RƏCƏB TAYYİB ƏRDOĞANIN SEÇKİ MANİFESTİNİN BƏZİ TƏFƏRRÜATLARI MƏLUM OLUB
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 14-nə qədərki proqramı, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki kampaniyası dönəmi və seçki manifestinin təfərrüatları üzə çıxmağa başlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Ərdoğan mitinq əvəzinə yalnız vilayətlərdə qatılacağı açılış mərasimləri ilə xalqla görüşəcək. Türkiyə lideri zəlzələ bölgəsi ilə yanaşı, digər vilayətlərə də gedəcək.
Məlumata əsasən, bu dönəmdə böyük layihələrin təməllərinin atılacağı gözlənilir. Qara dəniz təbii qazından “Anadolu” təyyarə daşıyan gəmiyə, “Kızılelma” PUA-sından yüksək sürətli qatar xətlərinə qədər nəhəng layihələr diqqət mərkəzində olacaq. Bununla yanaşı, seçki manifestinin ən mühüm hissəsi zəlzələ zonası ilə bağlı layihələr olacaq. Türkiyənin demək olar ki, hər bir vilayətində güclü şəhərləşmə prosesinə start veriləcək. Şəhərlərin dayanıqlı olması üçün addımlar atılacaq.
Seçki manifestinin ən mühüm hissələrindən biri də iqtisadiyyatla əlaqəlidir. Dünyada baş verən proseslər nəzərə alınaraq “Yeni İqtisadiyyat Modeli” “Yaradıcı İqtisadi Model” olaraq yenilənəcək.
ABŞ UKRAYNADAKI MÜHARİBƏYƏ FƏRQLİ YANAŞMAĞA BAŞLAYIB
ABŞ rəhbərliyi Ukraynadakı müharibəyə münasibətini daha az ehtiyatlı və daha sərt istiqamətə dəyişir və indi rəsmi Kiyevin Rusiya Federasiyası ilə qarşıdurmada qalib gələcəyinə və itirilmiş əraziləri geri alacağına ümid edir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Times” nəşri ABŞ Prezident Administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə istinadən məlumat yayıb.
Mənbənin qeyd etdiyinə görə, məqsəd Ukraynanın “suverenliyini və müstəqilliyini” təmin etməkdir ki, bu da itirilmiş ərazilərin qaytarılması anlamına gəlir. Eyni zamanda, nəşr diqqəti bir müddət əvvəl ABŞ prezidenti Cozef Bayden və onun ətrafının Ukrayna və NATO-nun “nüvə dövləti ilə qarşı-qarşıya olduğunu” xatırladaraq, mümkün eskalasiyadan yayınmağa çalışmasına yönəldir. Lakin son vaxtlar NATO Kiyevi getdikcə daha müasir silah və zirehli texnika ilə təmin edərək daha qətiyyətli davranmağa başlayıb.
Nəşr həmçinin qeyd edir ki, əvvəllər Vaşinqton Rusiya üzərində qələbədən deyil, Ukraynaya ən güclü danışıqlar mövqeyini təmin etməkdən danışmağa üstünlük verirdi.
EMMANUEL MAKRON BU ADDIMI İLƏ ÖZÜNÜ NÜFUZDAN SALIB
Bugünlərdə Fransada keçirilən rəy sorğusunun nəticələrinə görə, prezident Emmanuel Makronun populyarlığı ölkədə pensiya islahatına qarşı etirazlar səbəbindən bir ayda 6 faiz azalıb. “Teleqraf.com”un xəbərinə görə, “BVA” araşdırma qrupu fransızların 72 faizi Makronun yaxşı prezident olmadığını düşündüyünü bildirib.
Məlumata əsasən, Fransa liderinin populyarlığı 28 faizə enib. Bu, vəzifəyə gəldiyindən bəri ən aşağı səviyyədir. Digər tərəfdən, islahatı parlamentə təqdim etmədən birbaşa qəbul edən baş nazir Elizabet Börnün populyarlığı 2022-ci ilin mayında vəzifəyə gəldiyindən bəri 2 faiz azalaraq ən aşağı səviyyəyə düşüb.
Bununla yanaşı, respondentlərin üçdə ikisi pensiya yaşının iki il artırılaraq 62-dən 64-ə qaldırılması ilə bağlı mübahisəli islahatın geri götürülməsini istəyir.
Aİ KAĞIZ VƏ PLASTİK SƏNƏDLƏRDƏN İMTİNA ETMƏYƏ HAZIRLAŞIR
Avropa İttifaqında (Aİ) kağız və plastik sənədlərdən, xüsusən şəxsiyyət və sürücülük vəsiqəsindən imtina etməyə imkan verəcək rəqəmsal cüzdan hazırlanır. “Report” agentliyinin məlumatına görə, rəqəmsal cüzdan tətbiqi üzərində işlər artıq yekunlaşıb və sınaqdan keçirilir.
Rəqəmsal cüzdanda sürücülük vəsiqələrini, dərman reseptlərini və digər icazə sənədlərini saxlamaq mümkün olacaq.
Eyni zamanda, verilən xəbərə görə, məlumatı bağlamaq funksiyası sayəsində cüzdanın sahibi kimə və hansı informasiyanı təqdim etmək seçimi əldə edəcək. “Məsələn, əgər yol polisi sizi dayandırırsa, o həqiqətən şəxsi kodunuza və adınıza baxmaq hüququna malikdir, lakin barda işləyən nəzarətçiyə harada yaşadığınız, doğum tarixiniz və ya adınızı bilməsi heç də vacib deyil. O sadəcə görməlidir ki, sizin 18 yaşınız tamam olub”, - deyə ekspertlər vurğulayıblar.
Məlumat üçün qeyd edək ki, Aİ ölkələri artıq 2025-ci ilin sonuna qədər rəqəmsal cüzdandan istifadə etməyə başlaya bilər.
ABŞ KONQRESİNDƏ DOLLARIN TALEYİ İLƏ BAĞLI NARAHATLIQLAR ARTIR
Ukraynadakı münaqişə Amerika iqtisadiyyatı üçün mənfi nəticələrə səbəb ola bilər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin bildirib.
Siyasətçi xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin başqa ölkələrlə hesablaşmalarda dollardan çox Çin yuanından istifadə etməyi təklif edib. “Əgər dollar çökərsə, o zaman ABŞ xalqı görünməmiş maliyyə çətinlikləri yaşayacaq. Bütün bunların səbəbkarı isə Ukrayna böhranının müəllifləri olan Amerika hərbçiləridir”, - deyə Marcori Teylor Qrin qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl iqtisadçı ekspert Marsel Salixov ABŞ-da son bir ayda üç bankın bir anda müflis olmasına diqqət çəkib. Onun fikrincə, bu tendensiya gələcəkdə də davam edə bilər.
DÜNYA ƏHALİSİNİN SAYI KƏSKİN AZALA BİLƏR
Məlum olduğu kimi dünya əhalisinin sayı ötən il 8 milyard həddini keçib. Lakin iqtisadi inkişaf, təhsil və tibbi xidmətlərə çıxış imkanlarının genişlənməsi doğum səviyyəsinin azalmasına səbəb olur. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Sky News” telekanalının yeni araşdırmasında qeyd olunur.
Tədqiqatçılara görə, əgər dünya hərşey indi olduğu kimi davam edərsə, planetin əhalisi 7 milyarda qədər azala bilər. Mütəxəssislərin fikrincə, ifrat yoxsulluq aradan qaldırılarsa və uğurlu iqtisadi inkişaf siyasəti qəbul olunarsa, Yer kürəsinin əhalisi 2040-cı ildə pik həddə - 8,5 milyarda çata, sonra isə 2100-cü ilə qədər ciddi şəkildə azala bilər.
Təhsil və səhiyyəyə böyük investisiyalar, ərzaq və enerji təhlükəsizliyi, qeyri-bərabərlik və gender bərabərliyi ilə bağlı qeyri-adi siyasət dəyişiklikləri olarsa, əsrin sonuna qədər əhalinin sayı hətta 6 milyarda düşə bilər. “Məlumdur ki, aşağı gəlirli ölkələrdə sürətli iqtisadi inkişafın doğum səviyyəsinə böyük təsiri var. Qızlar təhsilə sahib olduqca, qadınlar iqtisadi imkanlarını genişləndirdikcə və daha yaxşı səhiyyə xidmətlərinə çıxış əldə etdikcə, doğuş nisbətləri aşağı düşür”, - deyə norveçli tədqiqatçı Per Espen Stoknes vurğulayıb.
LİTVADA İKİLİ VƏTƏNDAŞLIQ QANUNİLƏŞƏ BİLƏR
Litva vətəndaşlığın sərt tənzimlənməsindən imtina edərək onu hazırda mümkün olmayan ikili və hətta çoxsaylı vətəndaşlıq formasında qanuniləşdirmək niyyətindədir. Bu barədə “Report” agentliyi məlumat yayıb.
Litva qanunvericilik assambleyasının katibliyinin açıqladığına görə, 141 deputatdan 60-ı ölkə parlamentinə bu məsələ ilə bağlı 2024-cü il mayın 12-də referendumun keçirilməsi təklifi ilə çıxış edib.
“Litva Respublikasının vətəndaşlığı anadangəlmə hüquqla, eləcə də qanunla müəyyən olunmuş digər əsaslarla əldə edilir”, - konstitusiyanın vətəndaşlıq haqqında müddəasının məhz bu formada olması, oradan ikili vətəndaşlığa qoyulan qadağanın silinməsi təklif edilir.
Xatırladaq ki, 2019-cu ildə prezident seçkiləri ilə yanaşı, vətəndaşlıq barədə referendum da keçirilmişdi. Lakin o zaman bu plan lazımi seçici dəstəyi qazana bilməmişdi.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.