Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

BNN News: Rəqəmsal inkişafın gücləndirilməsi: Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin artan kapitalı

BNN News xəbər saytı Azərbaycanın investisiya dəyərlərinin artması ilə bağlı xəbər yayımlayıb. Sözügedən yazıda bildirilir ki, ölkənin rəqəmsal tərəqqiyə sadiqliyini əks etdirən mühüm addım olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda imzaladığı sərəncamda Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsinə dəyişikliklər elan edilib. Qeyd olunan əsas dəyişiklik Agentliyin nizamnamə kapitalının 3,99 milyon dollar ekvivalentinə bərabər olan 6,78 milyon manata çatdırılmasıdır.

Agentliyin nizamnamə kapitalının bu strateji artımı Azərbaycanın texnoloji innovasiyalar və rəqəmsal artım üçün əlverişli mühitin təşviq edilməsinə sadiqliyinin göstəricisidir. Bu maliyyə inyeksiyası potensial olaraq Azərbaycanın rəqəmsal və innovativ sektorlarında bir sıra yeni imkanlara yol aça bilər.

 

ABŞ Dövlət Departamenti: Dövlət katibi Blinken Azərbaycan Prezidentinə zəng edib

İyulun 29-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller açıqlama yayıb. Bildirib ki, telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət müzakirə olunub.

ABŞ Dövlət Departamentinin rəsmi səhifəsində dərc olunan yazıda qeyd edilib ki, Antoni Blinken ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edərək, Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.

 

Riyadh Daily: Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Azərbaycan Prezidentinin köməkçisi ilə görüşüb

Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Müh. Valid bin Əbdülkərim Əl-Khereici iyulun 30-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bu barədə Riyadh Daily saytı məlumat yayıb.

Görüş zamanı tərəflər iki ölkə arasında əməkdaşlığın aspektlərini və onların ümumi maraqlara xidmət etmək üçün genişləndirilməsi yollarını müzakirə ediblər.

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev də görüşdə iştirak edib.

 

Anadolu Agentliyi: Azərbaycan Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmağa çalışdığını bildirir

Türkiyənin məşhur Anadolu Agentliyi Azərbaycan Xarici İşlər Nazirliyinin Vaqif Xaçaturyanın həbsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını şərh etməsi barədə məlumat yayımlayıb. Məlumatda qeyd olunub ki, Ermənistan Xarici İşlər Nazirliyi Vaqif Xaçaturyan adlı şəxsin Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilməsi ilə əlaqədar növbəti dəfə beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə siyasi manipulyasiyalar ilə məşğul olmaqdadır. Ermənistan tərəfinin məsələ ilə bağlı ölkəmizə qarşı səsləndirdiyi iddiaların heç bir əsası olmadığı da məlumatda öz əksini tapıb. Bundan başqa, Vaqif Xaçaturyan Çerkezoviçin bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətdiyi də yazıda yer alıb.

 

İnterfax Kazakhstan: Qazaxıstan, Azərbaycan, Türkiyə və Özbəkistan Türk Dövlətləri Həmkarlar İttifaqı Təşkilatını yaratdılar

İnterfax Kazakhstanın verdiyi məlumata görə, iyulun 31-də Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası bildirib ki, Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistanın milli həmkarlar ittifaqı mərkəzləri arasında Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında saziş imzalanıb.

 

Hraparak: Azərbaycan XİN Vaqif Xaçaturyanın Bakı tibb müəssisəsinə köçürüldüyünü təsdiqləyib

Ermənistanın Hraparak nəşri 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətmiş Vaqif Xaçaturyanın Bakıda tibb müəssisəsinə yerləşdirilməsi haqqında xəbər yayımlayıb.

Yazıda Azərbaycan XİN-ə istinadən qeyd olunub ki, Vaqif Xaçaturyanın Ermənistana tibbi məqsədlərlə getdiyini nəzərə alaraq, onun Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edilib. Həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə müvafiq şərait yaradılıb.

Nəşrin yaydığı məlumata əsasən, Azərbaycan XİN bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyi 29 iyul tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən Vaqif Xaçaturyan adlı şəxsin Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilməsi ilə əlaqədar növbəti dəfə beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə siyasi manipulyasiyalarla məşğul olmaqdadır. Məsələ ilə bağlı, Ermənistan tərəfinin ölkəmizə qarşı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur.

Xatırladaq ki, Meşəli kəndində kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.