Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

VLADİMİR PUTİNDƏN “TAXIL SAZİŞİ” İLƏ BAĞLI AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin öncədən razılaşdırılmış bütün şərtlər yerinə yetiriləcəyi təqdirdə dərhal Qara Dəniz Taxıl Dəhlizi Sazişinə qayıdacaqlarını bəyan edib. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə dövlət başçısı hökumət rəsmiləri ilə keçirdiyi görüş zamanı açıqalama verib.

“Qərb ölkələrinin küstah yanaşmasına” baxmayaraq Rusiyanın razılaşmanın müddətini dəfələrlə uzatdığını bildirən Vladimir Putin deyib: “Biz gözləyirdik ki, xarici həmkarlarımız razılaşdırılmış və təsdiq edilmiş şərtlərə tam əməl etməyə başlayacaqlar, lakin bu baş vermədi”.

Bununla yanaşı, müqavilənin ləğv edilməsində Qərb ölkələrinin məsuliyyət daşıdığını bildirən Vladimir Putin Rusiyanın yoxsul ölkələrə pulsuz gübrə göndərmə səyinə də Qərb dövlətləri tərəfindən maneə yaradıldığını vurğulayıb.

“Rusiyanın müqavilənin davam etdirilməsi üçün müxtəlif şərtləri var. Qida və gübrə xidmətləri göstərən maliyyə qurumları ilə Rusiya taxıl məhsullarının beynəlxalq bazarlara daşınması, eləcə də ölkəmizə qarşı kənd təsərrüfatı alətləri və avadanlıqlarının daşınmasının qarşısındakı maneələr götürülməlidir”, - deyə Vladimir Putin əlavə edib.

 

İSRAİL PREZİDENTİ: İRANIN TƏSİRİ ALTINDAkı BÖLGƏLƏR XARABALIĞA ÇEVRİLİB

“İran nüvə enerjisinə sülh məqsədləri üçün can atmır, İsrail və ABŞ Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün birlikdə çalışmalıdır”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu sözləri İsrail prezidenti İsxak Hersoq ABŞ Konqresinin iclasında bəyan edib.

“İsrail və ABŞ-ın hazırda üzləşdiyi ən böyük problem İranın nüvə proqramıdır. İran sabitliyə təhlükə yaradaraq nüvə potensialını artırır”, - deyə İsrail dövlət başçısı bildirib.

İsxak Hersoqun sözlərinə görə, İranın nəzarəti və ya təsiri altında olan bütün bölgələr və ölkələr tamamilə xarabalığa çevrilib. O, nümunə olaraq Qəzza, Yəmən, Livan və Suriyanı göstərib.

Eyni zamanda, İsrail prezidenti vurğulayıb ki, yəhudi dövləti İranla münaqişəyə can atmır.

Bununla yanaşı, İsxak Hersoq əlavə edib ki, onun ölkəsi İrana nüvə silahı əldə etməyə imkan verməyəcək və bu məsələdə ABŞ-ın dəstəyinə arxalanır.

 

ÜST: İSTİLƏRLƏ ƏLAQƏDAR SƏHİYYƏ SİSTEMİNİN YÜKÜ CİDDİ ŞƏKİLDƏ ARTIB

Dünyanın bir sıra regionlarında anomal istilər səhiyyə sistemlərinin yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olub. “Trend” agentliyinin xəbərinə görə, bunu mətbuat konfransı zamanı Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib.

“Həddindən artıq isti hava səhiyyə sistemlərinə təzyiqi artırır”, - deyə təşkilat rəhbəri əlavə edib.

ÜST-ün baş direktorunun sözlərinə görə, isti hava tez-tez əvvəldən mövcud olan sağlamlıq problemlərini gücləndirir və vaxtından əvvəl ölümə, eləcə də əlilliyə səbəb olur. O qeyd edib ki, belə hava şəraiti ən böyük təhlükəni yaşlı insanlar, uşaqlar və yoxsullar üçün yaradır.

Bununla yanaşı, Tedros Adhanom Qebreyesus əlavə edib ki, ÜST anomal istilərlə üzləşən ölkələrə dəstək vermək üçün Ümumdünya Meteorologiya Təşkilatı ilə birgə işləyir.

 

TÜRKİYƏNİN KOSMİK GƏMİSİNİN DİZAYNI TAMAMLANIb

Türkiyənin Kosmik Texnologiyalar Araşdırma İnstitutu  tərəfindən hazırlanan Aya göndəriləcək kosmik gəminin dizaynı tamamlanıb. “Trend”in agentliyinin məlumatına görə, bu barədə Türkiyə Kosmik Agentliyinin rəhbəri Serdar Hüseyn Yıldırım açıqlama verib.

“Əsas məqsədimiz Aya eniş etdikdən sonra oraya rover yerləşdirərək elmi məlumatları toplamaq, ölkəmizə və elmi ictimaiyyətimizə təqdim etməkdir”, - deyə kosmik agentliyin rəhbəri əlavə edib.

Qeyd edək ki, “F-16” pilotu Alper Gezeravcı və “Roketsan” şirkətinin mühəndisi Tuva Cihangir Atasever Türkiyənin ilk kosmonavtları olacaq. Onlar kosmos missiyasından əvvəl ABŞ-da təlim keçirlər. Təlim çərçivəsində onlar kosmik stansiyada fəaliyyətlərini həyata keçirmək üçün praktiki və nəzəri dərslər alırlar.

Məlumat üçün qeyd edək ki, kosmonavtlar Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və prosesdə 13 fərqli təcrübə aparacaqlar.

 

BRİTANİYA ƏRDOĞANIN RUSİYANI “TAXIL SAZIŞI”NƏ QAYTARACAĞINA ÜMİD EDİR

Böyük Britaniya ümid edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı Qara Dəniz Taxıl Dəhlizi Sazişinin müddətinin uzadılması üçün yenidən danışıqlara cəlb edə biləcək. “Report” agentliyi xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib.

“Həqiqətən də ümid edirəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı Qara Dəniz Taxıl Dəhlizi Sazişinin əhəmiyyətinə inandıra bilər, çünki bu, insanları aclıqdan xilas etməyə və taxılın beynəlxalq qiymətlərini aşağı salmağa kömək edir”, -  deyə Ceyms Kleverli vurğulayıb.

Bununla yanaşı, nazir əlavə edi

b ki, Ərdoğan taxıl təşəbbüsünün təminatında Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə iştirak edərək dünyanın bir çox insanı adından inanılmaz dərəcədə vacib işlər görüb.

İngiltərənin xarici işlər naziri həmçinin Rusiyanı dünya aclığından siyasi təsir üçün istifadədə ittiham edib.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.

 

YENI SÜNİ İNTELLEKT JURNALİSTLƏRİN İŞİNİ ASANLAŞDIRACAQ

“Google” korporasiyası xəbər hazırlayacaq süni intellekt texnologiyasını sınaqdan keçirir. “Trend” agentliyinin məlumatına görə, “Genesis” adlı bu yeni süni intellekt texnologiyası jurnalistlərin işini asanlaşdırmaq üçün hazırlanıb.

Məlumata əsasən, süni intellekt texnologiyası ABŞ-ın aparıcı qəzetlərindən olan “The New York Times”, “The Washington Post” və “The Wall Street Journal”ın sahibi olan “News Corp”un rəhbərlərinə təqdim olunub.

“Google” jurnalistlər üçün “fərdi assistent” kimi nəzərdə tutulan bu texnologiya sayəsində jurnalistlərin daha mühüm xəbərlər yazmaq üçün vaxt qazana biləcəkləri qənaətindədir. Belə ki, “Genesis” ona təqdim olunan istənilən məlumatdan, o cümlədən cari hadisələrdən xəbər mətnləri hazırlayır.

 

ABŞ-da 3 YAŞINDAKI OĞLUNU ÖLDÜRMƏK İSTƏYƏN ANA “KİLLER” TUTMAQ İSTƏYİB

ABŞ-da 3 yaşındakı oğlunu öldürmək üçün saxta muzdlu qatil saytından “killer” tutan ana həbs olunub. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu tükürpədici hadisə ABŞ-ın Florida ştatında baş verib.

Məlumata əsasən, 18 yaşlı Jasmin Paez adlı qadın saxta muzdlu qatil saytına müraciət edərək oğlunun öldürülməsi üçün internet saytın sahibi ilə əlaqəyə keçib.

Bildirilir ki, saytda oğlunun şəkillərini saxta “killerə” göndərən ana oğlunun cinayət vaxtı olacağı ünvanı paylaşıb və cinayətin müəyyən tarixə qədər işlənməsini istəyib.

Sayt sahibinin hadisəni polisə məruzə etməsi sayəsində “killer” rolunda ana ilə əlaqəyə keçən dedektivlər qadının oğlunu öldürmələri üçün onlara 3 min dollar ödəniş etməyə razı olduğunu bildiriblər.

Qeyd edilir ki, IP ünvan üzərindən qadınının yeri təyin olunub və o, saxlanılıb. Uşaq isə nəzarətə götürülüb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.