Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Günəşi kabus bilən "fosfor adam"lar

Çox az adam tapılar ki, yay mövsümünü, günəşli havaları sevməsin. Lakin elə insanlar var ki, Günəş onların gündüzünü kabusa çevirir. Söhbət insanlar arasında  gec-gec  rast gəlinən və nadir xəstəliklərdən biri- Albinizmdən əziyyət çəkənlərdən gedir. Nədir əslində Albinizm? Müalicəsi və xəstəlikdən tamamilə sağalmaq mümkündürmü?

Albinizm dəriyə, saçlara və gözlərə rəng verən melanin piqmentinin çatışmazlığı və ya yoxluğundan yaranan genetik xəstəlikdir. Bu xəstəlikdən əziyyət çəkən insanlar elmi dildə albinos adlanır. Belə insanlar fərqli görünüşləri ilə ətrafdakıların diqqətini cəlb edirlər.  Albinosların sümüklərinin tərkibində fosforun miqdarının həddindən çox olması onları adi insanlardan fərqləndirən başlıca cəhətlərdəndir. Buna görə də bəzən onlar "fosfor adam" da adlandırılır.

Albinoslar ən çox Afrika, Meksika, Arizona və Siciliyada dünyaya gəlir. Həyatınızda bir albinosla rastlaşdığınız zaman gözlərinizi ondan çəkə bilməyəcəksiniz, çünki albinos qeyri-adi gözəlliyə sahibdir: bəyaz dəri, saç, qaş və kipriklər, qırmızı və ya mavi gözlər. Amma təəssüf ki, bu qeyri-adi gözəllik onlara baha başa gəlir. Belə ki, melanin həm də dərini günəş şüalarından qoruyur. Bu səbəbdən də günəş şüaları albinoslar üçün dəri xərçənginə tutulma riski deməkdir. Bundan əlavə, bir çox albinoslar işıqdan qorxur, eşitmə və görmə qabiliyyətinin zəifliyi və ya çəpgözlükdən əziyyət çəkir. Təəssüf ki, albinizmin müalicəsi tibbdə tapılmamışdır. Həkimlər albinoslara xəstəliyin fəsadlarının qarşısını almaq üçün düzgün həyat tərzi və müxtəlif pəhrizlər məsləhət görür.

Orta əsrlərdə albinosları qeyri-adi xarici görünüşləri üzündən lənətlənmiş sayır və diri-diri tonqalda yandırırdılar. Afrikanın bəzi ölkələrində onlar hələ də işgəncələrə məruz qalır: bəzi vəhşi tayfalar albinosları şeytani məxluq adlandırır, Tanzaniyada isə cadukinlər albinosların bədən üzvlərinin talisman olduğunu düşünərək onları sözün əsl mənasında ovlayır və bədən üzvlərini kəsirlər.

 

Məğrurluq və cəsarətlilik rəmzi - şahinlər

Təbiətin ən mahir ovçularından və gözəl qamətə malik olan quşlarından biri də şahinlərdir. Qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid edilən bu quşlara demək olar ki,  planetimizin bütün guşələrində rast gəlmək mümkündür. Təbiətin nadir incilərindən olan şahinlər həm də məğrurluq, cəsarətlilik, əzəmətlilik simvolu hesab edilir. Bu səbəbdən də folklorumuzda onlara aid çoxlu atalar sözləri, nağıllar, mahnılar, bənzətmələr, müxtəlif ibrətamiz kəlamların olması təsadüfi deyil. Oğlan uşaqlarına da məhz Şahin və Tərlan adının verilməsi bu quşa olan rəğbətdən irəli gəlir.

Şahinlər iti görmə qabiliyyəti ilə məşhurdurlar, göydə uçarkən bir neçə kilometr məsafədən şikarlarını görə bilirlər. Onlar da digər yırtıcı quşlar kimi əsasən ətlə qidalanırlar. Qidalarını isə  özlərindən zəif quşlar, siçanlar, yarasalar, cücülər təşkil edir. İti caynaqlara, güclü əzələyə, sivri dimdiyə malik olan bu quşlar qırmızı rəngə qarşı çox həssasdırlar. Bu səbəbdən də  qırmızı paltar geyinmiş insanlara  hücum etməkdən çəkinmirlər. Sürətli canlı hesab olunan şahinlər saatda 200 kilometr məsafə qət edə bilirlər. Digər maraqlı faktlardan biri də onların aclığa davamlı olmasıdır. Belə ki, iki gündən bir gündüz saatlarında ova çıxan bu quşların mədələrində xüsusi bir "çanta" var ki, orada yeyilmiş yeməyin bir hissəsi qalır və daha sonra tədricən mədəyə daxil olur...

 

Tarixdə olan ən qəribə vergilər

Tarix boyu insanları heyrətləndirən bir çox  qəribə hadisələr olub. Bu qəribəliklərdən biri də günümüzün ən böyük problemlərindən olan vergilərdir. Əslində vergi məsələsi günümüzdə normal qaydalarda və sahələrdə tətbiq olunsa da, keçmişdə bir qədər fərqli olub. Gəlin onlardan ən maraqlıları ilə tanış olaq...

Tarixdəki ən qəribə vergilər siyahısına ilk olaraq Qədim Misir liderlik edir. Burada vergidən yayınma və yalan ifadələr şallaqlama və ölümlə cəzalandırılıb. Hətta o dövrdə hansısa bir şəxs yağı artıq istifadə etdikdə müvafiq vergi ödəməyə məcbur edilirdi. Digər maraqlı vergilərdən biri isə subaylıq vergisi idi. Romanın ilk imperatoru Augustus üç və ya daha çox uşağı olan ailələri mükafatlandırır, 38 yaşından yuxarı subay kişilərə isə subaylıq vergisi tətbiq edirdi. Bu şəxslərin kütləvi oyunlarda iştirakı da qadağan olunurdu. Bənzər vergilər tarix boyu tətbiq edilib. 1695-ci ildə ingilis parlamenti 25 yaşından yuxarı subaylara və övladsız şəxslərə vergi tətbiq edib. Saqqal vergisi də ən qeyri-adi vergilər sırasındadır. Sübut olunmasa da  İngiltərə kralı VIII Henrinin saqqallılardan vergi topladığı iddia edilir. Lakin 1698-ci ildə Böyük Pyotr kimi tanınan rus çarı illik saqqal vergisi tətbiq edib. Yoxsulların ildə cəmi 2 rubl qarşılığında saqqal uzatmasına icazə verilirdi. Varlı vətəndaşlar 100 rubl ödəməli idilər. Vergidən yayınanların polis tərəfindən saqqalları zorla qırxılırdı. Vergi ödəyicilərinə isə mis sikkələr verilirdi. Bu mis sikkələr onların saqqallarına vergi verdiklərini sübut edirdi.

Digər heyrətləndirici vergilərdən biri də ikinci dəfə  ərə getdikdə ödənən vergi idi. İspaniyada 14-cü əsrdə alınan bu vergini ikinci dəfə ərə gedən qadınlar ödəyirdi. Şapka vergisi. 1784-cü ildən 1811-ci ilə qədər İngiltərədə alınan bu vergi insanların şapka taxdığı üçün ödəmək məcburiyyətində olduqları vergi növü idi. Hər fərdin gəliriylə düz mütənasib bir dəyərdə şapka taxdığı və o nisbətdə vergi ödədiyi deyilir. Bığ vergisi. Uruqvayda qısa bir müddətə etibarlı olan bu vergi də maraqlı vergilər arasında yerini almaqdadır. 1867-ci ildə kişilərdən alınan bığ vergisinin miqdarı bığın santimetrinə görə dəyişməkdə idi. Bığın hər santimetri üçün 2 peso alınırdı, lakin xalqdan olduqca sərt reaksiyalar gəldiyinə görə belə vergi tətbiqi qısa müddət sonra ləğv edilmişdi.

 

Niyə onu  fal çiçəyi adlandırırlar?

Yəqin ki, aşiq olanları  "romaşka" kimi də tanıdığımız çobanyastığı çiçəyinin ləçəklərini qopararkən çox görmüsünüz. Adətən, bu çiçəklə "sevir-sevmir" deyib fala baxırlar. Heç düşünmüsünüzmü nə üçün məhz çobanyastığı?

Çiçəyin adı latınca "romana" sözündən götürülüb. Orta əsr tibb ədəbiyyatında çobanyastığını "Roma çiçəyi" adlandırıblar. Bitkinin yunanca adı ("Leucanthemum") isə "ağ çiçək" kimi tərcümə olunur. Qədim Misirdə çobanyastığı çiçəyi günəş Tanrısı Raya həsr edilib. Onu ləçəkləri ilə çoxlu taleləri, yolları birləşdirən balaca günəş biliblər. Bu  çiçəklə  bağlı bir çox rəvayətlər dolaşır. Çələngləri və buketləri bəzəyən bu cazibədar bitkinin çiçəyinin forması çətirə bənzəyir. Əfsanəyə görə, çobanyastığı qədim zamanlarda çöl cırtdanlarının çətiri olub. Yağış yağanda cırtdan onun altına sığınar, ya da onu qoparıb başı üzərində tutaraq addımlayardı. Yağış damlaları çobanyastığı çətiri döyəclər, ləçəklərindən süzülüb axar, cırtdan isə tamamilə quru qalardı.

Çobanyastığını sevənlərin fal çiçəyinə çevrilməsinə isə başqa bir əfsanə səbəb olub. Deyilənə görə, çobanyastığı çiçəyi ilə kəpənək bir-birlərinə aşiq olurlar. Kəpənək çiçəyə sevgisini bəyan eləsə də, çobanyastığı nazlanır, dillənmir. Kəpənək çiçəyin onu sevib-sevmədiyini bilmək üçün ləçəklərinə çox toxunur, amma cavab ala bilmir. Üç günün içində kəpənəyin ömrü başa çatır, ölür. Çobanyastığı peşman olur, hüznlənir və başlayır öz ləçəklərini yolmağa. Bax, beləcə, bu əfsanədən sonra sevənlər qarşı tərəfin sevgisindən əmin olmaq üçün çobanyastığının ləçəklərini yolmağa başlayıblar: Sevir, yoxsa sevmir?..

Hazırladı:

Elenora HƏSƏNOVA,

 "Respublika".