DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

“TALIBLAN” QƏRBLƏ ƏMƏKDAŞLIQ ETMIŞ ƏFQANLARIN “OVUNA” ÇIXIB

“Taliban” hərəkatının üzvləri Əfqanıstanda ABŞ və NATO ilə əməkdaşlıq etmiş yerli sakinlərin axtarışlarını aktivləşdiriblər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Norveçin Qlobal Analiz Mərkəzinin BMT üçün hazırlanmış sənədinə istinadən “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin informasiyasına əsasən, taliblərdə belə insanların adları və ünvanlarının siyahısı var. Bildirilir ki, hərəkat nümayəndələri evlərə gedərək müəyyən şəxsləri saxlayırlar.

Bununla yanaşı, hərəkatın silahlıları həmin əfqanları təslim olmayacaqları təqdirdə ailə üzvlərinin həbsi və ya qətli ilə hədələyirlər.

Verilən xəbərə görə, ən böyük təhlükə ilə əfqan hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və devrilmiş hökumətin istintaq bölmələrində işləmiş şəxslər üzləşiblər.

 

TÜRKIYƏDƏ PANDEMIYA TƏDBIRLƏRI GÜCLƏNDIRILIR

Türkiyədə koronavirusa yoluxanların 90 faizdən çoxunu “delta” ştammı təşkil edir və “delta plyus” ştammına yoluxanların da sayı artmaqdadır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca pandemiya ilə mübarizədə ölkədəki vəziyyət haqqında danışarkən bəyan edib.

Səhiyyə naziri bildirib ki, yoluxma halları artdığı üçün qorunma tədbirləri gücləndirilməlidir. O deyib: “Əvvəllər 1,5 metr sosial məsafə saxlayırdıqsa, indi 2 metr olmalıdır. Son zamanlarda iki doza peyvənd olunmasına baxmayaraq yoluxma sayı artıb. Lakin iki dozadan sonra heç kim həyatını itirməyib”.

Eyni zamanda, nazir bildirib ki, gələn həftədən dördüncü doza vaksinasiya başlayacaq. “Bu, yalnız xaricə gedəcək şəxslərə tətbiq ediləcək. Lakin iki doza inaktiv peyvənd olunanların üçüncü doza vurdurması tələb olunur. Çünki bu peyvəndlərdə qorunmanın 4-6 ay ərzində azaldığı məlumdur. “BioNTech” peyvəndi olanlara isə üçüncü dozasının vurulmasına ehtiyac yoxdur”,  - deyə Fəxrəddin Qoca vurğulayıb.

 

BAŞ KATIB: TERRORÇULARIN ALYANSI TƏHDID ETMƏSINƏ ICAZƏ VERILMƏYƏCƏK

“NATO beynəlxalq terrorizmin Əfqanıstan ərazisindən alyansı təhdid etməsinə icazə verməyəcək”. “Report”un verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansa daxil olan ölkələrin xarici işlər nazirlərinin növbədənkənar videokonfransından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Baş katib qeyd edib ki, NATO ölkələri mümkün qədər çox adamı Əfqanıstandan çıxarmaq məqsədilə avqustun 31-dən sonra da alyansın Kabil hava limanına nəzarəti əlində saxlamasının zəruri olduğunu vurğulayıblar.

“ABŞ Kabil hava limanına nəzarəti avqustun 31-dək davam etdirməyi təklif etdi, lakin NATO ölkələri mümkün qədər çox insanı evakuasiya etmək məqsədilə bu müddətin uzadılmasının tərəfdarı oldular”, - deyə Yens Stoltenberq əlavə edib.

 

GÜRCÜSTANDA KORONAVIRUSDAN REKORD SAYDA ÖLÜM QEYDƏ ALINIB

Gürcüstanda son sutka ərzində daha 4743 nəfərdə koronavirus aşkarlanıb, 3393 nəfər sağalaraq evə buraxılıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Məlumata görə, ötən 24 saat ərzində 59 yeni ölüm halı qeydə alınıb. Bu, Gürcüstanda pandemiyanın başlanğıcından bəri qeydə alınan ən yüksək sutkalıq ölüm göstəricisidir.

Gürcüstanda indiyədək “COVID-19”a 506040 nəfərin yoluxduğu müəyyən edilib. Onların 440370-i sağalıb, 6649-u isə vəfat edib.

BAYDEN VƏ MAKRON ƏFQANISTANDAKI VƏZIYYƏTI MÜZAKIRƏ EDIBLƏR

ABŞ prezidenti Co Bayden və Fransa lideri Emmanuel Makron arasında telefon danışığı baş tutub. “Trend” agentliyinin məlumatına görə, bu barədə telefon danışığının yekunları üzrə Ağ Evin mətbuat xidmətinin açıqlamasında qeyd olunur.

Verilən xəbərə əsasən, tərəflər Əfqanıstandakı vəziyyəti, həmçinin iki ölkənin vətəndaşlarının Kabil hava limanından təxliyəsini müzakirə ediblər.

Açıqlamada deyilir: “Dövlət başçıları Əfqanıstan, o cümlədən humanitar yardım və qaçqınların dəstəklənməsi məsələləri üzrə müttəfiqlər və demokratik tərəfdaşlar arasında sıx koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar”.

Prezidentlər həmçinin gələn həftə Əfqanıstanla bağlı “G7” sammitinin keçirilməsi üzrə planları alqışlayıblar.

 

HINDISTANIN “COVID-19”A QARŞI ILK DNT PEYVƏNDI TƏSDIQLƏNIB

Hindistan təcili istifadə üçün “Zydus Cadila” şirkətinin mütəxəssisləri tərəfindən nuklein turşusu əsasında hazırlanan koronavirusa qarşı peyvəndi təsdiqləyib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “CNBC” telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə əsasən, şirkət peyvəndin tətbiqi sxemi ilə bağlı daha ətraflı məlumat verməli olacaq.

“ZYCOV-D” preparatı dezoksiribonuklein turşusu (DNT) əsasında yaradılıb. Peyvəndləmə üç mərhələdə aparılır. Onun effektivliyi isə 66,6 faiz kimi qiymətləndirilir.

 

“TALIBAN” 83 MILYARD DOLLARLIQ SILAHA SAHIB OLUB

“Taliban” Əfqanıstana nəzarətə sahib olmaqla həm də ABŞ-ın keçmiş hökumətə verdiyi “Black Hawk” helikopterlərini, “A-29 Super Tucano” hücum təyyarələrini də ələ keçirib. “Teleqraf.com”un verdiyi xatırladır ki, sosial mediada “Taliban” döyüşçülərinin M4 karabinləri, “M16” tüfəngləri ilə “Humvee” və digər zirehli avtomobillərdə görüntüləri ortaya çıxıb.

Mütəxəssislər qeyd edirlər ki, təkmilləşdirilmiş hava vasitələrinin xüsusi təhsil olmadan istifadəsi mümkün deyil. Ekspertlər “Taliban”ın əlinə keçən kiçik silahların daha böyük narahatlıq yarada biləcəyi qənaətindədir.

Məlumat üçün qeyd edək ki, ABŞ son 20 il ərzində Əfqanıstan təhlükəsizlik qüvvələrinə xüsusi seminarlar keçməklə yanaşı təchizatına 83 milyard dollar xərcləyib.

Bildirilir ki, 2003-2016-cı illər ərzində Əfqanıstan qüvvələrinə 76 min avtomobil, 600 min silah, 163 min rabitə və kommunikasiya təchizatı, 208 ədəd hava nəqliyyat vasitəsi verilib.

 

ÇIP DEFISITI “TOYOTA”DAN DA YAN KEÇMƏDI

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motors” qlobal yarımkeçirici çip tədarükü problemləri səbəbilə sentyabr ayında ölkə daxilində 27 istehsal xəttini üç həftə müddətinə dayandıracaq. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Dünyada smartfon, planşet və 5G şəbəkə avadanlıqları, oyun konsolları istehsalçılarının çiplərə tələblərinin artması qolobal seviyyədə avtomobil istehsalçılarının çip tədarükünü çətinləşdirib.

“Toyota”dan yayılan açıqlamada, şirkətin çip tədarük problemi səbəbilə ölkədəki 14 fabrikdə 27 istehsal xəttini müvəqqəti olaraq dayandıracağı, bunun isə əvvəllər elan edilən aylıq istehsal həcminin 40 faiz azalmasına səbəb olacağı qeyd edilib.

İstehsal xəttinin üç həftəlik dayandırılması “Yaris” kompakt, “Prius” hibrid və “RAV4” modellərinə təsir edəcəyi vurğulanıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.