DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VİKTOR ORBANDAN ABŞ-ÇİN TOQQUŞMASI ANONSU

“Beynəlxalq ictimaiyyət dünyanın zirvəsinə doğru hərəkət edən Çinlə hazırda zirvədə olan ABŞ arasında baş verə biləcək münaqişə təhlükəsi ilə üz-üzədir”. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə şənbə günü Macarıstanın baş naziri Viktor Orban bəyan edib.

Macarıstanın “M1” telekanalı tərəfindən çıxışı yayımlayan hökumət başçısı deyib: “Qlobal tarazlıqda indiyədək heç vaxt belə sürətli tektonik sürüşmə olmayıb”. Onun sözlərinə görə, “Çin ayıldı” və bundan xoşu gəlməyən ABŞ-ı ötməyə başladı.

“Daima dünyanın zirvəsində olmaq cazibədar bir fikirdir, lakin həyatın həqiqəti budur ki, dünyada daimi qaliblər və məğlublar yoxdur”, - deyə Viktor Orban əlavə edib.

Bununla bağlı o qeyd edib ki, beynəlxalq siyasətdə “bir nömrəli böyük dövlət”in mövqelərini itirərək arxa plana çəkildiyi çox təhlükəli məqam gəlib çatıb: “Bu gün biz ABŞ və Çin arasında növbəti münaqişəyə yaxınlaşdığımızın şahidiyik”.

 

TÜRKİYƏ 10 İLDƏN SONRA BU ÖLKƏYƏ ILK DƏFƏ SƏFİR TƏYİN EDİB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Salih Mutlu Şəni Misirə səfir təyin edib. “Report” agentliyi xəbər verir ki, bu barədə məlumatı  Türkiyənin “Resmi Gazete” nəşri yayıb.

Bununla yanaşı, dövlət başçısının digər sərəncamları ilə Yavuz Külə Paraqvaya, Yunus Dəmirər Fransaya, Nüket Küçükel Ezberçi İspaniyaya, Muhammet Mücahit Küçükyılmaz Əlcəzairə səfir göndərilib.

Qeyd edilir ki, Misir bir müddət əvvəl Əmr əl-Hamamı Türkiyəyə səfir təyin edib.

Xatırladaq ki, 2013-cü ildə Misirin seçilmiş prezidenti, mərhum Məhəmməd Mursi hərbi yolla devrildikdən sonra Türkiyə ilə Misir arasında diplomatik əlaqələr kəsilmişdi.

 

PENTAQONDAN UKRAYNADA QƏRB SİLAHLARININ OĞURLANMASINA DAIR HESABAT

ABŞ Müdafiə Nazirliyinin Baş Müfəttişlik İdarəsi Qərb müttəfiqləri tərəfindən Ukraynaya verilən silah və texnikanın oğurlanması faktlarını aşkar ediblər. Bu barədə “Sputnik” informasiya agentliyi “CNN” telekanalına istinadən xəbər verib.

Məlumata əsasən, hesabatın nüsxəsi jurnalistlərin ixtiyarına verilib. Hesabat 6 oktyabr 2022-ci il tarixlidir və fevraldan sentyabr ayına qədər olan dövrü əhatə edir.

Bildirilir ki, 2022-ci il iyunun sonlarında mütəşəkkil cinayətkar qrup saxta sənədlərin köməyi ilə könüllülər batalyonuna daxil olub və silah, o cümlədən qumbaraatan, eləcə də pulemyot, həmçinin 1000-dən çox patron oğurlayıb. Hesabata görə, baş verənlər Ukraynanın xüsusi xidmət orqanları tərəfindən aşkarlanıb.

Həmin ay Ukraynanın təhlükəsizlik xidmətləri ölkənin cənubunda oğurlanmış silah və sursatları satmağa çalışan silah alverçilərinin cinayət planının qarşısını alıb.

2022-ci ilin avqustunda isə kəşfiyyat orqanları 60 tüfəng və 1000-ə yaxın patron oğurlayan və onları ehtimal ki, qara bazarda satış üçün saxlayan bir qrup könüllü batalyon döyüşçüsünü aşkar ediblər.

 

CƏNUBİ KOREYA PREZİDENTİNİN QAYINANASI SƏNƏD SAXTAKARLIĞINA GÖRƏ HƏBS OLUNUB

Koreya Respublikasının hüquq-mühafizə orqanları ölkə prezidenti Yun Sok-Yolun qayınanası Çxve In Sunu hesabdakı qalıq haqqında saxta bank sənədi hazırladığına görə saxlayıb. “Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilir ki, bu, məhkəmənin onun qanun pozuntusuna görə 2021-ci ildə birillik həbs cəzası ilə bağlı apellyasiya şikayətini təmin etməməsindən sonra baş verib. O zaman o, həbs olunmamışdı.

Agentliyin qeyd etdiyinə görə, hazırda 76 yaşlı qadın məhkəmədə özünü təqsirli bilməyib və şikayəti rədd edildikdən sonra huşunu itirib.

Qadın 2013-cü ildə paytaxt Seulun cənubundakı Sonnam şəhərində torpaq sahələri almaq üçün istifadə etdiyi təxminən 27 milyon dollar məbləğində depozit sertifikatını saxtalaşdırmaqda ittiham olunur. Apellyasiya Məhkəməsi bunu ağır cinayət hesab edib.

Koreya Respublikası prezidentinin qayınanası əvvəllər də 2015-ci ildə lazımi tibbi lisenziya olmadan yaşlı insanlara qulluq müəssisəsi açdıqdan sonra dövlət tibbi sığortası üzrə təqribən 1,7 milyon dollar müavinət almağına görə dələduzluqda ittiham olunub. O, əvvəlcə üç il həbs cəzasına məhkum edilmişdi, lakin ötən il Seul məhkəməsi tərəfindən təqsirli bilinməmişdi.

 

ZELENSKİDƏN PUTİNƏ CAVAB: CƏBHƏDƏKİ DİNAMİKA DƏYİŞMƏK ÜZRƏDİR

“Ukraynanın əks-hücumu güc toplayır, cəbhədəki dinamika dəyişmək üzrədir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Prezidentin sözlərinə görə, Ukrayna döyüşçüləri artıq minalanmış bir neçə ərazidən keçir və həmin rayonlar bu partlayıcılardan təmizlənib.

Eyni zamanda, Volodimir Zelenski müttəfiqləri Ukraynaya daha çox uzunmənzilli raket və müasir qırıcıları tədarük etməyə çağırıb.

Bununla yanaşı, Zelenski bildirib ki, Krım körpüsü ukraynalı hərbçilər üçün hədəfdir və onu zərərsizləşdirmək lazımdır, çünki ruslar ondan müharibə üçün istifadə edirlər. Dövlət başçısının sözlərinə görə, Krım körpüsü sadəcə “kiçik logistik yol” deyil, çünki onun köməyi ilə rus qoşunları sursat alır və bütün yarımadanı hərbiləşdirir.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsində Ukraynada əks-hücumun nəticəsiz qaldığını bildirmişdi.

 

İSTANBUL SU ANBARLARINDA SUYUN SƏVİYYƏSİ KRİTİK HƏDDƏ AŞAĞI DÜŞÜB

İstanbulun su anbarlarında suyun səviyyəsi istilər səbəbindən 2014-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu İstanbul Su Resursları və Kanalizasiya İdarəsi  bildirib. Rəsmi qurumların məlumatına görə, hazırda şəhərin su anbarları 39,84 faiz dolub. Həftə ərzində suyun səviyyəsi 15,8 milyon kubmetr azalıb.

İdarədən verilən açıqlamaya əsasən, bu tarixə yalnız 2014-cü ildə su anbarları 20 faiz dolu olub, sonrakı səkkiz ildə isə səviyyə 60 faizdən aşağı düşməyib. Eyni zamanda, on ən böyük su anbarından ən azı ikisi praktiki olaraq 4 və 7 faiz doludurlar.

Türkiyə bir çox Avropa ölkələri ilə birlikdə “Afrika” istisinin təsiri altına düşüb: Antalyada, təxminən 41-43 dərəcə, ölkənin cənub-şərqində Suriya və İraqla sərhəddə eyni göstəricilər hökm sürür. Marmaris, Bodrum və digər istirahət mərkəzlərində ikinci həftədir ki, istilər 40 dərəcənin üzərindədir, gecələr temperatur 30-dan aşağı enmir.

 

ÇİN DÜNYANIN ƏN BÖYÜK KÜLƏK TURBİNİNİ İSTİFADƏYƏ VERİB

Çin şirkəti “Three Gorges Energy” dünyanın ən böyük dəniz külək turbinini istifadəyə verib. “Trend” agentliyinin məlumatına görə, “MingYang Smart Energy MySE”nin rotor radiusu 260 metr, hər qanadın uzunluğu 123 metr və çəkisi 54 tondur. Nəhəng külək turbini ümumilikdə 36 min Çin evini enerji ilə təmin edəcək.

Nəhəng rotor 50 mərtəbəli binanın hündürlüyü ilə müqayisə oluna bilən 152 metrlik qülləyə bərkidilib. Qüllənin yuxarı hissəsində elektrik stansiyasının maşın otağı yerləşir. Binanın ümumi çəkisi 385 tondur. O, saatda 287 kilometrə çatan küləklərə tap gətirə bilir.

“MingYang Smart Energy MySE” Tayvan Boğazında yerləşir. Bildirilir ki, bu bölgə ildə 200 gündən çox saatda 51 kilometr sürətlə külək əsir. Ən maraqlısı odur ki, Çin külək turbinlərinin ölçüsünü artırmağa davam edəcək.

İlin sonuna kimi 70 mərtəbəli binadan hündür qülləsi olan turbinin quraşdırılmasına və hətta istifadəyə verilməsinə başlanıla bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.