Nəsillərə örnək
Region

Nəsillərə örnək

İkinci Qarabağ  müharibəsində  Vətən torpaqlarının azadlığı uğrunda son damla qanına qədər döyüşərək şəhidlik  zirvəsinə ucalan  qəhrəmanlardan biri də  Lerik şəhərində  anadan olan Elgün Tahir oğlu  Mövlanovdur.  Lerikin qartal  balası sağ olsaydı, aprelin 2-də  ömrünün 21-ci ilini qeyd edərdi.

Elgün  bu işıqlı  dünyada az yaşasa da, bir tarix yazdı. Məhz buna görə də  igid Vətən oğlu cismən aramızda olmasa da, mənən milyonların ürəyində yaşayır. Lerik  camaatı Elgünün  doğum  günündə qəhrəman Vətən sevdalının uyuduğu müqəddəs yeri ziyarət etdi, ehtiram əlaməti  olaraq məzarına təzə gül-çiçəkdən çələng düzdü.

Mərasimdə Elgündən böyük qürurla, iftixarla  danışıldı. Bildirildi ki, Elgün 44 günlük haqq  savaşımızda   əzəli, əbədi yurd yerimiz Qarabağın azadlığı   naminə  əsl qəhrəmanlıq  göstərib. Nəsillərə örnək olan qısa ömrü torpağına, el-obasına  sonsuz məhəbbət mücəssəməsinə döndü.   

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elgün  Tahir oğlu Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 Zəfər ORUCOĞLU.