İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Güləşçilərimiz "Çempionlar" turnirini 10 medalla başa vurublar

Türkiyənin Antalya şəhərində gənclər (U20) arasında güləş üzrə "Çempionlar" turniri başa çatıb. Yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil ediblər.

Sərbəst güləşdə Ceyhun Allahverdiyev (61 kq) və Ramik Heybətov (65 kq) qızıl, Ruslan Abdullayev (57 kq) gümüş, Cavidan Əhmədov (70 kq), Əkbər Vəliyev (74 kq), Təbriz Bayramov (86 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal qazanıblar. 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən yığma 140 xal  toplayaraq komanda hesabında 3-cü yeri tutub. Qadın güləşçilər isə 1 dəst medala sahib çıxıblar. Gültəkin Şirinova (53 kq) çempion olub. Ruzanna Məmmədova (55 kq) ikinci, Əsmər Cankurtaran (53 kq) isə üçüncü yeri tutub. Beləliklə, 2 növ üzrə ümumilikdə, 10 (3 qızıl, 2 gümüş, 5 bürünc) medal qazanılıb.

 

Ölkə çempionatında 5 çəki dərəcəsində qaliblər bəlli olub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş güləş üzrə U-15 Azərbaycan çempionatı davam edir. Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışın üçüncü günündə 38, 44, 52, 62 və 75 kiloqram çəki dərəcəsində yer alan yunan-Roma güləşçiləri mübarizə aparıblar. Beş çəki dərəcəsi üzrə ümumilikdə, 117 idmançı mübarizə aparıb.  Yarışda Əbdülrəhman Hüseynli (38 kq), Hikmət Haqverdiyev (44 kq), Nihad Məhərrəmov (52 kq), Nicat Yeyləgalıyev (62 kq) və Riyad İbrahimov (75 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Güllə atıcılığı üzrə beynəlxalq turnirdə

Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə komandasının üzvləri Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə daha iki medal qazanıblar. Odlu silahdan (tapança) 50 metr məsafəyə fərdi yarışda Kamran Zeynalov ikinci yerə çıxıb. Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayevadan ibarət yığma isə komanda yarışında 3-cü pilləni tutub.

Turnir bu il 17-29 sentyabrda Perunun paytaxtı Limada təşkil olunacaq dünya çempionatına lisenziya qazandırır. Azərbaycan təmsilçilərindən Aybəniz Babayeva 10 metr, Yelena Taranova 10 və 25 metr, Rafiq Əliyev 25 metr, Kamran Əliyev isə 50 metr  məsafəyə atışda mundiala vəsiqə əldə ediblər.

 

Gimnastımız Polşadan 2 medalla qayıdıb

Polşanın paytaxtı Varşavada bədii gimnastika üzrə XV "Irina Cup" beynəlxalq turniri keçirilib.  Turnirdə iştirak edən millimizin üzvü İlona Zeynalova iki bürünc medal qazanıb. Gimnastımız lentlə hərəkətlərin icrasında və çoxnövçülük proqramında fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".