İşğaldan   azad   edilmiş   bölgələrimiz arıçılığın   inkişafına   stimul   verəcək
İQTİSADİYYAT

İşğaldan   azad   edilmiş   bölgələrimiz arıçılığın   inkişafına   stimul   verəcək

Arıçılıq kənd   təsərrüfatında  heyvandarlığın   mühüm   qolu   sayılmaqla həm  əhalinin   ərzaq   təminatında  əhəmiyyətli   rol  oynayır, həm  də  tibbdə  müalicəvi   əhəmiyyət   kəsb   edir. O, bal arılarının yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalı və emalını əhatə edən faydalı  kənd təsərrüfatı sahəsidir. Azərbaycanda  tarixən   mövcud   olmuş  və  müasir   dövrümüzədək inkişaf   etmişdir.

Məlumat  üçün   bildirək  ki, arılar təkcə  cənub–şərq  ölkələrində   deyil, dünyanın  bütün   isti   və  mülayim  iqlimə   malik   bölgələrində  yaşaya  bilirlər. Təkcə   Antraktidadan başqa. Bir   qayda  olaraq, işçi arının ömrü 40 gün çəkir. 2-3  həftəyə   isə   artıq bala çıxarır. İşçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kiloqram  təmiz bal verir. Onlar olduqca  zəhmətkeş   və   faydalı   həşəratlardır. Gün   ərzində  10-15 kilometrə qədər yol qət edə bilir   və yaxşı şirə tapdıqda, qayıdıb o biri arılara da xəbər verir. Bu zaman bütün arılar həmin yerə uçurlar.

Bütün  bu  sadalanan   faydalı  xüsusiyyətlərinə    görə,   dövlət   sahənin   inkişaf   etdirilməsinə   ardıcıl   maddi   və  mənəvi   dəstək  verir. Dövlət Statistika Komitəsinin  məlumatına görə, respublikamızda  ötən   il    625 ,3 min arı ailəsi mövcud   olub. Bu, iki  il  bundan  əvəlkindən   82,5  min  baş   çoxdur.

Azərbaycanda bir arı ailəsinin orta illik məhsuldarlığı  hava şəraitinin əlverişli olduğu illərdə  10-12 kiloqram, əlverişsiz olduğu illərdə isə 3-5 kiloqram   olur. 2021 - ci ilin   yekununa  görə, hər arı ailəsindən orta hesabla 9,8 kq olmaqla 5,8 min tona yaxın bal istehsal olunmuşdur. 2022-ci   ilin yekun    rəqəmləri    hələ   rəsmi  açıqlanmasa   da, göstəricilərin   əvvəlki   ildəkindən    daha   yüksək   olacağı     şübhə    doğurmur.

Sahənin   inkişaf    etdirilməsi   üçün    arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığın yüksəlməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan balın mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etiketləmə məsələləri   də həyata keçrilməlidir. Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizinin Azərbaycanın payına düşdüyünü nəzərə alsaq, respublikamızda bu sahədə böyük potensial imkanların və prespektivlərin olduğunu aydın görürük. Hər il ardıcıl olaraq arıçılıq məhsullarının sərgi-satış yarmakaları keçrilir ki, bu da arıçıların maddi imkanlarının yaxşılaşmasına şərait yaradır.

Arıxa­nalar­da müxtəlif səbəblər üzündən (beçəvermə, zəiflik, xəstəliklər və s.) arı ailə­lə­ri­ eyni səviyyədə bal verə bilmir. Buna görə də hesablamaları məhsul­darlığın orta həddi ilə aparsaq, Azərbaycanda bal istehsa­lı­nın illik həcminin hazırda 5  min   ton ətrafında olduğunu demək olar. Respub­li­kamızda hər nəfərə düşən illik istehlak səbətində balın miqdarı 0,5 kq (500 qram) təşkil edir. Bu, dünyada orta istehlak göstəri­ci­ləri ilə müqayisədə hələ   ki,  aşağıdır. Belə ki, Türkiyə, Almaniya, Avstriya, Yunanıstan, Ukrayna və İsveç­rə­də hər nəfərə düşən illik bal istehlakı 1-1,5  kiloqramdır. Azad   edilən   bölgələrimiz     imkan   verir   ki, biz  də   dünya   göstəricilərinə   yaxınlaşaq.

Düşmən   üzərində 44 günlük   şanlı   qələbəmizdən  sonra  işğaldan   azad  edilən   bölgələrimiz  arıçılığın  daha   da   inkişaf   etdirilməsinə   əlverşli    şərait   yaradıb. Çünki  Qarabağ   və  Şərqi   Zəngəzur   bölgələri  zəngin   bitki   örtüyünə və  əlverişli   iqlimə   malikdirlər. Artıq ötən   ildən   etibarən  bu   proses-arı  ailələrinin   işğaldan  azad   edilən  bölgələrə  aparılması, orada  saxlanması   və   bəslənməsi   işlərinə   başlanılıb.

Nəriman  CAVADOV,

“Respublika”.