Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də, bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Ən mühüm hadisələrdən olan "11 sentyabr terror aktları"nı oxuculara təqdim edirik.

"Respublika".

 

11 sentyabr terror aktları

XXI əsrin ən qanlı hadisələrindən biri 11 sentyabr terror aktlarıdır. 2001-ci il  sentyabrın 11-də baş verən bu  hadisədən sonra dövlətlərarası münasibətlərdə yeni dövr başladı. Baş vermiş bu hadisə sübut etdi ki, dünyada tutduğu mövqedən, gücündən və qüdrətindən asılı olmayaraq, heç bir dövlət terrordan sığortalanmayıb. ABŞ-ın ən önəmli strateji obyektlərinə - Pentaqon və Dünya Ticarət Mərkəzinə hücumlar təşkil edilməsi onun beynəlxalq imicinə, qlobal nüfuzuna mənfi təsir göstərdi. Beləliklə, Vətəndaş müharibəsindən sonra ABŞ ərazisində baş verən ən böyük tələfatla nəticələnən 11 sentyabr hadisəsi dünyada yeni beynəlxalq şərait yaratdı.

Tədricən Avropa Birliyi, Rusiya, Yaponiya, Çin və Hindistan regional güclər olaraq ABŞ-ın fəaliyyət sahəsini məhdudlaşdırmaqda idilər. Çoxqütblü dünya nizamı yenidən qurulurdu. Türkiyə, İran, Braziliya, İndoneziya kimi dövlətlər dəyişən dünya nizamının regional güclərinə çevrildi. Bu çoxqütblü dünya nizamında dünyanın geosiyasi, geoiqtisadi və geostrateji ağırlıq mərkəzi Atlantikdən Sakit okean bölgəsinə keçdi. Afrika-Avrasiya bölgəsində enerji mənbələri və tranzit yolları geosiyasi mübarizə meydanına çevrildi. Avrasiyanın ağırlıq mərkəzini təşkil edən Qara dəniz-Qafqaz-Mərkəzi Asiya üçbucağı uğrunda ABŞ, Rusiya və Çin arasında geosiyasi mübarizə gücləndi.  Terror aktları təkcə Amerikada dəyişikliyə səbəb olmadı, bu hadisələrdən sonra çoxlu müharibələr başlandı, dünyada qüvvələr balansı dəyişdi, çoxsaylı terror təşkilatları və radikal qruplaşmalar yaradıldı.

11 sentyabr hadisələri Amerikanın özündə ümummilli birliyə təkan verdi, müxtəlif irqlərə, konfessiyalara və siyasi qruplara mənsub olan amerikalılar sıx birləşdilər. "Əl-Qaidə"nin və onun lideri Üsamə bin Ladenin məhv edilməsini, habelə Əfqanıstanda taliblər rejiminin devrilməsini nəzərdə tutan "Sarsılmaz azadlıq" adlı hərbi əməliyyat başlanandan sonra ABŞ hökuməti əvvəllər federal agentliklər ilə özəl sektor arasında əməkdaşlığa və informasiya mübadiləsinə əngəl törədən maneələri aradan qaldırdı. Federal agentliklər ştatlar səviyyəsində münasibətləri möhkəmləndirdilər, yerlərdə aparılan müşahidələr bilavasitə beynəlxalq və daxili terrorizmə qarşı mübarizə üçün çox faydalı oldu. Birləşmiş Ştatların təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi üçün 2002-ci ildə Daxili Təhlükəsizlik Nazirliyi yaradıldı. Terror aktları törədilməsinə və təbii fəlakətlərin nəticələrinə qarşı mübarizə məqsədilə bütün idarələrin optimal qarşılıqlı fəaliyyətinə nail olmaq üçün yaradılmış, prinsip etibarilə yeni olan bu qurum çoxsaylı təhlükəsizlik xidmətlərini birləşdirir.

2001-ci il sentyabrın 11-i cümə axşamı günü ABŞ-da miqyası bu zamana qədər görünməmiş terror aktları törədildi. Səhər saat 8:46-da "American Airlines 11" reysli təyyarə Nyu-Yorkdakı məşhur Dünya Ticarət Mərkəzinin "Əkiz Binalar"ın şimal qülləsinə çırpıldı. Təqribən 20 dəqiqə sonra "United Airlines 175" reysli təyyarə "qüllələrin" ikincisinə - cənub qülləsinə, daha bir təyyarə isə ABŞ Müdafiə Nazirliyinin binasına çırpıldı. Terrorçuların qaçırdığı digər təyyarə isə vurulub salındı.

Terror aktları nəticəsində 19 terrorçu və 2977 nəfər günahsız insan ölüb, 6 mindən çox insan yaralanıb. Qaçırılmış dörd təyyarədə 265 nəfər, Dünya Ticarət Mərkəzində 2606 nəfər, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasında isə 125 nəfər tələf olub. Bu hücumlarda, həmçinin 19 terrorçu "Əl-Qaidə" üzvü ölüb. Terror aktları ABŞ iqtisadiyyatına 120 milyard dollar ziyan vurub. Yeri gəlmişkən, təkcə "Əkiz qüllələrdə" 14 min insan olub və 90-cı mərtəbəyə qədər olan insanlar binalar çökməmişdən əvvəl evakuasiya edilib.

ABŞ Federal Təhqiqatlar Bürosu hadisədən 72 saat sonra terrorçular haqqında ətraflı məlumat toplayıb. Və tezliklə ABŞ prezidenti 11 sentyabr terrorunu sifariş verən və icra edən "Əl-Qaidə"yə qarşı qlobal savaş elan edib. Lakin amerikalıların "Əl-Qaidə" ilə "tanışlığı" 11 sentyabrdan daha əvvəl olub. 1998-ci ildə "Əl-Qaidə"nin Keniyanın paytaxtı Nayrobi və Tanzaniyanın paytaxtı Dar əs-Salamda ABŞ səfirliklərinə qarşı törətdiyi terror aktlarında 200 nəfər ölüb, 4000 nəfərə yaxın insan xəsarət alıb.

Daha əvvəl isə "Əl-Qaidə"nin qurucuları Əfqanıstanda sovetlərə qarşı Qərblə müttəfiq olublar. "Taliban" kimi "Əl-Qaidə" də 1980-ci illərdə Əfqanıstanda SSRİ-yə qarşı aparılan və Vaşinqtonun dəstəklədiyi cihad müharibəsinin "meyvəsi" idi.

"Əl-Qaidə" terror təşkilatı bəzi məlumatlara görə, 1988-ci, bəzilərinə görə, 1989-cu ildə Pakistanın Əfqanıstanla həmsərhəd Pişəvər şəhərində yaradılıb. O illərdə Pakistanın Əfqanıstanla həmsərhəd olan digər bölgələri kimi, Pişəvər sovetlərə qarşı cihad müharibəsinin əsas düşərgələrindən biri idi. Ümumiyyətlə, həmin illərdə Əfqanıstanda sovetlərə qarşı savaşın ideoloji bazasını məhz islamçılar təşkil edirdi. Müsəlman alimləri SSRİ-yə qarşı cihad fətvası vermişdi, tezliklə Afrikadan Pakistana qədər müxtəlif ölkələrdən radikal fikirli müsəlmanlar Əfqanıstana və ya Pakistana gələrək cihad təşkilatlarına qoşulur və sovetlərə qarşı "müqəddəs müharibə"də iştirak edirdilər. "Əl-Qaidə" məhz bu illərdə formalaşıb - həm təşkilati, həm də ideoloji olaraq.

"Əl-Qaidə"nin gələcək lideri Üsamə bin Laden 1980-ci illərin əvvəlində Avropada təhsilini, lüks həyat tərzini buraxıb Əfqanıstana cihada gələn varlı ərəb gənclərindən biri idi. Ancaq təbii ki, varlı Üsamə döyüşlərə qatılmırdı, daha çox silahlı fəaliyyətləri maliyyələşdirirdi. Çünki onun ailəsi ən varlı tikinti maqnatlarından biri idi.

1996-cı ildə "Taliban" Əfqanıstanın paytaxt Kabil də daxil olmaqla, böyük hissəsini işğal edib dövlət elan etdikdən sonra "Əl-Qaidə" güclənir. 1998-ci ildə "Əl-Qaidə" Keniya və Tanzaniyada ABŞ səfirliklərinə qarşı törədilən terror aktlarını sifariş edir. 2001-ci ildə isə ABŞ-da eyni gündə Nyu-York şəhərində "əkiz qüllələr", Pentaqon binası qaçırılmış təyyarələr vasitəsilə vurulur.

11 sentyabr hadisələrindən sonra ABŞ qlobal səviyyədə terrora qarşı müharibə elan edir. 2001-ci ilin oktyabrında Əfqanıstan, 2003-cü ilin martında isə İraq işğal olunur. Bundan başqa, 65 ölkədə irili-xırdalı antiterror əməliyyatları keçirildi. Hansılar ki, bu gün də davam edir.

11 sentyabr həm də dünyada müsəlmanlara qarşı ayrı-seçkilik və terror ittihamlarına səbəb oldu. ABŞ və Avropada uzun müddət müsəlman adları xüsusi şübhəlilər sırasına daxil edildi. İslam əleyhinə çağırışlar gücləndi. Eyni zamanda terrora qarşı mübarizə çərçivəsində müsəlman ölkələrinin işğal olunması İslam aləmində kəskin reaksiya doğurdu, Qərb əleyhdarlığı gücləndi. Qərbə qarşı mübarizə elan edən radikal islamçı təşkilatların nüfuzu yüksəldi və terror aktları artdı. Nəticə etibarı ilə 11 sentyabrın ən böyük zərbəsi müsəlman aləminə dəydi. Bir tərəfdən müsəlman ölkələri işğala məruz qaldı, digər tərəfdən işğal və müharibələr radikalizm, dini ekstremizm kimi cərəyanları gücləndirdi.

ABŞ ordusu Əfqanıstanın əsas şəhərlərini ələ keçirib yeni Əfqanıstan hökuməti formalaşdırsa da, "Əl-Qaidə"ni məhv etmək mümkün olmadı. Yalnız 2011-ci il mayın 2-də ABŞ ordusu xüsusi təyinatlıların keçirdiyi əməliyyat nəticəsində "Əl-Qaidə" lideri Üsamə bin Laden Pakistanın Abbotabat şəhəri yaxınlığındakı evində öldürüldü.

Üsamə bin Ladenin ölümündən sonra "Əl-Qaidə"yə misirli həkim Ayman əz-Zəvahiri rəhbərlik edir. Zəvahirinin harada olduğu bilinmir. Yalnız ara-sıra səs yazıları ilə tərəfdarlarına müraciət edir. "Əl-Qaidə"nin ikinci dəfə parlaması "ərəb baharı" dövrünə təsadüf edir. Suriyada başlayan silahlı münaqişə tezliklə radikal islamçı qrupların da bu ölkədə peyda olmasına səbəb olur. İraq "Əl-Qaidə"si yenidən fəallaşır və İraq Şam İslam Dövləti (İŞİD) adı ilə ortaya çıxır. Ancaq 2013-cü ilin sonlarında qrup parçalanır və İŞİD "Əl-Qaidə"nin Suriya qolu olan ən-Nusra cəbhəsi qruplaşması ilə ayrılır. Zəvahiri isə Nusra cəbhəsini dəstəkləyir. Hazırda bu qrup Suriyanın İdlib vilayətində Heyət Təhrir əş-Şam qruplaşması koalisiyası tərkibində fəaliyyətini davam etdirir.

11 sentyabrdan sonra qlobal terrorizmə qarşı elan olunan müharibə və Əfqanıstanın, daha sonra isə İraqın işğal edilməsi gözlənilən nəticəni vermədi. Əksinə, İraq xaos və terrorun hökm sürdüyü ölkəyə çevrildi. Amerikalılar 2010-cu ildə İraqı rəsmən tərk etdiklərini elan etsələr də bu ölkədə ordu birliklərini saxladılar. 2014-cü ildə isə İŞİD-lə mübarizə üçün yenidən İraqa əlavə qüvvə göndərdilər. İraq isə hələ də sabit, təhlükəsiz ölkəyə çevrilməyib.

Əfqanıstanda isə ABŞ-ın Taliban hakimiyyətini devirməsi bir neçə həftəyə başa gəlsə də, bu ölkədə sabitlik əldə etmək mümkün olmadı. Faktiki olaraq ötən 19 ildə ABŞ və mövcud əfqan hökuməti yalnız iri şəhərlərdə hökm sürə bilib. Əyalətlərdə, əsasən dağlarda isə Taliban hələ də gücünü qoruyub saxlayıb. Məhz bu səbəbdən uzun illərdən sonra Vaşinqton Talibanla danışıqlar masasına oturdu və uzun müzakirələrdən sonra bu ilin əvvəlində Talibanla Vaşinqton arasında razılaşma əldə olundu. Bu razılaşmaya əsasən, ABŞ qüvvələrini Əfqanıstandan çıxarır, Taliban isə yerli hökumətlə sülh danışıqlarına başlayır və döyüşlər dayandırılır. Amma Əfqanıstana köklü sülhün gəldiyini demək hələlik çox tezdir.

Bir çoxları  11 sentyabrı "dünyanın dəyişdiyi gün" adlandırır. Bu, şəksiz belədir, amma təəssüf ki, 11 sentyabr və sonrasında baş verənlər dünyanın yaxşılığa deyil, pisliyə doğru dəyişməsinə səbəb oldu...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".