DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN ISTANBULDA PUTİN VƏ ZELENSKİ ARASINDA GÖRÜŞ TƏŞKİL ETMƏK ISTƏYIR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında İstanbulda Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək niyyətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan “Lenta.ru” saytına müsahibəsində bildirib.

Məlumata əsasən, Çağrı Erhan vurğulayıb ki, Ərdoğanın bu cür danışıqları təşkil etməyi bacaracağını demək indiki məqamda olduqca çətindir.

“Bunu etmək çətindir, çünki Türkiyə prezidenti hərbi əməliyyatları davam etdirməyə çalışan və Rusiya Federasiyası ilə istənilən danışıqlara qarşı çıxan ABŞ və Böyük Britaniyanın təzyiqi altındadır”, - deyə Ç.Erhan əlavə edib.

Bununla yanaşı, Çağrı Erhanın sözlərinə görə, Türkiyə tərəfinin əsas missiyası Putin və Zelenskinin xarici müdaxilə olmadan ən azı bir dəfə görüşməsi və birbaşa danışması üçün şərait yaratmaqdır.

 

HİNDİSTAN NEFT ALIŞI ILƏ DOLLARIN MÖVCUD VƏZIYYƏTINI SARSIDIR

Hindistan dünyanın üçüncü ən böyük neft idxalçısı olmaqla yanaşı, həm də Rusiya neftinin əsas alıcısıdır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, Rusiyaya qarşı tətbiq edilən kütləvi sanksiyalar beynəlxalq neft ticarətində dolların uzun müddətdir hökmranlığını sarsıtmağa başlayıb.

Verilən xəbərə görə, Rusiya üçün dəniz yolu ilə neft satışının əsas bazarı olan Hindistanla müqavilələrin əksəriyyəti dollarla deyil, digər valyutalarla bağlanır.

Neftin qiymət tavanı tətbiq edildikdən sonra hindistanlı istehlakçılar Rusiya neftinin əsas hissəsini BƏƏ dirhəmi də daxil olmaqla qeyri-dollar valyutası ilə, son vaxtlar isə rublla ödəyirlər.

Bildirilir ki, Hindistan son üç ayda Rusiya neftinə bir neçə yüz milyon dollar xərcləyib. “Röyters” iddia edir ki, Rusiya nefti üçün dirhəmlə ödənişlər ABŞ və Böyük Britaniyanın sanksiyalarını çətinləşdirə bilər.

 

MOLDOVANIN AVROPAYA İNTEQRASİYASI MÜZAKİRƏ OLUNUB

Moldovanın Avropa İttifaqına üzvlük üçün müraciətindən sonra əldə etdiyi irəliləyiş Kişinyovda səkkiz Avropa ölkəsinin xarici işlər nazirliklərinin nümayəndələri tərəfindən müzakirə edilib. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Verilən xəbərə əsasən, Avstriya, Bolqarıstan, Fransa, Almaniya, Lixtenşteyn, Litva, Rumıniya və İsveçin xarici işlər nazirliklərinin nümayəndələri Moldovanın Aİ-yə üzv olmaq üçün müraciətindən ötən bir il ərzində əldə edilmiş tərəqqi, 2023-cü il üçün bu sahədə prioritetləri müzakirə ediblər.

Brüsseldə ötən il keçirilən sammitdə Aİ-nin dövlət və hökumət başçıları Ukrayna və Moldovaya quruma üzv olmaq üçün namizəd statusunun verilməsini təsdiqləyiblər ki, bu statusun alınması Aİ-yə gedən yolun başlanğıcıdır.

Qeyd edilir ki, üzvlük danışıqlarına başlamaq üçün ölkələr islahatlar və Dnestryanı problemin həlli də daxil olmaqla bir sıra şərtləri yerinə yetirməlidirlər.

 

AVROPA ITTIFAQINA GEDƏN UKRAYNALILARDAN 11 MİLYONU GERİ QAYIDIB

Rusiya ilə Ukrayna arasındakı müharibədən qaçaraq Avropa İttifaqına sığınan 16 milyon ukraynalıdan 11 milyonu ölkəsinə geri qayıdıb. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqı Komissiyasının daxili məsələlər üzrə avrokomissarı İlva Yohanson məsələ ilə bağlı mətbuat konfransında çıxışı zamanı bəyan edib.

“Avropaya gələn ukraynalılardan 1 milyonu başda ABŞ, Kanada və Böyük Britaniya olmaqla başqa ölkələrə gedib. 4 milyona yaxın ukraynalı da Avropa İttifaqı ərazisində qalıb”, - deyə avrokomissar vurğulayıb.

Jurnalistin 11 milyon ukraynalının müharibənin davam etdiyi Ukraynaya geri qayıtmasının səbəbi ilə bağlı sualını cavablandıran İlva Yohanson deyib: “Onların burada xoşbəxt olmadıqlarını söyləmək üçün heç bir səbəb yoxdur. Lakin bir çoxu uşaqlarını buradakı qohumlarının yanında qoyaraq döyüşmək, işləmək və ya Rusiya hücumuna qarşı müqavimət göstərmək üçün ölkələrinə geri qayıdıb”.

Eyni zamanda, Aİ Komissiyasının verdiyi yazılı bəyanatda 4 milyon ukraynalının iş, təhsil və mənzillə təmin edildiyi bildirilib. Bəyanatda qeyd olunub ki, Ukraynadakı uşaqların təxminən beşdə bir hissəsi Avropa İttifaqındadır.

 

HULUSİ AKARDAN TAXIL DƏHLİZİ İLƏ BAĞLI AÇIQLAMA

Türkiyə BMT, Ukrayna və Rusiya ilə taxıl sazişi üzrə danışıqları davam etdirir. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukrayna taxılını dünyaya çatdırmaq üçün İstanbulda yaradılan taxıl dəhlizi ilə bağlı açıqlama verib.

Məlumata əsasən, nazir martın 18-də sona çatacaq taxıl sazişinin davam etdirilməsi üçün tərəflərlə hazırda danışıqlar apardıqlarını diqqətə çatdırıb.

“BMT, Ukrayna və Rusiyayla taxıl sazişi üzrə danışıqları davam etdiririk. Ukrayna ikinci dəfədir ki, sazişin  uzadılmasına müsbət yanaşıb. Rusiyanın da müddətin uzadılmasına müsbət münasibəti var. Biz də ümid edirik ki, taxıl sazişi bütün tərəflərin töhfəsi ilə davam edəcək və biz bu istiqamətdə fəaliyyətlərimizi davam etdiririk”, - deyə Hulusi Akar vurğulayıb.

Qeyd edək ki, indiyədək Ukraynadan 790 gəmi ilə 23 milyon 400 min ton taxıl məhsulları daşınıb. Taxıl məhsullarının  40 faizi Avropaya, 30 faizi Asiyaya, 13 faizi Türkiyəyə, 12 faizi Afrikaya, 5 faizi isə Yaxın Şərqə daşınıb.

 

ABŞ İRAN RƏSMİLƏRİNƏ QARŞI NÖVBƏTİ DƏFƏ SANKSİYA TƏTBİQ EDİB

ABŞ qadınların hüquqlarını pozduqları üçün İranın həbsxana sistemində çalışan bir neçə məmura və təşkilata qarşı sanksiya tətbiq edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatında qeyd olunur.

Sanksiyalar, digər məsələlərlə yanaşı, İran Baş Prokurorluğunun rəis müavini, iki hərbçi, iki regional həbsxana rəisi və İranda etirazların yatırılmasında iştirak edən üç şirkətə şamil edilib.

“Birləşmiş Ştatlar tərəfdaşlarımız və müttəfiqlərimizlə birlikdə qadınlara ikinci dərəcəli vətəndaş kimi yanaşan və hər vasitə ilə onların səsini boğmağa çalışan qəddar rejim qarşısında əsas azadlıqları müdafiə edən İran qadınlarının yanındadır”, - deyə ABŞ-ın maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson bildirib.

ABŞ Maliyyə Nazirliyinin verdiyi məlumata görə, qadın məhbuslar İran həbsxanalarında cinsi istismar, işgəncə və digər qəddar və qeyri-insani rəftarlara məruz qalırlar.

 

YENİLƏNMİŞ ŞENGEN MƏLUMAT BAZASI İŞƏ SALINIB

Avropa İttifaqı (Aİ) 2016-cı ildən qüvvədə olan yenilənmiş Şengen İnformasiya Sistemini (SIS) işə salıb. “Sputnik” informasiya agentliyinin Avropa Komissiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, adıçəkilən sistemə ittifaqın sərhədlərini keçən bütün insanlar haqqında geniş məlumat daxildir.

“Bu, Avropada ən geniş sərhəd nəzarəti və məlumat mübadiləsi sistemidir. Buraya axtarışda olan və itkin düşmüş şəxslər, Avropa İttifaqının ərazisində qanuni olmaq hüququ olmayan üçüncü ölkə vətəndaşları, habelə oğurlanmış və ya itkin düşən əşyalar haqqında məlumatlar daxildir”, - deyə Avropa Komissiyasından bildirilib.

Əvvəlki sistemdə ciddi boşluqlar aşkar olunub. 2015-ci ilin payızında Parisdə və 2016-cı ilin yazında Brüsseldə baş vermiş irimiqyaslı terror aktlarının təhqiqatı zamanı məlum olub ki, bu hücumları təşkil edən və həyata keçirən şəxslər qrupuna terrorçuluq ittihamı ilə axtarışda olan şəxslər də daxildir.

Buna baxmayaraq, onlar nəinki Aİ daxilində sərbəst hərəkət ediblər, həm də dəfələrlə xaricə səfər edərək sənəd yoxlamalarından maneəsiz keçiblər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.