MELİORATİV TƏDBİRLƏR BOL MƏHSULA ZƏMİN YARADIR
İQTİSADİYYAT

MELİORATİV TƏDBİRLƏR BOL MƏHSULA ZƏMİN YARADIR

Respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması, idxaldan asılılığın minimuma endirilməsi, ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsal olunması üçün Prezident İlham Əliyev bir sıra vacib sərəncamlara imza atmışdır. Aqrar sektorda çalışanlara dövlətin hərtərəfli dəstəyi insanların bu sahələrə marağını daha da artırır. Nəticədə hər il minlərlə ton ekoloji təmiz, müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları istehsal olunaraq ölkə bazarlarında bolluq yaratmaqla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur. Bəllidir ki, bol məhsulun əldə olunması suvarma suyuna olan tələbatın ödənilməsindən birbaşa asılıdır.

Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Şəmkir respublikada qabaqcıl rayonlar sırasında qərar tutur. Burada aqrar sahə, sözün əsl mənasında, yüksək təşəkkül tapmışdır. Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Etibar Nəbiyevlə söhbət zamanı müsahibim bildirdi ki, rayonda 2023-cü ilin 6 ayı ərzində faktiki olaraq 86762 hektar əkin sahəsi suvarılmışdır. Suvarma əsasən beş mənbədən istifadə edilməklə həyata keçirilmişdir. Belə ki, Şəmkirçay Su Anbarı vasitəsilə 13508, Zəyəm çayla 2935, nasoslarla 4908, kanalla 6429, subartezian quyuları vasitəsilə 58982 hektar sahə suvarılmışdır.

2023-cü ilin birinci yarısında sel və daşqınların xoşagəlməz fəsadlar yaratmaması, eləcə də su axının tənzimləməsi üçün Şəmkirçay və Zəyəm çayında daşqın və selə qarşı mübarizə tədbirləri çərçivəsində 75 min kubmetr həcmində çay məcralarının mexanizmlə tənzimləməsi işləri yerinə yetirilmişdir.

Suvarma suyunun itkisiz və vaxtında əkin sahələrinə çatdırılması üçün 2023-cü ilin 6 (altı) ayı ərzində idarə daxili imkanlar hesabına 198,0 min kubmetr həcmində kanalların lildən təmizlənmə işləri aparmışdır. O cümlədən ekskovatorlarla 122,0 min kubmetr, buldozerlərlə isə 76,0 min kubmetr həcmində faktiki iş görülmüşdür. Ümumilikdə, Şəmkir rayonu ərazisində 105,3 kilometr uzunluğunda kanalların lildən təmizləmə işləri həyata keçirilmişdir.

Bundan başqa, Podratçı təşkilat tərəfindən Nadirşah kanalında ekskovatorla 7,5 km hissədə 16,8 min kubmetr lildən təmizləmə işləri aparılmışdır. O cümlədən Sol Sahil Beton kanalın 135 metr hissəsi cari təmir olunmuşdur. Qaracəmirli üçün 310 metr uzunluğunda yeni təsərrüfatdaxili arx çəkilmişdir ki, bununla da kənddə mövcud olan su problemləri aradan qaldırılmışdır.

Rəis bildirdi ki, idarənin balansında 865 subartezian quyusu var. Onlardan 32 ədədi passiv, 833 ədədi aktiv quyulardır. 2023-cü ilin ilk yarısında 12 ədəd istismara yararsız subartezian nasosu yenisi ilə əvəz olunmuş, 191 ədəd subartezian quyusunun nasosu təmir edilmiş, 127 ədəd subartezian quyusu isə cari təmir edilmişdir. İlin əsaslı təmir planına salınmış 14 ədəd subartezian quyusunda işlər davam etdirilir.

İdarənin balansında 17 ədəd nasos stansiyası fəaliyyət göstərir. Nasos stansiyalarda 23 aqreqat var, onlardan 21-i saz və işlək haldadır. Hal-hazıradək 3 ədəd nasos stansiyada cari təmir işləri görülmüşdür. Keçili, 1 və 2 saylı, S.Vurğun, Yeniabad və Ağlavaşlı 1 və 2 saylı nasos stansiyalara xidmət edən 4 ədəd sututarlarının həcmi genişləndirilmiş, 5,5 km uzunluğunda arxlar lildən və kol-kosdan təmizlənmişdir.

Zəyəm qəsəbəsi və Ələsgərli kəndində sel sularının kənarlaşdırılması və dəyəcək ziyanın minimuma endirilməsi üçün 540 metr uzunluğunda yeni arx çəkilmiş, baş kanala birləşdirilmiş və suyun təhlükəsiz şəkildə kənarlaşdırılması təmin olunmuşdur.

Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Şəmkir Suvarma Sistemləri İdarəsinə müraciət edən şəhid ailələri və qazilərə xüsusi qayğı göstərilir. Qaracəmirli kəndində şəhid ailəsinə verilmiş 1 hektar torpaq sahəsi Şəmkir SSİ-nin texnikaları vasitəsilə tullantılardan təmizlənərək kənara daşınması təmin olunmuş və hamarlama işləri görülmüşdür. Qapanlı kəndində şəhid ailəsinə məxsus ərazi tullantılardan təmizlənmiş, evinə subasma təhlükəsi ehtimalı olan təxminən 50 metr uzunluğunda borulu keçid xətti idarə tərəfindən çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Şəmkirdə meliorativ tədbirlər uğurla davam etdirilir.

Vəli VƏLİYEV,

"Respublika".