DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ VƏ RUSİYA LIDERLƏRİ ARASINDA TELEFON DANIŞIĞI BAŞ TUTUB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında aprelin 27-də telefon danışığı baş tutub. “Trend” agentliyinin məlumatına görə, Türkiyə prezidenti rusiyalı həmkarına Akkuyu Atom Elektrik Stansiyasına göstərdiyi dəstəyə görə təşəkkür edib.

Bildirilir ki, prezidentlər Türkiyə-Rusiya münasibətləri və regional məsələlərlə yanaşı taxıl dəhlizi sazişi ilə bağlı müzakirələr aparıblar.

Məlumata əsasən, danışıqlarda Türkiyənin vitse-prezidenti Fuat Oktay, prezidentin sözçüsü İbrahim Kalın və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan da iştirak edib. Qeyd edək ki, AES-ə yanacaq yüklənməsi ilə Türkiyə nüvə enerjisi olan ölkə statusuna sahib olub. Xatırladaq ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgəsində inşa edilib.

 

UKRAYNANIN MÜDAFİƏ NAZİRİNDƏN ƏKS-HÜCUM ƏMƏLİYYATI AÇIQLAMASI

“Ukraynalılar ölkənin Silahlı Qüvvələrinin genişmiqyaslı əks-hücum əməliyyatına nə zaman başlayacaqlarını aydın şəkildə başa düşəcəklər”. “Teleqraf.com”un verdiyi xəbərə görə, Ukrayna müdafiə naziri Aleksey Reznikov bu hərbi əməliyyatların hamı üçün sürpriz olacağını bəyan edib. Nazirin sözlərinə görə, Rusiya hərbçiləri əks-hücum haqda nə qədər uzun müddət xəbərsiz olsalar, bir o qədər uğurlu olacaq. Aleksey Reznikov əlavə edib ki, xəbər resurslarından nəyisə gizlətmək çətindir, üstəlik, hərbçilərin özləri də sosial mediada aktivdirlər: “Azad edilmiş yaşayış məntəqəsinə daxil olaraq dərhal selfi çəkirlər və yayımlayırlar, hər şey hər kəsə aydın olur”. Nazir vurğulayıb ki, cəmiyyətin əks-hücum gözləntiləri bir qədər qızışıb, hamı növbəti qələbəni gözləyir: “Əvvəllər qələbəyə inanmırdılar, istəyirdilər ki, Ukrayna özünün heç olmasa bir hissəsini qoruyub saxlasın. Silahlı Qüvvələr uğur göstərəndə hamı qələbəyə inanmağa başladı. Əlbəttə, Müdafiə Nazirliyi ukraynalıların əks-hücumdan gözləntilərini dəyişə bilməz, lakin başa düşmək lazımdır ki, bu, müharibədir, burada hər şey çox çətindir”.

 

ARGENTİNA ÇİNLƏ TİCARƏTDƏ DOLLARDAN İMTİNA EDİR

Argentina Çindən idxalı dollarla deyil, yuanla ödəmək niyyətindədir. “Report” agentliyinin xəbərinə görə, bu barədə Cənubi Amerika ölkəsinin iqtisadiyyat naziri Serxio Massa məlumat verib. Nazirin sözlərinə görə, iki ölkə arasında “svop” əməliyyatı aktivləşdiriləcək: “Bununla da apreldə 1,04 milyard ABŞ dolları, may ayından isə 790 milyon ABŞ dollarını əvəz edəcəyik. Çinlə ticarətdə yuana keçmək Argentinaya daha çox azadlıq verəcək və ehtiyatlarını gücləndirəcək”. Eyni zamanda, Serxio Massa qeyd edib ki, ölkə tarixindəki ən pis quraqlıq səbəbindən Argentinanın ixracı 15 milyard dollar azalıb: “Bu, iqtisadi fəaliyyət və istehsal üçün əsas olan material və malların idxal səviyyəsini saxlamaq üçün ehtiyatlarımızı qorumağı çətinləşdirdi”.

 

Aİ MALLARIN RUSİYA ƏRAZİSİ ILƏ TRANZİTINƏ QADAĞA QOYA BİLƏR

Avropa İttifaqı bəzi malların Rusiya ərazisindən tranzitinə qadağa qoya bilər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Bildirilir ki, sözügedən məhdudiyyətin yeni sanksiyalar paketinin bir hissəsi kimi tətbiq edilməsi təklif edilir.

“Tranzit qadağası çoxsaylı texnologiyalara və digər mallara, o cümlədən bir neçə növ nəqliyyat vasitələrinə şamil olunacaq. Yeni sanksiyaların “Rosatom” dövlət korporasiyasına təsir göstərməsi ehtimalı azdır, çünki Aİ-də bu məsələ ilə bağlı konsensus yoxdur”, - deyə nəşr vurğulayıb. Macarıstanın xarici işlər naziri Peter Siyyartonun əvvəllər dediyi kimi, Budapeşt heç vaxt “Rosatom”a qarşı məhdudiyyətlərin tətbiqinə razı olmayacaq, çünki bu, ölkənin enerji təhlükəsizliyini təhdid edəcək. Onun sözlərinə görə, bu məhdudiyyətləri də nüvə enerjisindən istifadə edən Avropa ölkələri də dəstəkləmir.

Xatırladaq ki, ötən ilin fevralından Aİ Ukraynada keçirilən xüsusi əməliyyatla əlaqədar Rusiyaya qarşı on paket müxtəlif sanksiyalar tətbiq edib ki, bu da sonradan Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub.

 

COZEF BAYDENDƏN KXDR-ə XƏBƏRDARLIQ

ABŞ prezidenti Cozef Bayden və Cənubi Koreya dövlət başçısı Yun Sok Yol arasında görüş keçirilib. “TRT” telekanalının verdiyi xəbərə görə, Ağ Evdə baş tutan görüşdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.

Cozef Bayden mətbuata açıqlamasında ikitərəfli əlaqələrin iqtisadiyyat, texnologiya və bir çox başqa sahədə inkişaf etdiyinə diqqət çəkib və bunu “uğur hekayəsi” olaraq xarakterizə edib.

Eyni zamanda, ikitərəfli müdafiə razılaşmalarının əhəmiyyətinə diqqət çəkən Cozef Bayden KXDR-in nüvə fəaliyyətlərinə qarşı  qərarlı olduqlarını ifadə edib. ABŞ prezidenti bu çərçivədə ölkəsi ilə Cənubi Koreya arasında “Vaşinqton Bəyannaməsi”nin imzalandığını və nüvə təhlükələri qarşısında danışıqlar aparmaq üçün iki ölkə arasında Nüvə Məsləhət Qrupunun yaradılacağını bildirib. Bununla yanaşı, Cozef Bayden Şimali Koreyanı təhdid edərək onun ABŞ və müttəfiqləri başda olmaqla tərəfdaşlarına qarşı nüvə zərbəsi endirməsinin “qəbuledilməz” olacağını və belə bir hərəkətin istənilən rejimi “məhv edəcəyini” bəyan edib.

 

TürkiyƏnin “KEMANKEŞ” RAKETİ İLK DƏFƏ NÜMAYİŞ ETDİRİLİB

Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi “KEMANKEŞ” raketi ilk dəfə TEKNOFEST-də nümayiş etdirilib. “Trend” agentliyinin məlumatına görə, bu barədə “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar öz rəsmi sosial media hesabında bildirib. Verilən xəbərə görə, raketin reaktiv mühərriki, stabilləşdirilmiş kamera sistemi, süni intellekt proqram təminatından sistem dizaynına qədər bütün hissələri türk mühəndislər tərəfindən hazırlanıb.

Məlumat üçün qeyd edək ki, 27 aprel-1 may tarixlərində İstanbul Atatürk Hava Limanında Aviasiya kosmik və Texnologiya festivalı - TEKNOFEST keçirilir.

Eyni zamanda, 102 kateqoriya üzrə 41 əsas müsabiqə keçiriləcək festivalda 13 milyon lirədən çox pul mükafatı, 30 milyon lirədən çox maddi dəstək veriləcək.

Türkiyənin “Baykar” şirkətinin yerli və milli imkanlarla istehsal etdiyi “KIZILELMA” və “AKINCI” PUA-ları 25 aprel tarixində İstanbul Atatürk Hava Limanına eniş edib.

 

SUDANDA SİLAHLI TOQQUŞMALARDA ÖLƏNLƏRİN SAYI ARTIB

Sudanda ordu ilə Xüsusi Təyinatlı Qüvvələr arasında silahlı toqquşmalar nəticəsində həlak olanların sayı xeyli artıb. “Report” agentliyinin verdiyi xəbərə görə, Sudan Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, aprelin 15-də başlayan və 11 ştatda baş verən qarşıdurmalarda indiyədək 512 nəfər həyatını itirib, 4193 nəfər yaralanıb. Açıqlamada bildirilir ki, səhiyyə sistemi indiyə qədər nisbətən sabitdir və bəzi xəstəxanalar münaqişə tərəfləri arasında bir neçə gün davam edən ən gərgin döyüşlərdən sonra yenidən açılıb.

Bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi sudanlıların səhhəti ilə bağlı ciddi narahatlığını ifadə edərək vurğulayıb ki, hazırda ölkədə kommunikasiya və internetin olmaması səbəbindən sağlamlıq vəziyyəti ilə bağlı hər hansı qiymətləndirmə aparmaq çox çətindir.

ÜST rəsmisinin sözlərinə görə, bu gün ölkənin paytaxtında - Xartum şəhərində tibb müəssisələrinin 61 faizi bağlanıb, bütün ölkə boyu xəstəxana və ya poliklinikaların cəmi 16 faizi fəaliyyət göstərir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.