DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

SƏUDİYYƏ ƏRƏBİSTANINDA UKRAYNA ILƏ BAĞLI MƏXFİ GÖRÜŞ KEÇİRİLİB

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dekabrın 16-da Ukraynada münaqişəyə son qoymaq məqsədilə məxfi toplantı keçirilib. Bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, tərəflər toplantıda razılığa gələ bilməyiblər.

Agentliyin xəbərinə əsasən, görüş, xüsusən də iştirakçıların rahatlığı üçün gizli şəraitdə keçirilib. Məlumata görə, bu format gələcəkdə Ukrayna və Rusiya arasında sülh şəraitinin və potensial qarşılıqlı fəaliyyət prinsiplərinin daha azad və səmimi müzakirəsinə zəmin yaradıb. İclasda iştirak edən ölkələr əsasən milli təhlükəsizlik müşavirləri ilə təmsil olunublar.

Toplantıya ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa və Yaponiyadan milli təhlükəsizlik rəsmiləri ilə yanaşı, Hindistan, Səudiyyə Ərəbistanı və Türkiyədən də nümayəndələr qatılıb.

Eyni zamanda, görüşə Rusiyanın dəvət olunmadığı, Çin, Braziliya və BƏƏ-nin isə təklifi qəbul etmədikləri vurğulanıb.

“Bloomberg”in məlumata əsasən, tərəflərin razılaşdığı yeganə məqam Ukraynanın ərazi bütövlüyünün qorunması və hərbi yardımın davam etdirilməsi olub.

LİVANIN BAŞ NAZİRİ İSRAİLLƏ DANIŞIQLARA HAZIR OLDUĞUNU BİLDİRİB

Livan hökuməti İsraillə danışıqlara hazır olduğunu bəyan edib. “Report” agentliyinin xəbərinə görə, bunu Livanın baş naziri vəzifəsini icra edən Nəcib Mikati  BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pyer Lakrua  ilə görüşdə bildirib.

Nəcib Mikati beynəlxalq vasitəçilərin onlara müharibə təhdidlərinə cavab olaraq məsələləri danışıqlar yolu ilə uzunmüddətli sülhə çağırdığını qeyd edib.

Məlumata görə, yaxın günlərdə Beyruta ABŞ administrasiyasının xüsusi emissarı Amos Hoşteynin  səfəri gözlənilir. Səfərdən əvvəl o, Avropa paytaxtlarından birində Livan parlamentinin sədr müavini, Livanın keçmiş müdafiə naziri Elias Bou Saab ilə görüşəcək.

Xatırladaq ki, yanvarın 9-da Beyrutda nəşr olunan, “Hizbullah” terror qruplaşması ilə əlaqəsi olan “Al-Akhbar” qəzeti Livanın İsraillə danışıqlardakı şərtlərinin siyahısını dərc etmişdi. Bu hərbi-siyasi qruplaşma danışıqların yalnız Qəzza zolağında atəşkəsdən sonra mümkün olacağını vurğulamışdı.

GÜRCÜSTANDA PARLAMENT SEÇKİLƏRİNİN VAXTI AÇIQLANIB

Gürcüstanda parlament seçkiləri bu il oktyabr ayının 26-da keçiriləcək. “Trend” agentliyinin xəbərinə görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Açıqlamaya əsasən, parlament seçkilərində iştirak hüququ əldə etmək üçün partiyaların qeydiyyat proseduru Gürcüstanın Seçki Məcəlləsinin 133-cü maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Bildirilir ki, 2020-ci ildəki son seçkilərin nəticələrinə əsasən parlamentdə nümayəndəliyi olan partiyalar sadəcə olaraq MSK-ya ərizə ilə müraciət etməlidirlər.

Eyni zamanda, sözügedən partiyalar parlament seçkilərinin tarixi müəyyən olunandan sonra 57 gün ərzində partiya rəhbəri və ya rəhbərləri tərəfindən imzalanmış müvafiq ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət etməlidirlər.

Məlumat üçün qeyd edək ki, ölkədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasından əlavə daha 11 müxalifət partiyası var.

Agentliyin verdiyi xəbərə görə, ilk dəfə seçkilər yalnız proporsional sistemlə keçiriləcək.

DÜNYA BANKI BU İL ÜÇÜN QLOBAL İQTİSADİ PROQNOZUNU AÇIQLAYIB

Dünya Bankı 2024-cü ildə qlobal iqtisadi artımın yavaşlayacağını proqnozlaşdırır. “TRT” telekanalının xəbərinə görə, bu barədə məliyyə təşkilatının “Qlobal İqtisadi Gözləntilər Hesabatı”nın 2024-cü il yanvar buraxılışında qeyd olunur. Hesabata əsasən, qlobal artımın ardıcıl 3 il ərzində yavaşlaması gözlənilir.

Məlumata görə, ötən il 2,6 faiz olacağı təxmin edilən qlobal iqtisadi artım bu il 2,4 faiz təşkil edəcək. 2025-ci ildə isə 2,7 faiz artım proqnozlaşdırılır.

Bununla yanaşı, hesabatda qlobal iqtisadiyyatın bir il əvvəllə nisbətən daha yaxşı yerdə olduğuna diqqət çəkilib. Bildirilir ki, qlobal tənəzzül riski əsasən ABŞ iqtisadiyyatı hesabına azalıb. Həmçinin geosiyasi gərginliyin artmasının qısa müddətdə dünya iqtisadiyyatı üçün yeni təhlükələr yarada biləcəyi vurğulanıb.

ANTONİ BLİNKEN: İSRAİL FƏLƏSTİNLİLƏRİ QƏZZADAN ÇIXARMAQ NİYYƏTINDƏ DEYİL

İsrailin baş nazir Benyamin Netanyahu danışıqlarda ABŞ-ın dövlət katibi Antoni Blinkeni əmin edib ki, İsrail hakimiyyəti fələstinliləri Qəzza zolağından məcburi çıxarmayacaq. “Report” agentliyinin xəbərinə görə, bu barədə ABŞ-ın dövlət katibi Tel-Əvivdə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Artıq baş nazirə bildirdim ki, Birləşmiş Ştatlar fələstinlilərin Qəzzanın hüdudlarından kənara köçürülməsi ilə bağlı istənilən təklifi birmənalı şəkildə rədd edir. Baş nazir isə mənə təsdiq etdi ki, bu, İsrail hökumətinin siyasətinə uyğun deyil”, - deyə Blinken vurğulayıb.

Antoni Blinken həmçinin qeyd edib ki, ABŞ və İsrail diplomatiya yolu ilə Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır.

“Biz və İsrail hökuməti hesab edirik ki, diplomatik yol təhlükəsizliyə nail olmaq üçün ən yaxşı yoldur. Məhz buna nail olmaq üçün səylərimizi davam etdirəcəyik”, -  deyə dövlət katibi əlavə edib.

Məlumat üçün qeyd edək ki, Antoni Blinken yanvarın 10-da Ramallahda Fələstin prezidenti Mahmud Abbasla görüş zamanı Vaşinqtonun Fələstin dövlətinin yaradılması üçün real tədbirləri dəstəklədiyini bir daha təsdiqləyib.

İŞİD YENİDƏN “CANLANDI”

İŞİD terror təşkilatı Suriyanın Homs vilayətində Bəşər Əsəd rejiminin ordusuna məxsus konvoyu pusquya salıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, ağır silahlarla başlayan hücumda 9 suriyalı hərbçi həlak olub, 20 nəfəri isə yaralanıb.

Qeyd edək ki, İŞİD yanvarın 2-də də Deyr əz-Zor vilayətində Bəşər Əsəd rejimi qüvvələri və İranın dəstəklədiyi silahlıların yerləşdiyi mövqeyə hücum edərək çoxlu sayda döyüşçünü girov götürmüşdü.

Məlumata əsasən, Suriyadakı varlığını böyük ölçüdə itirən İŞİD terror təşkilatı hazırda Homs, Dərra, Süveyda və Deyr əz-Zor vilayətlərinin bir hissəsini əhatə edən Bədiyə kimi tanınan səhralıq bölgədə mövcudluğunu qorumağa çalışır.

Bununla yanaşı, terror təşkilatı zaman-zaman Bəşər Əsəd rejimi və İrana bağlı qüvvələrə hücumlar təşkil edir.

44 İL HƏBS CƏZASI ÇƏKƏN ŞƏXS 25 MİLYON DOLLAR TƏZMİNAT ALACAQ

ABŞ-da Ronni Lonq adlı şəxs günahsız yerə 44 il həbs cəzası çəkdiyinə görə, 25 milyon dollar təzminat alacaq. “TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə “CBS” telekanalının məlumatında qeyd olunur yayıb.

Verilən xəbərə görə, Ronni Lonq 1976-cı ildə soyğunçuluq və təcavüz ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib. Həmin vaxt onun 21 yaşı olub. 2020-ci ilin avqustunda isə məhkəmə ona tam bəraət verib və hökmü ləğv edib.

Bildirilir ki, Ronni Lonqun hazırda 68 yaşı var. 25 milyon dollardan əlavə, yaşadığı Şimali Karolina ştatının Konkord şəhər rəhbərliyi ondan açıq məktub şəklində üzr istəyib.

“Cənab Lonqa, onun ailəsinə, dostlarına və cəmiyyətimizə böyük zərər vurmuş keçmiş səhvlərə görə peşmanıq. Cənab Lonqa və ailəsinə onlardan alınanları tam şəkildə qaytara biləcək heç bir vasitə yoxdur. Keçmiş səhvləri düzəltmək və məsuliyyət daşınması üçün əlimizdən gələni edirik”, - deyə şəhər rəhbərliyinin bəyanatında vurğulanıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.