İranın anti-Azərbaycan siyasəti
Digər xəbərlər

İranın anti-Azərbaycan siyasəti

İran İslam Respublikasında artıq bir ilə yaxındır ki, həbslər, qarşıdurmalar, iğtişaşlar davam etməkdədir. Əvvəlcə qadınların öz haqlarını müdafiə etmələri üçün ayağa qalxaraq keçirdikləri nümayişlərlə başlanan hərəkat qısa müddətdə etiraz aksiyalarına çevrilmişdir.

Burada baş verən hərəkatda bölgənin bütün millətlərdən olan vətəndaşları iştirak edirlər. Bu da o deməkdir ki, İranda yaşayan xalqların hamısı mövcud siyasi rejimdən narazıdırlar və hazırkı hakimiyyətə qarşı bütövlükdə İran ayağa qalxmışdır. İran hakimiyyəti həm Azərbaycan Respublikasına və həm də İranın yarısından çoxunu təşkil edən Azərbaycan əhalisinə münasibətdə açıq şəkildə anti-Azərbaycan mövqeyində çıxış edir. Müsəlman ölkəsi olan İranın Birinci  və İkinci Qarabağ müharibəsində xristian Ermənistanını müdafiə etməsi, Azərbaycanın düşməni olan Ermənistanı silahlandırması, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması ölkəmizə və xalqımıza bəslədiyi mənfi münasibəti aşkar şəkildə nümayiş etdirir.

Ermənistanla uzun illər davam edən münaqişəyə münasibətdə İrandan ölkəmizə qarşı daim soyuq münasibət görmüşük. İranın Azərbaycana münasibəti Ermənistanla qurduğu iqtisadi-siyasi və diplomatik münasibətlər fonunda açıq şəkildə ortaya çıxır. Bu gün İran Ermənistanı həm qazla təmin edir, həm də bu işğalçı ölkənin iqtisadi baxımdan ayaqda durmasında ciddi rol oynayır. İşğal altında olan ərazilərdəki evləri ermənilər dağıtsalar da, İran oranın viranəyə çevrilməsində birbaşa iştirak edib. 44 günlük Vətən müharibəsinin başlaması ermənilər kimi, İran üçün də tamamilə gözlənilməz oldu. İran Azərbaycan Ordusunun qalibiyyətli hücumunu dayandırmaq üçün Ermənistan hakimiyyətinə hər cür köməklik göstərməyə çalışıb.

Azərbaycan İranın qeyri-səmimi siyasətinə qarşı həmişə ehtiyat tədbirləri görür. Yeganə İslam ölkəsidir ki, İran Azərbaycana qarşı bu cür qərəzli mövqedən çıxış edir. Digər İslam ölkələrinin hər biri Azərbaycanın haqlı mövqeyini  dəstəkləyir, hətta bəziləri Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb.

Qeyd etmək lazımdır ki, Azərbaycanla sərhədə qoşun yeritmələri də anti-Azərbaycan mövqeyindən irəli gəlir. Son bir ildə isə İran Ermənistanı daha qətiyyətli formada dəstəkləyir. İranın Qafanda konsulluq açması isə bunun ən pik nöqtəsi idi.

İranın Xorasan şəhərində XIII əsr Azərbaycan şairi, anadilli ədəbiyyatımızın banisi İzzəddin Həsənoğlunun məzar daşlarının dağıdılması İran İslam Respublikasında anti-Azərbaycan siyasətinin hansı həddə gəlib çatdığını əyani olaraq göstərir. Azərbaycan səfirliyinin binasına silahlı hücum və səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun faciəli şəkildə qətlə yetirilməsi də İran İslam Respublikasının  anti-Azərbaycan siyasətinin nəticəsidir. İran rəsmiləri "Ermənistanın ərazi bütövlüyünün pozulması bizim qırmızı xəttimizdir" kimi açıqlamalar verərək Azərbaycanın ünvanına sərt ittihamlar, təzyiq dolu bəyanatlar səsləndirmişlər. Xüsusilə İran parlamentinin deputatlarının, yüksək vəzifəli hərbi və mülki şəxslərin Azərbaycan haqqında ziddiyyətli açıqlamaları dostluq və qonşuluq münasibətlərindən tamamilə uzaqdır.

İşğalda qalmış torpaqlarını Azərbaycanın öz gücü hesabına azad etməsi, türk qardaşlarımızın bizə dəstək verməsi İranı narahat edir, hətta qorxudur. Elə ona görə, İran Zəngəzur dəhlizinin açılması ilə bağlı "qırmızı xətt" açıqlaması verir. Bu gün İran hər vəchlə Azərbaycanla Ermənistan arasında olan məsələlərə müdaxilə etməyə çalışır.

İran və Ermənistan ekspertləri anti-Azərbaycan təbliğatında qüvvələrini birləşdirmək qərarına gəliblər. Bunu təkcə son bir ayda baş verənlər təsdiq etməkdədir. Keçirilən birgə tədbirlər, mediada şifahi və yazılı çıxışlar hər iki ölkənin regionda və dünyada Azərbaycan Respublikasının mövqeyinin durmadan güclənməsindən ciddi narahatlıq keçirdiyini və bu  səbəbdən də resurs və imkanları birləşdirmək üçün çalışdıqlarını aşkar şəkildə nümayiş etdirir.

Bir sözlə, İran özünün düşmənçilik mövqeyindən nəinki əl çəkmir, hətta bu istiqamətdə fəaliyyətini daha da genişləndirməyə çalışır.

Röya RÜSTƏMLİ,

"Respublika".