Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Kazinform": Qazaxıstan xalqı adından hədiyyə

Prezidentlər - Kasım-Jomart Tokayev və İlham Əliyev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Bu barədə "Kazinform" xəbər agentliyi məlumat yayıb.

Məqalədə qeyd olunub ki, Müasir İnnovasiya Mərkəzi Kasım-Jomart Tokayevin təşəbbüsü ilə qısa müddətdə qazaxıstanlılardan qardaş Azərbaycan xalqına humanitar hədiyyə kimi inşa edilib.

"Bu Mərkəz Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir. Hökumətin tapşırığına və mənim şəxsi göstərişimə əsasən "BI Group" özəl şirkəti bu hədiyyəni səmimi-qəlbdən, bütün xalqın adından təqdim edir. Zənnimcə, bu obyekt, şübhəsiz ki, ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq", - deyə Qazaxıstan Prezidenti Füzuli sakinləri ilə söhbətində bildirib.

Qeyd edək ki, təməli 2023-cü ilin martında qoyulan Mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb.

"Daryo.uz": Qazaxıstan neftinin Azərbaycan vasitəsilə ixracının həcmi iki dəfə artacaq

"Daryo.uz" yazır ki, Azərbaycan vasitəsilə ixrac edilən Qazaxıstan neftinin həcminin əhəmiyyətli dərəcədə artdığı açıqlanıb. Belə ki, Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri (BTC) marşrutu üzrə tranzitinin həcmləri illik 2,2 milyon tona qədər artırılacaq. "KazMunayQaz" (KMG) şirkətinin məlumatına görə, ixracın həcmi 50% artırılaraq ayda 180 min tona çatdırılacaq. Xatırladaq ki, 2022-ci ildə KMG və SOCAR Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə illik həcmi 1,5 milyon ton olan neftin tranziti haqqında Saziş imzalayıb. 2023-cü ilin sonunda Aktau limanından 1 milyon 057 min ton, 2024-cü ilin yanvar-fevral aylarında isə 232 min ton neft göndərilib. Qazaxıstan neftinin alqı-satqısı üzrə Strateji Əməkdaşlıq Memorandumu SOCAR-a daxil olan neftin emalı, habelə regional və qlobal bazarlarda ticarətin ümumi şərt və prinsiplərini müəyyən edir. KMG-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev qeyd edib ki, imzalanan sənədlər Qazaxıstan neftinin dünya bazarlarına nəqli baxımından şirkətlər arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə əlavə töhfə verir.

"Global Comment": Azərbaycan Avropa İttifaqı üçün niyə əhəmiyyət kəsb edir?

"Global Comment" saytı Azərbaycanın "yaşıl enerji" potensialına Avropanın marağını əks etdirən məqalə yayımlayıb. Məqalədə qeyd edilib ki, rəsmi Brüssel və Bakı enerji sahəsində əməkdaşlığı genişləndirməyi hədəfləyir. 2027-ci ilə qədər Rusiyanın qalıq yanacaq idxalından asılılığına son qoyulduqdan sonra Aİ enerji ilə zəngin Cənubi Qafqaz ölkəsindən təbii qaz idxalını artırmağı, həmçinin Bakıdan "yaşıl" elektrik enerjisi almağı planlaşdırır.

Yazıda Azərbaycanın bu ilin sonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransına (COP29) ev sahibliyi etməyə hazırlaşdığı da vurğulanıb.

"Time News": Xorvatiyanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

"Time News" xəbər saytı Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Damir Habiyanın Azərbaycana səfəri barədə məlumat yayımlayıb. Bu barədə Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç jurnalistlərə deyib. Onun sözlərinə görə, Bakıda Azərbaycan və Xorvatiya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Həmçinin Habiyanın azərbaycanlı həmkarı Mikayıl Cabbarovla görüşü də nəzərdə tutulub. "Kiçik və orta biznes, aqrar sektor, kənd təsərrüfatı, turizm, ərzaq təhlükəsizliyi üzrə böyük əməkdaşlıq potensialı görürük. Bu mövzular Bakıda hər iki dövlətin iqtisadiyyatının diversifikasiyası çərçivəsində müzakirə olunacaq", - səfir deyib. O, həmçinin Azərbaycanla neft və perspektiv qaz satınalmaları üzrə əməkdaşlığın birmənalı şəkildə davam edəcəyini bildirib.

"Vestnik Kafkaza": Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması yeni dövrün başlanğıcı olacaq

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə yeni dövrün başlamasını arzulayırıq. "Vestnik Kafkaza" bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, Cənubi Qafqazda sabitliyin qorunub saxlanması Türkiyənin prioritetləri arasındadır və Balkan yarımadası ölkələrinin sabitliyinə xidmət edən addımları hər zaman dəstəkləyirlər. Ölkə başçısı xatırladıb ki, Türkiyə ötən ilin oktyabr ayından Kosovodakı NATO qüvvələrinə komandanlıq edir. Rəcəb Tayyib Ərdoğan Türkiyənin 70 ildən artıqdır fəal və güclü üzvü olduğu NATO-nun təhlükəsizliyinin təməl daşlarından biri olduğunu vurğulayıb.

Prezident Türkiyənin NATO-dakı müttəfiqi ABŞ ilə Vaşinqtonda keçirilən son strateji mexanizm toplantısında əməkdaşlığı inkişaf etdirmək qərarına gəldiklərini və Avropa Birliyinə üzvlüyün strateji hədəf olaraq qaldığını bildirib.

"Respublika".