Telefon rabitəsinin 140 illik yubileyinə həsr olunmuş qanvermə aksiyası
Sosial həyat

Telefon rabitəsinin 140 illik yubileyinə həsr olunmuş qanvermə aksiyası

Azərbaycan telefon rabitəsinin 140 illik yubileyi münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Qan verək, vursun ürək!” şüarı ilə qanvermə aksiyası keçirilib.

Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə keçirilən ənənəvi qanvermə aksiyasına nazirliyin aparatının və struktur bölmələrinin əməkdaşları da qoşulub. Karantin rejimi qaydalarına uyğun şəraitdə keçirilən aksiya zamanı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi  tibb briqadasının həkim-hematoloqları tərəfindən  hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən  yoxlanılıb. Tibbi müayinədən sonra onlardan qan götürülüb. Aksiyada ümumilikdə 32 nəfər qan donoru olub. Yığılan  qan ehtiyatı yoxlanaraq Qan Bankına təhvil veriləcək.

Əli SADIQOV,

“Respublika”.