TİBBİ AKSİYA
Region

TİBBİ AKSİYA

Artıq bir neçə ildir ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin peşəkar həkim briqadası Astara rayonunda xəstələri yerindəcə müayinə edir, müalicəsinə lazımi köməklik göstərir. Bu günlərdə Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə mərkəz tərəfindən növbəti tibbi aksiya keçirilib.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev akademik Zərifə Əliyeva adina Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasında keçirilən aksiyanın gedişi ilə maraqlanıb. Xeyirxah tədbirin ənənəvi hal aldığını vurğulayan icra başçısı göstərilən nümunəvi tibbi yardıma görə mərkəzin rəhbərliyinə və tibb işçilərinə minnətdarlıq edib. Bildirib ki, bu dəfəki aksiya ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinin qeyd olunduğu əlamətdar günlərə təsadüf edir.

Mərkəzin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu,  Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov səyyar klinikada aparılan müayinə prosesi və xəstələrə göstərilən tibbi yardımla maraqlanıb, səhiyyə işçilərinə tövsiyə və tapşırıqlarını verib.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.