DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PUTİN: RUSİYAYA QARŞI KİBERMÜHARİBƏ ELAN EDİLİB

Rusiya prezidenti Vladimir Putin cümə günü Təhlükəsizlik Şurasının geniş iclasını keçirib. “APA”nın xəbərinə görə, dövlət başçısı Rusiyaya qarşı kibermüharibə elan olunduğunu bəyan edib.

“Rusiyanın informasiya məkanına kiberhücumların sayı son illər ərzində artmaqdadır. Ukraynada, Donbasda xüsusi əməliyyat başlayandan bəri isə bu sferada hücumlar daha kəskin, ciddi və genişmiqyaslı olub”, - deyə Rusiya prezidenti vurğulayıb.

Eyni zamanda, Vladimir Putin hücumların bir neçə ölkədən koordinasiyalı şəkildə təşkil edildiyini və buna dövlət səviyyəsində dəstək verildiyini diqqətə çatdırıb.

Rusiya lideri həmçinin kiber

hücumların və sanksiyaların uğursuzluğa düçar olduğunu da əlavə edib.

“Bizə qarşı kiberaqressiya və sanksiyalar uğursuzluğa düçar olub. Ümumilikdə, biz bu hücumlara hazır idik və bu, son illərin sistemli işinin nəticəsidir”, - deyə Vladimir Putin bildirib.

 

UKRAYNAYA HƏRBİ YARDIM GÖSTƏRƏN ÖLKƏLƏRİN İCLASI KEÇİRİLƏCƏK

Ukraynaya yeni hərbi yardım üzrə Qərb koordinasiya qrupunun ikinci iclası mayın 23-də onlayn rejimdə keçiriləcək və 40-dan çox ölkədən nümayəndə iştirak edəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib.

Mətbuat katibi əlavə edib ki, iştirakçı ölkələrin siyahısı hələ dəqiqləşdirilir, lakin qrupun iştirakçı dövlətlərinin sayı aprel ayında Almaniyadakı debüt iclasında olduğu kimi 40-dan çox olacaq.

“Sayla bağlı heç bir məhdudiyyət yoxdur. Mümkün qədər çox iştirakçı görmək istəyirik”, - deyə Con Kirbi əlavə edib.

Eyni zamanda, Pentaqonun mətbuat katibi qeyd edib ki, bu məsləhətləşmələr çərçivəsində Ukrayna tərəfi hərbi əməliyyatların gedişi ilə bağlı son məlumatları təqdim edəcək.

Məlumat üçün qeyd edək ki, sözügedən qrupun ilk görüşü aprel ayında Almaniyanın Ramşteyn aviabazasında keçirilib.

 

YAPONİYA HÖKUMƏTİ ÇİNƏ ETİRAZ NOTASI ÜNVANLAYIB

Yaponiya hökuməti Şərqi Çin dənizinin mübahisəli hissələrində qazma işlərinin aparılması ilə əlaqədar Çin hökumətinə etiraz notası ünvanlayıb. “Trend” agentliyinin məlumatına görə, bunu Yaponiyanın baş naziri Fumio Kisida bəyan edib.

Baş nazirin sözlərinə görə, Çin gəmiləri birtərəfli qaydada mübahisəli hissələrdə yerləşən qaz yataqlarında qazma işləri aparır.

Yaponiya tərəfinin məlumatlarına əsasən, rəsmi Pekin iki ölkə arasında təyin edilmiş iqtisadi zonanın sərhədində fəaliyyət göstərir. Hazırda orada 17 qazma qurğusunun işlədiyi qeyd olunur.

 

ABŞ AVROPADA 100 MİNLİK KONTİNGENTİNİ SAXLAYA BİLƏR

ABŞ 100 min nəfərlik gücləndirilmiş hərbi kontingentini Avropada saxlaya bilər. “Report” agentliyi bu barədə “CNN” telekanalına istinadən məlumat yayıb.

Verilən xəbərə görə, Vaşinqton bu addımı Rusiya Ukraynada müharibəni dayandırmasa, Finlandiya, İsveç və NATO-nu təhdid etməkdən əl çəkməsə atacaq.

Qərar NATO-nun daha çox hərbi təlimlər keçirəcəyi və ya təhlükəsizlik vəziyyətinin dəyişəcəyi təqdirdə veriləcək.

Bildirilir ki, ABŞ Rusiyanın Ukraynaya müdaxiləsindən üç həftə əvvəl Avropadakı qüvvələrinin sayını təxminən 60 min əsgərdən 100 minə qədər artırıb.

Məlumat üçün qeyd edək ki, Amerika qoşunları Avropanın şərq cinahındakı ölkələrdə yerləşdirilib.

 

İSPANİYADAN ERMƏNİLƏRİ MƏYUS EDƏN QƏRAR

İspaniyanın 17 muxtar bölgəsindən biri olan, ölkənin cənub-qərbində yerləşən Ekstremadurada qondarma erməni soyqırımı ilə bağlı yerli parlamentə təqdim edilən təklif rədd edilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, parlamentdə solçu Podemos partiyasının təqdim etdiyi 1915-ci il hadisələri ilə bağlı “erməni iddiaları”nı müdafiə edən təklif səsə qoyulub.

Məlumata əsasən, yalnız bir Podemos nümayəndəsinin lehinə səs verdiyi təklif çoxluq tərəfindən qəbul edilməyib.

İspaniya parlamenti müxtəlif dövrlərdə (2010, 2012, 2015 və 2018-ci illərdə) erməni lobbisinin təzyiqi ilə müzakirəyə çıxarılan 1915-ci il hadisələri ilə bağlı bütün təklifləri rədd edib.

İspaniyanın muxtar bölgələrindən yalnız Bask, Kataloniya, Navarra, Araqon, Rioja və Balear qondarma erməni soyqırımını tanıyıb, digərləri isə müzakirəyə çıxarılmadan ya rədd edilib, ya da geri götürülüb.

 

İRAN PREZİDENTİNDƏN URMİYA GÖLÜ İLƏ BAĞLI BƏYANAT

"Urmiya gölü məsələsi Urmiya şəhəri, bölgə və ölkə üçün çox əhəmiyyətlidir”. “APA”nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran prezidenti İbrahim Rəisi əyalətə səfəri çərçivəsində Urmiya şəhərində keçirilmiş tədbirdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, səfərinin əsas məqsədlərindən biri bu problemin aradan qaldırılmasıdır. İran prezidenti Urmiya gölünün qurumasının bölgədə etirazlara səbəb olduğunu da diqqətə çatdırıb.

Bununla yanaşı, Həsən Ruhani dövründə Urmiya gölünün dirçəldilməsinə işarə edən İbarahim Rəisi bunun üçün işlərə başlanıldığını, lakin tamamlanmadığını qeyd edib.

Xatırladaq ki, 2003-cü ildə quraqlıq səbəbindən su səviyyəsi azalmağa başlayan Urmiya gölü 2013-cü ildə tamamilə qurumaq təhlükəsi ilə üzləşib.

 

LİTVA RUSİYANIN ENERJİ RESURSLARINDAN İMTİNA EDİB

Rusiyanın Ukrayna ərazisində apardığı genişmiqyaslı hərbi əməliyyatlar səbəbindən Litva mayın 22-dən etibarən Rusiyadan qaz, neft və elektrik enerjisi alışını dayandırır. “Report”un xəbərinə görə, bu barədə yerli “Delfi” xəbər portalı məlumat yayıb.

“Bu, müharibə şəraitində olan Ukrayna ilə həmrəylik ifadəsidir. İmkan verə bilmərik ki, Rusiyanın hərb maşını bizim pullarımızla maliyyələşsin”, - deyə Litvanın energetika naziri Daynus Kreyvis vurğulayıb.

Nazirin sözlərinə görə, sinxronlaşma uğurla başa çatdıqdan sonra ölkə tam enerji müstəqilliyinə nail olacaq, elektrik enerjisinə olan tələbatını isə özünün “yaşıl enerji”si sayəsində ödəyəcək və ixracatçı ölkəyə çevriləcək.

Məlumat üçün qeyd edək ki, hazırda Litva ABŞ-dan sıxılmış təbii qaz alır. Elektrik enerjisinə olan tələbat isə daxili istehsal və Aİ ölkələrindən idxal hesabına qarşılanır.

 

ÜST-DƏN “MEYMUN ÇİÇƏYİ” İLƏ BAĞLI XƏBƏRDARLIQ

Kütləvi tədbirlərin keçirilməsi ilə əlaqədar yay aylarında “meymun çiçəyi” xəstəliyinə yoluxma halları arta bilər. “Teleqraf.com”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe bildirib.

“Avropada kütləvi toplantılar, festivallar və şənliklərlə müşayiət olunan yay dövrünə yaxınlaşırıq. Virusun yayılmasının sürətlənə biləcəyindən narahatam”, - deyə Hans Klüqe qeyd edib.

ÜST rəsmisi Avropa regionunda ən azı səkkiz ölkədə son bir neçə gündə “meymun çiçəyi” xəstəliyinə yoluxma halları aşkar edildiyini diqqətə çatıdırıb. O, əlavə edib ki, Avropadan kənarda virus Avstraliya, Kanada və ABŞ-da da qeydə alınıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.