DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞANIN MESAJI BU ÖLKƏLƏRDƏ TƏLAŞA SƏBƏB OLDU

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın önümüzdəki günlərdə Şimali Kiprə edəcəyi səfər və “İyulun 20-də bütün dünyaya lazımi mesajları verəcəyəm” açıqlaması ABŞ, Avropa İttifaqı, Yunanıstan və Cənubi Kipri təlaşa salıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, “BBC” agentliyi Ərdoğanın səfər çərçivəsində Keçidqalada dron bazasının qurulduğunu açıqlayacağını iddia edib.

Agentliyin məlumatına görə, Cənubi Kipr əməliyyatlarının 47-ci ildönümündə reallaşacaq səfər zamanı Aİ və ABŞ-ın diqqəti adada olacaq. “BBC” həmçinin Ərdoğanın Şimali Kiprin müstəqilliyinin beynəlxalq səviyyədə tanınması yönündə mühüm mesajların verəcəyini də istisna etməyib.

Yunan mətbuatı Türkiyənin Kipr adası yaxınlığında yeni təbii qaz ehtiyatları tapdığını iddia edib. Cənubi Kipr və Yunanıstan Ərdoğanın səfər çərçivəsində bunu açıqlayacağından narahatdır. Yunanıstan və Cənubi Kipri narahat edən digər məsələ isə Türkiyənin adanın şimalında daimi hərbi bazalar qurmaq ehtimalıdı ilə bağlıdır.

BRITANIYA “TALIBAN”LA ƏMƏKDAŞLIĞA HAZIR OLDUĞUNU AÇIQLAYIB

Əfqanıstanda on illərlə sürən münaqişədən sonra prezident Əşrəf Qani hakimiyyəti “Taliban” hərəkatı ilə birgə işləməlidir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Daily Telegraph” nəşrinə müsahibəsində bəyan edib.

Nazir bildirib ki, hakimiyyətə gələcəkləri təqdirdə “Taliban”la əməkdaşlıq etməyə hazırdırlar. “Hakimiyyətdən asılı olmayaraq, Britaniya hökuməti onlarla beynəlxalq hüquq normalarına riayət olunacağı təqdirdə əməkdaşlıq edəcək”, - deyə Ben Uolles vurğulayıb.

Eyni zamanda, nazir ölkəsinin “Taliban”la perspektivdə əlaqəsinin ziddiyyətli olacağını etiraf edib. O, həmçinin Əfqanıstan prezidenti Əşrəf Qani və “Taliban”ı ölkənin əmin-amanlığı, inkişafı üçün bir yerdə işləməyə çağırıb.

FRANSANIN IMZA ATDIĞI QALMAQAL DEŞIFRƏ EDILDI

Fransanın “Lafarge” sement itehsalı şirkətilə “İŞİD” terror təşkilatı arasındakı gizli razılaşma ortaya çıxıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Fransa kəşfiyyat xidmətinə aid 2014-cü il avqust tarixli məxfi qeyddə “Lafarge”nin Suriyadakı fəaliyyətini davam etdirmək üçün “İŞİD”lə razılaşdığı bildirilib.

Fabriki ələ keçirən “İŞİD”in “Lafarge”yə ticarət fəaliyyətinə davam etməsi və nəzarətindəki ərazilərə giriş icazəsi verdiyi qeyd olunan sənəddə bu icazənin arxasında razılaşmanın olduğu vurğulanır.

Məlumatda razılaşma tarixində “Lafarge”nin Suriyanın şimalındakı Cəlabiyədəki sement fabrikinə nəzarətini hələ də əlində saxladığı və terror təşkilatının 2014-cü ilin sentyabrında fabriki ələ keçirdiyi qeyd edilib.

Anlaşma media tərəfindən deşifrə edildikdən sonra şirkətin rəhbərliyinə cinayət işi açılıb. “Lafarge” 2013-2014-cü illər arasında Suriyadakı fəaliyyətlərini davam etdirmək üçün “İŞİD” də daxil olmaqla terror təşkilatlarına 13 milyon avro ödəməklə günahlandırılır. Paris Apelyasiya Məhkəməsinin “Lafarge” şirkətinə son ittihamı iyulun 15-də verəcəyi gözlənilir.

ÇINDƏ GÖYDƏLƏNLƏRIN TIKINTISINƏ MƏHDUDIYYƏT

Çində 500 metr və daha hündür göydələnlərin tikintisinə qadağa qoyulub. “Report” agentliyinin məlumatına görə, bu barədə Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi qərar qəbul edib. Sənədə əsasən, 250 metrdən hündür binaların inşası ciddi şəkildə məhdudlaşdırılmalıdır.

Bundan başqa, 100 metrdən hündür binaların tikinti planı antiseysmik xüsusiyyətləri baxımından ciddi şəkildə yoxlanılacaq.

Qərarda həmçinin vurğulanıb ki, ümumilikdə yeni hündürmərtəbəli binalar şəhərin miqyasına və yanğınsöndürmə imkanlarına uyğun olmalıdır.

Aİ VAKSIN MƏSƏLƏSININ SIYASILƏŞDIRILMƏSINƏ GÖRƏ TƏNQID EDILIB

Rəsmi Budapeşt koronavirus əleyhinə vaksinlərin bəyənilməsi məsələsinin siyasiləşdirilməsini Avropa İttifaqının böyük səhvi hesab edir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu fikri Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib.

Macarıstan diplomatiyasının rəhbəri deyib: “Pandemiyadan əvvəlki dövrdə həkim mənə resept yazanda mən dərman almaq üçün aptekə gedir və preparatın hansı ölkədə, kim tərəfindən istehsal edilməsinə fikir vermirdim. İndi yeni fenomen yaranıb: vaksinin kim tərəfindən istehsal edilməsini soruşuruq”.

Nazir daha sonra qeyd edib ki, “COVID-19”a qarşı Rusiyada və Çində istehsal edilmiş vaksinləri Macarıstan laboratoriyalarında diqqətlə təhlil edərək onların səmərəli və təhlükəsiz olması qənaətinə gəliblər.

Macarıstan XİN başçısı Avropa İttifaqını kəskin tənqid edərək deyib: “Brüssel isə hələ də vaksinasiyaya geosiyasi və ideoloji məna verir”.

ALMANIYADA GÜCLÜ YAĞIŞLAR HƏYATI IFLIC EDIB

Almaniyada bir neçə gündür aramsız yağan yağışlar sel və daşqınlara səbəb olub. “Report”un məlumatına görə, hazırda acınacaqlı durum Bavariya, Saksoniya və Şimali Reyn-Vestfaliya əyalətində müşahidə edilir.

Sözügedən əyalətlərdə on minlərlə evi su basıb, əhalinin ərazidən evakuasiyası çətinləşib. Bəzi şəhərlər fəlakət bölgəsi elan edilib. Şiddətli yağışlar yanğınsöndürmə və təcili yardım avtomobillərinin hərəkətini çətinləşdirib.

Güclü yağış həmçinin bir çox şəhərdə nəqliyyatın hərəkətini iflic edib. Xüsusilə Reyn çayının Şimali Reyn-Vestfaliya əyalətindən keçən hissəsində, sahilboyunca yerləşən avtomobil və dərmir yolları sular altında qalıb. Şiddətli yağışların bazar gününə qədər davam edəcəyi proqnozlaşdırılır.

294 MILYON FUNT-STERLINQ QANUNSUZ KRIPTOVALYUTA ƏLƏ KEÇIRILIB

Böyük Britaniya polisi qanunsuz yollarla əldə edilən vəsaitlərin kriptovalyuta vasitəsilə yuyulmasını üzə çıxarmaq üçün genişmiqyaslı əməliyyat keçirib. “Report”un “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, aparılan təhqiqat çərçivəsində mütəşəkkil kriminal dəstələrin əlində olan 294 milyon funt-sterlinq kriptovalyuta ələ keçirilib.

London polisinin verdiyi açıqlamaya əsasən, iyunun 24-də üç həftəyə yaxın müddət ərzində aparılan işlər nəticəsində müsadirə etdikləri 114 milyon funt-sterlinqə əlavə olaraq eynilə gizli mənbələrdən əldə edilmiş daha 180 milyon funt-sterlinq dəyərində kriptovalyuta ələ keçirilib.

Polis rəsmisi qeyd edib ki, son vaxtlar müxtəlif rəqəmli platformlar inkişaf etdikcə mütəşəkkil kriminal qruplar da qanunsuz yollarla əldə etdikləri maliyyə vəsaitlərini qanuniləşdirmək üçün kriptovalyutalara daha çox üz tutmağa başlayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.