Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"bnn.network": İlham Əliyev Əbdülfəttah əs-Sisiyə məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Misirin milli bayramı - İnqilab Günü münasibətilə Misir Prezidenti ƏbdülFəttah əs-Sisini təbrik edib. Bu barədə "bnn.network" xəbər saytı məlumat yayıb.

Yazıda qeyd olunub ki, məktubda iki xalq arasında uzunmüddətli dostluq əlaqələrinin və dövlətlərarası münasibətlərin uğurla inkişaf etdiyi vurğulanır. Azərbaycan lideri əmin olduğunu bildirib ki, Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq bundan sonra da artacaq və möhkəmlənəcək, hər iki xalqın maraqlarını əks etdirəcək. Prezident İlham Əliyev məktubunda Misir prezidentinə və xalqına ən xoş arzularını çatdıraraq onlara cansağlığı, xoşbəxtlik, uğurlar, daim əmin-amanlıq və rifah diləyib.

 

"Eureporter": Azərbaycan Prezidenti Ermənistanla sülhün əldə olunması perspektivi ilə bağlı fikirlərini bildirib

"Eureporter" xəbər saytı iyulun 21-də Şuşada baş tutan Qlobal Media Forumu barədə məlumat yayımlayıb. Məlumatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın müxtəlif ölkələrindən Şuşaya üz tutan mətbuat nümayəndələrinin suallarını cavablandırdığı qeyd olunub.

Ölkə başçısımızın bu forumu "Azərbaycan və Qarabağ üçün əlamətdar hadisə" kimi qiymətləndirməsi də xəbərdə öz əksini tapıb. Yazıda, həmçinin Prezidentin sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi də yer alıb. İşğaldan azad edilmiş ərazilərdə, eləcə də Şuşada aparılan bərpa işləri ilə bağlı məsələlər də diqqətə çatdırılıb. Prezident İlham Əliyev Ermənistanla sülh məsələsinə də toxunub: "Çünki düşünürəm ki, Ermənistan son addımını atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzdim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nə məna daşıdığı onlara kifayət qədər aydındır".

 

CGTN: Azərbaycan mədəni irsi və multikultural dəyərləri qoruyur

Azərbaycan Prezidenti İlham Əliyev Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) əməkdaşı Vanq Quanın suallarını cavablandırıb.

"Bir kəmər, bir yol" təşəbbüsünün faydalarından və mədəni dəyərlərdən bəhs edən ölkə başçımız qeyd edib ki, qədim İpək Yolu boyunca yerləşən cəmiyyətlər çoxmillətli və multikulturaldır. Bununla yanaşı, yol "dostluğa və qarşılıqlı əlaqələrə" töhfə verir. Ölkə başçımız Azərbaycanın əsrlər boyu öz mədəni irsini qoruduğunu və bu mədəni sərvətləri gələcək nəsillərə ötürməyə davam edəcəyini vurğulayıb.

 

"Noi": Cənubi Qafqazda inkişaf Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır

Şuşada keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Qlobal Media Forumu və Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər Moldova mediasının diqqət mərkəzində olub.

Moldovanın "Noi" xəbər portalında dərc olunan yazıda qeyd edilib ki, Cənubi Qafqazın regional inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Yazıda vurğulanıb ki, Ermənistanla sülh müqaviləsi imzalana bilər, amma bunun reallaşması üçün ilk növbədə ermənilər öz günahlarını etiraf etməlidirlər.

Məqalədə, həmçinin qeyd olunub ki, Azərbaycan bölgədə sülhpərvər ölkə kimi çıxış edir və bura rəqabət yox, əməkdaşlıq məkanıdır. Məhz bu səbəbdən də, Rusiya və ABŞ silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndələri görüşlər üçün hər zaman Bakını seçirlər. Çünki qlobal sferada Azərbaycana böyük etimad var.

 

WHO: Azərbaycanda ÜST-ün 75 illik yubileyi qeyd olunur

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisi təşkilatın 75 illik yubileyini ictimaiyyəti cəlb edən bir sıra tədbirlərlə qeyd etdi. Tədbirlər mütəxəssisləri, tərəfdaşları və beynəlxalq qonaqları bir araya gətirərək təşkilatın qlobal sağlamlığın təmin edilməsindəki mühüm rolunu göstərir.

200-dən çox tələbə ÜST-ün Azərbaycandakı nümayəndəsi Dr.Hande Harmancının təqdimatını dinləyib. Çıxış zamanı ÜST-ün missiyası və davam edən fəaliyyətləri, eləcə də əməkdaşlıq imkanlarından bəhs edilib.