İQOR KOROTÇENKO: QARABAĞIN İNKİŞAFI AZƏRBAYCANIN NAİLİYYƏTLƏRİNİN DÜNYAYA NÜMAYİŞİ OLACAQ
Diaspora

İQOR KOROTÇENKO: QARABAĞIN İNKİŞAFI AZƏRBAYCANIN NAİLİYYƏTLƏRİNİN DÜNYAYA NÜMAYİŞİ OLACAQ

Azərbaycan Silahlı Qüvvələri tərəfindən 19 sentyabrda başlanmış və 24 saatdan da az müddət çəkmiş lokal antiterror tədbirləri nəticəsində separatçıların kvazi-törəməsi özünü buraxmalı oldu. Həmin ərazilərdə Azərbaycanın suverenliyi bərpa edildi, Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiya prosesinə başlanıldı. Azərbaycanın mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasında maraqlı olması bir daha öz təsdiqini tapdı, dövlətimiz Ermənistanla sülh müqaviləsinin imzalanması ideyasına öz sadiqliyini yenidən nümayiş etdirdi.

Məsələlərin hazırkı inkişafı ilə əlaqədar öz fikirlərini bölüşən tanınmış rusiyalı politoloq, Rusiya Federasiyası Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko qeyd edib ki, SSRİ-nin məhv edilməsində, ermənilərin Azərbaycana qarşı hərbi təcavüzünün həyata keçirilməsində yer almış "miatsum" layihəsinin final nöqtəsi qoyuldu: "Bu gün bütün bunlar artıq sıfırlanıb və əvvəlkilərə geri dönüş olmayacaq. Separatist rejim özü-özünü buraxmaqla mövcudluğuna son qoydu. Azərbaycanın tərkibində öz gələcəyini görməyən Qarabağ erməniləri könüllü surətdə Qarabağ iqtisadi rayonunun ərazisini tərk edirlər. Bu, onların öz şəxsi seçimidir və buna hər hansı məcburiyyət, təhdidlər olmadan qərar veriblər. Bakı dəfələrlə, o cümlədən də bu günlərdə Qarabağ ermənilərinə Azərbaycan dövləti tərkibində öz gələcəyini seçmək çağırışı ilə müraciət etmişdi. Hər kəs öz seçimini özü edir. Və nəhayət, biz ermənilərdən hərbi cinayətkarların saxlanıldığını, beynəlxalq terrorizmlə əlbir olanların həbsini görürük. Onların arasında Ruben Vardanyan da var. Biz de-fakto və de-yure Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün bərpa olunmasını müşahidə edirik. Bütün bu hadisələr heç şübhəsiz, təkcə Cənubi Qafqaz regionu üçün əhəmiyyət kəsb edən məsələlər deyil, həm də düşünürəm ki, beynəlxalq gündəliyin hadisələridir. Qeyd etmək lazımdır ki, müasir tarixdə ilk dəfədir ki, hərbi təcavüzkarlar tərəfindən ərazisinin 20 faizi işğal edilmiş bir ölkə öz ərazi bütövlüyünü bərpa edə bilmişdir. Azərbaycan bayrağı hazırda Xankəndidə - separatçıların keçmiş "paytaxtında" dalğalanır. Bu, Azərbaycanda Heydər Əliyevin hakimiyyətə qayıdışının, onun siyasi kursunun Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində respublikada dövlət və ordu quruculuğunun həyata keçirilməsinin prioritetlərini göstərir. Onlar dünya siyasətinə əbədi daxil olmuş siyasətçilərdir. Və bu gün deyə bilərik ki, Heydər Əliyev fenomeni, İlham Əliyev şəxsiyyəti dünya tarixində əbədi qalacaq siyasətçi və intellektuallardır. Çünki məhz belə şəxsiyyətlər öz iradələri və rəhbərlik etdikləri xalqın birləşdirilməsi sayəsində tarix yaradırlar. Odur ki, müşahidə etdiyimiz hazırkı hadisələr bütün aspektlərdən olduqca mühüm və əlamətdardır. Azərbaycanın bütün dostları əlbəttə ki, ölkənin ərazi bütövlüyünün tam bərpa edilməsini alqışlayır. Biz çox yaxşı dərk edirik ki, bu, onilliklər ərzində gərgin əməyin, effektiv Azərbaycan iqtisadiyyatının qurulmasının, dövlətin ehtiyaclarına daha yaxşı cavab verən siyasi sistemin yaradılmasının  nəticəsində baş vermişdir. Və ən başlıcası - güclü silahlı qüvvələrin formalaşdırılması siyasəti.

Biz inanırıq ki, baş vermiş dəyişikliklər Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək. Ölkələrimiz arasındakı əlaqələrin, dostluğumuzun təməlində keçən il imzalanmış "Azərbaycan Respublikası ilə  Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə  yer alır. Bu gün siyasi, iqtisadi, ictimai diplomatik münasibətlərin effektiv surətdə inkişaf etdirilməsi, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsi üçün heç bir maneə yoxdur. Və əlbəttə ki, erməni işğalından azad edilmiş Qarabağ yaxın illərdə çiçəklənən, inkişafına, potensialına görə Azərbaycanın ən effektiv regionuna çevriləcək. Bu, müstəqil Azərbaycanın nailiyyətlərinin dünyaya  nümayişi olacaq, çünki bərpa olunmuş Qarabağ "ağıllı şəhərlər", "ağıllı kəndlər" deməkdir, ekoloji cəhətdən əlverişli bölgə əla kənd təsərrüfatına, turizmin nəhəng imkanlarına malik olan bir regiondur. Azərbaycan xalqının bütün dostları artıq müşahidə etdiyimiz və ən yaxın illərdə də görə biləcəyimiz böyük uğurlara şübhəsiz ki, şad olacaqlar.

"Respublika".