DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

MAKRON: RUSİYA VƏ UKRAYNA “MAQATE”YƏ ZƏMANƏT VERIB

Paris və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Moskva və Kiyevdən agentlik missiyasının Zaporojye Atom Elektrik Stansiyasına (AES) göndərilməsi üçün təhlükəsizlik zəmanəti alıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, belə bir açıqlama ilə Fransa prezidenti Emmanuel Makron çıxış edib.

Fransa liderinin sözlərinə görə, avqustun 25-də “MAQATE”nin baş direktoru Rafael Qrossi ilə görüşüb, bundan əvvəl Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinlə telefon danışığı olub.

“Biz Ukrayna və Rusiyadan təhlükəsizlik zəmanəti almışıq. İndi “MAQATE”nin missiyası orada yerləşdirilə bilər, bu müstəqil missiya mühafizə olunacaq”, - deyə prezident bildirib.

Xatırladaq ki, avqustun 19-da “MAQATE”nin baş direktoru Rafael Qrossi AES-ə agentlik missiyasının göndərilməsi üçün aktiv danışıqların aparıldığını açıqlamışdı.

 

PAKİSTAN BEYNƏLXALQ YARDIM ÜÇÜN DÜNYA ÖLKƏLƏRİNƏ MÜRACİƏT EDİB

Pakistanın baş naziri Şahbaz Şərif bu ölkədə baş verən dağıdıcı daşqınlarla əlaqədar beynəlxalq ictimaiyyətdən yardım istəyib. Bu barədə “Report” agentliyi “Assoşieyted Press”ə istinadən xəbər verib.

Məlumata əsasən, hazırda pakistanlı xilasedicilər hələ də daşqınların baş verdiyi bir çox ərazilərə çata bilmirlər.

Şahbaz Şərif Pakistanda baş verən daşqınların 2010-cu ildəkindən daha dağıdıcı olduğunu vurğulayıb. Nəticədə 170 mindən çox evə ziyan dəyib, 150-yə yaxın körpü dağılıb.

Qeyd edək ki, BMT Pakistana 3 milyon dollar dəyərində yardım ayıracağını bildirib.

Pakistanın Təbii Fəlakətlərlə Mübarizə Milli İdarəsinin məlumatına əsasən, iyun ayından bəri davam edən musson yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 937 nəfərə çatıb, 1343 nəfər xəsarət alıb.

 

ABŞ ARKTİKA ÜZRƏ SƏFİR POSTUNU TƏSİS ETMƏK NİYYƏTİNDƏDİR

ABŞ hakimiyyəti Arktika regionunda xüsusi tapşırıqlar üzrə səfir postunu yaratmağı planlaşdırır. “Trend” agentliyinin məlumatına görə, bu barədə ABŞ-ın Dövlət Departamentinin açıqlamasında bildirilir.

“Prezident Senatın tövsiyələri və razılığı əsasında Arktika regionunda xüsusi tapşırıqlar üzrə səfir təyin etməklə, Arktika məsələləri üzrə koordinator vəzifəsini daha əhəmiyyətli etməyi planlaşdırır”, - deyə açıqlamada vurğulanır.

Məlumata əsasən, səfirin vəzifələrinə ABŞ-ın regionda siyasətini irəli sürmək, Arktika və qeyri-Arktika ölkələrindən olan həmkarları ilə, eləcə də yerli xalqlarla ünsiyyət qurmaq, ölkə daxilində maraqlı tərəflərlə, o cümlədən əyalət hökumətləri, yerli hakimiyyət orqanları və başqaları ilə işləmək daxildir.

 

ÇİN İQTİSADİYYATINI DƏSTƏKLƏMƏK ÜÇÜN 1 TRİLYON YUAN AYIRIB

Çin iqtisadiyyatı stimullaşdırmaq üçün əsasən infrastruktur xərclərinə 1 trilyon yuan (146 milyard dollar) ayırıb. Bu barədə “Report” agentliyi “Bloomberg”ə istinadən məlumat yayıb.

Analitiklər hesab edirlər ki, növbəti stimullaşdırıcı tədbirlər koronavirus pandemiyası və daşınmaz əmlak bazarının çökməsi ilə bağlı  dəyən ziyanı kompensasiya etmək, iqtisadi artımı stimullaşdırmaq üçün kifayət etməyəcək.

Eyni zamanda, regional hökumətlərə əlavə olaraq 500 milyard yuan xüsusi təyinatlı dövlət istiqrazları ayrılacaq.

Öz növbəsində, dövlət enerji şirkətləri 200 milyard yuan dəyərində istiqraz sata biləcəklər. Bu arada kənd təsərrüfatı sektoru 10 milyard yuan subsidiya alacaq.

Dövlət Şurası həmçinin maliyyə xərclərini azaltmağa, özəl biznes və platforma şirkətlərinin inkişafına dəstək tədbirləri tətbiq etməyə davam edəcəyinə söz verib.

 

NATO-NUN QƏRARGAH RƏİSLƏRİ ESTONİYADA BİR ARAYA GƏLƏCƏK

NATO ölkələrinin qərargah rəisləri sentyabrın 16-18 tarixlərində Estoniyanın paytaxtı Tallində bir araya gələcək. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə əsasən, toplantı zamanı NATO Hərbi Komitəsinin iclasları çərçivəsində görüşlər keçiriləcək, qərargah rəisləri iyun ayında Madrid sammitində müdafiə və çəkindirmə ilə bağlı qəbul edilən qərarların icrasını müzakirə edəcəklər.

Bununla yanaşı, NATO Hərbi Komandanlığının rəhbəri admiral Rob Bauerin sədrliyi ilə keçiriləcək görüşlərdə alyansın İraq Missiyasının və Kosovo Qüvvələrinin (KFOR) fəaliyyətləri müzakirə olunacaq.

Eyni zamanda, NATO-ya üzvlük üçün müraciət etmiş İsveç və Finlandiyanın baş qərargah rəisləri də ilk dəfə qonaq qismində iclasda iştirak edəcəklər.

Xatırladaq ki, NATO Hərbi Komitəsinin iclasları ildə iki dəfə Belçikanın paytaxtı Brüsseldəki qərargahında, digər vaxtlarda isə müttəfiq ölkənin ev sahibliyi ilə keçirilir.

 

BOLQARISTAN TÜRKIYƏ İLƏ SƏRHƏDİNİ GÜCLƏNDİRİR

Bolqarıstan ordusu Türkiyədən gələn miqrantların qeyri-qanuni miqrasiyasının qarşısını almaq üçün sərhədə əlavə qoşun yeritmək qərarına gəlib. Avqustun 27-dan etibarən 300-dən çox bolqar əsgərinin Türkiyə sərhədində xidmət edəcəyi bildirilir.

“Teleqraf.com”un verdiyi xəbərə görə, Bolqarıstan KİV-lərinin məlumatına əsasən, bu ilin əvvəlindən Türkiyə sərhədini keçmək cəhdləri xeyli artıb. 2022-ci ilin yanvar-iyun ayları arasında Bolqarıstanda 6600-dən çox qeyri-qanuni miqrantın saxlanıldığı qeyd olunur.

Yunanıstan hökuməti də bu həftənin əvvəlində qeyri-qanuni miqrantlara qarşı Meriçdəki polad baryeri bütün Türkiyə sərhədinə qədər uzatmaq qərarına gəlib. Rəsmi Afina qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Türkiyə ilə Yunanıstan arasındakı quru sərhədində 40 kilometr uzunluğunda polad sədd çəkib.

 

KANADADA TƏHLÜKƏLİ XƏSTƏLİK SÜRƏTLƏ YAYILIR

Kanadanın ən böyük şəhəri  Torontoda meninqokok infeksiyası sürətlə yayılmağa başlayıb. “Report”un verdiyi xəbərə görə, bu barədə “CTV kanalı” Səhiyyə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, hazırda 20-30 yaşlı üç nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri artıq dünyasını dəyişib. Onların hamısı Kanadadan kənarda xəstəliyə qarşı immunizasiyanın mövcud olmadığı ölkələrdə yoluxublar.

Məlumat üçün qeyd edək ki, meninqokok xəstəliyi meninqokokların yaratdığı kəskin bakterial infeksiyadır. Patogen yaxın təmas zamanı yoluxmuş şəxsdən hava damcıları ilə ötürülür.

Meninqokok infeksiyaları ağır hallarda  ölümlə nəticələnə bilən çox ciddi xəstəliklərə səbəb ola bilər.

 

“MODERNA” ŞİRKƏTİ “PFİZER” VƏ “BIONTECH”I MƏHKƏMƏYƏ VERİB

Amerikanın “Moderna” biotexnologiya şirkəti rəqibləri “Pfizer” və “BioNTech” şirkətlərini koronavirus peyvəndinin hazırlanması prosesində “mRNA” texnologiyasından qeyri-qanuni istifadə etdiyinə görə məhkəməyə verib.

“Moderna”nın baş hüquq məsləhətçisi Şennon Taym Klinger yaydığı açıqlamada deyib: “Biz inanırıq ki, “Pfizer” və “BioNTech” şirkətləri “Moderna”nın ixtiralarını qanunsuz şəkildə əldə edib və şirkətin icazəsi olmadan onlardan istifadəyə davam edir”.

Hüquq məsləhətçisinin sözlərinə görə, “COVİD-19” peyvəndlərinin hazırlanmasında istifadə edilən “mRNA” texnologiyası məhz “Moderna”ya aiddir və buna görə  də “Pfizer” və “BioNTech” şirkətləri təzminat ödəməlidir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.