş olduğu əsərlərinin heç birinin yayımlanmamasını, hamısının yandırılmasını istəmişdi. Amma onun bu sözü yerinə yetirilmədi. Bitməmiş əsərlərindən bəziləri bu gün də heyranlıqla dinlənilir. Ancaq vəsiyyət etdiyi kimi, nəşi Fransada, ürəyi Polşada dəfn olundu...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".