“İsraildə Azərbaycan Evi
Diaspora

“İsraildə Azərbaycan Evi"ndə görüş

İyunun 28-də Azərbaycan Respublikasının İsrail dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədovun Akko şəhərində yerləşən "İsraildə Azərbaycan Evi"ndə diaspor üzvləri ilə görüşü olmuşdur.

"İsraildə Azərbaycan Evi"nin məlumatında bildirilir ki‚ səfir Muxtar Məmmədovu Akko şəhərinin meri Şimon Lankri şəxsən qəbul edib. Görüşdə meriya nümayəndələri ilə birgə mərhum Arye Qutun oğlu Aviel Qut və bacısı da iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akko şəhəri üzrə Dağ Yəhudiləri Cəmiyyətinin sədri və "İsraildə Azərbaycan Evi"nin rəhbəri Nexemya Şirin Mixaeli Azərbaycan və İsrail arasında əlaqələrin daha da möhkəmlənməsinin vacibliyindən və yəhudi xalqı ilə Azərbaycan xalqının min illiklərə söykənən qədim tarixi dostluğundan və mehribanlıq şəraitində yaşamasından danışıb.

Nexemiya Şirin əlavə edib ki‚ Azərbaycan ta qədimdən tolerant ənənələrə və muktikultural dəyərlərə malik ölkədir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən bu dəyərlər daha da inkişaf etdirilib. Dahi şəxsiyyət Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün millətlərin və müxtəlif inanclı insanların mehribançılıq şəraitində yaşadığı nümunəvi ölkələrdəndir.

Qafqaz Dağ Yəhudilərinin Ümumi İsrail Birliyinin sədri‚ İsraildə Dağ Yəhudilərinin Parlament Lobbisinin baş direktoru Pavel Elozarov Azərbaycan ilə İsrailin yaxın dost və qardaş ölkə olduğunu və hər iki xalq arasındakı səmimi münasibətlərin bundan sonra da möhkəmlənməsi və genişlənməsi istiqamətində daha da səmərəli çalışılmağın vacibliyini qeyd edib.

Görüşdə İsraildə yaşayan diaspor üzvləri‚ həmçinin İsrailin bir çox şəhərlərindən‚ o cümlədən Yerusəlimdən yazıçı Sara Raxmani, Rişon le Sion şəhərindən Frida Yusufova, Miryam Xeyli, Akko şəhərindən Şoşana Abramova və başqa yazıçılar, həmçinin Or Akiva şəhərində yerləşən "Ümumi İsrail Dağ Yəhudilərinin Sədri Pavel Elizarov, Dağ Yəhudilərinin baş ravvini Yaniv Naftali və Tel Əviv‚ Natanya, Kiryat Yam, Kiryat Bialik şəhərlərindən də fəal diaspor və ictimaiyyət nümayəndələri və İsraildə Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin direktoru Ben Sion Şmaelov da iştirak ediblər.

Görüşdə iştirak edən yazıçılar Ana Vətən Azərbaycana və doğma Azərbaycan xalqına həsr olunmuş şeirlər səsləndirdilər. Sara Raxmaninin səsləndirdiyi şeir isə tədbir iştirakçılarına yaddaqalan anlar bağışladı. Ravvin Yaniv Naftali öz çıxışında Azərbaycan xalqına və şəxsən cənab Prezident İlham Əliyevin adına ivrit dilində dua oxudu.

Səfir Muxtar Məmmədov səmimi və qardaşlıq şəraitində keçirilən görüş üçün tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. 30 ildən sonra Azərbaycanın İsraildə səfirliyinin açılmasından və İsrailə səfir olaraq gəlməsindən böyük məmnunluğunu ifadə etdi, həmçinin hər iki ölkə və xalqlararası əlaqələrin genişlənməsi və möhkəmlənməsi üçün səylərin daha da artırılmasının vacibliyini vurğuladı.

Belə mötəbər tədbirin keçirilməsində böyük əməyi olan "İsraildə Azərbaycan Evi"nin əməkdaşları Raya Xudatova və Xananiya Danilovaya xüsusi minnətdarlıq bildirildi.

"Respublika".