Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

ƏRDOĞAN VƏ PUTİNIN GÖRÜŞÜ ZAMANI BƏZI MƏSƏLƏLƏR MÜZAKIRƏ OLUNACAQ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında avqust ayında keçiriləcək üzbəüz danışıqların əsas mövzularından biri məhz Qara dəniz taxıl sazişinin bərpası ola bilər. “Trend”in xəbərinə görə, bu barədə diplomatik mənbədən “TASS” agentliyinə bildiriblər.

Məlumata əsasən, rəsmi Ankara taxıl sazişinin bərpası üzrə müəyyən razılaşma əldə edəcəyinə ümid edir, əks halda, dünyada dənli bitkilərin qiyməti bahalaşmağa davam edəcək.

Qeyd olunur ki, Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Ukrayna üzrə sülh danışıqlarını bərpa etməyi təklif edəcək. “O, müharibənin qalibinin, sülhün isə məğlubunun olmaması tezisini bir daha təkrarlayacaq. Ankara dəfələrlə bildirib ki, atəşkəs mümkün qədər tez əldə olunmalıdır”, - deyə diplomatik mənbə bildirib.

Xatırladaq ki, həm rəsmi Ankara, həm də Moskva avqust ayında liderlər arasında görüşün olacağını təsdiqləyiblər. Lakin görüşün yeri və konkret tarixi isə hələ ki, məlum deyil.

 

ABŞ YAXIN ŞƏRQƏ 3000-DƏN ÇOX ƏLAVƏ HƏRBİ QÜVVƏ GÖNDƏRİB

ABŞ Yaxın Şərqə 3000-dən çox hərbçi yerləşdirib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, yeni qüvvələr avqustun 6-da “Bataan” və “Carter Hall” desant gəmiləri ilə Qırmızı dənizə gəlib. Mətbuat xidmətinin məlumatına görə, bu, ABŞ hökumətinin əvvəllər elan etdiyi hərbi qüvvə və vasitələrin yerləşdirilməsi ilə bağlıdır.

Bununla yanaşı, bildirilir ki, bölgəyə təkcə ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun əlavə personalı deyil, həm də təyyarələr, helikopterlər və amfibiya maşınları yerləşdirilib.

İyulun sonunda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqladığı planda iddia edilib ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin müvafiq əmri İranın CENTCOM-un məsuliyyət zonasında ticarət gəmilərini ələ keçirmək cəhdləri fonunda verib.

 

KİM ÇEN IN SİLAH ZAVODLARINA İSTEHSALI ARTIRMAĞI TAPŞIRIB

Şimali Koreya lideri Kim Çen In müdafiə zavodlarına istehsalı artırmağı tapşırıb. Bu, Rusiya müdafiə naziri Sergey Şoyqunun Pxenyana səfərindən iki həftə sonraya təsadüf edib. “Teleqraf.com” xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, Kim Çen In raket mühərrikləri, artilleriya, atıcı silahlar və digər silahlar istehsal edən bir sıra zavodların işini yoxlayıb və ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə istehsal gücünü artırmağı əmr edib.

Şimali Koreya liderinin son bir neçə gün ərzində çoxsaylı silah fabriklərinə gözlənilməz ziyarətləri Pxenyanın müxtəlif strateji və adi silahlar hazırlamağa çalışdığı və bir sıra silahları nümayiş etdirdiyi vaxta təsadüf edir.

Xatırladaq ki, iyulun 25-də Sergey Şoyqu Şimali Koreyaya səfər edib. Səfərin rəsmi səbəbi Koreyanın “Qələbə Günü”dür. Lakin ekspertlər hesab edir ki, əsl səbəb müharibə üçün Rusiyaya silah tədarükü ilə bağlı razılaşma cəhdidir. Şoyqu SSRİ-dən bəri Moskvanın Pxenyana səfər edən ilk müdafiə naziri olub ki, bu da özlüyündə səfərin əhəmiyyətindən xəbər verir.

 

BRİTANİYA HÖKUMƏTİNDƏN QANUNSUZ MİQRANTLARLA BAĞLI YENİ QƏRAR

Böyük Britaniya hökuməti qanunsuz miqrantları işə götürən şirkətlərə qarşı cərimələri üç dəfə artıracaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın daxili işlər nazirinin müavini Robert Cenrikin “The Daily Telegraph” üçün yazdığı məqalədə qeyd olunur.

Nazir müavininin sözlərinə görə, qanunsuz miqrantlara mənzil kirayə verən ev sahibləri üçün cərimələrin məbləği 10 dəfə artırılacaq.

“Cərimə qeyri-qanuni işə götürülən hər bir işçi üçün 20 min funt sterlinqdən 60 min funt-sterlinqə yüksələcək”, - R.Cenrik vurğulayıb.

Eyni zamanda, nəşr bildirir ki, Britaniya hökumətinin yeni siyasəti qeyri-qanuni mühacirlərin işə götürülməsini tamamilə iqtisadi cəhətdən qəbuledilməz və maliyyə cəhətdən pozmaq üçün nəzərdə tutulub.

Bildirilir ki, cərimələrin artırılması restoran və mehmanxana biznesinə, tikinti sənayesinə, sosial xidmətlərə, eləcə də avtoyuma və gözəllik salonlarının işçilərinə təsir göstərə bilər.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Rişi Sunak qeyri-qanuni miqrant probleminin həllini kabinetinin 5 əsas məqsədindən biri adlandırmışdı.

 

UKRAYNA ORDUSUNUN YENİ STRATEGİYASI AÇIQLANIB

Ukrayna Silahlı Qüvvələrinin (SQ) “Cənub” Əməliyyat Komandanlığının nümayəndəsi Nataliya Qumenyuk ölkənin müdafiə qüvvələrinin yeni strategiyasını açıqlayıb. Bu barədə “Report” agentliyi Ukrayna mətbuatına istinadən məlumat yayıb.

“Strategiyamız dəyişib. Rusiyanın cəbhəyə canlı qüvvə və texnikaların daşıdığı körpülərin sıradan çıxarılması, eyni zamanda düşmənin arxa cəbhədəki potensialının məhv edilməsi bizim üçün yeni strategiyadır”, - deyə nümayəndə vurğulayıb.

Bununla yanaşı, Nataliya Qumenyukun sözlərinə görə, qarşı tərəf döyüş meydanına lazımi miqdarda resurs cəlb edə bilmir: “Bunun əsas səbəbi dünən iki əsas yol körpüsünə - Çonqarski və Geniçeskə endirilən zərbələrdir”.

N.Qumenyuk həmçinin  bildirib ki, Rusiya Ukraynanın uzaqmənzilli silahlarından çəkinir.

Ukrayna SQ-nin nümayəndəsi qeyd edib ki, seçilmiş doğru strategiya nəticəsində Rusiya ordusunun maddi-texniki təminatı ləngiyir.

Eyni zamanda, Qumenyukun sözlərinə görə, bu, Ukraynanın böyük strategiyasıdır: “Düşmən cəbhədə birbaşa zərbə gözləyərkən biz arxadan hücum edərək, Rusiyanın resurslarını məhv edirik”.

 

NİGERDƏ HƏRBİ XUNTAYA VERİLƏN VAXT BAŞA ÇATIB

Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Nigerdə hakimiyyəti ələ keçirmiş xuntaya verdiyi vaxt başa çatıb. “Teleqraf.com”un xəbərinə görə, “Vətəni Müdafiə Milli Şurası” xunta rejiminin sözçüsü polkovnik Amadu Abdraman “ECOWAS”ın hərbi müdaxiləsi durumuna qarşı Nigerin hava məkanının növbəti bildirişə qədər bağlandığını açıqlayıb.

Polkovnik hər hansı bir pozuntuya dərhal və qəti cavab veriləcəyini bildirib: “Xarici bir ölkə “ECOWAS”la əməkdaşlıq edərək ölkəmizə hücum etməyə hazırlaşır”.

Bununla yanaşı, “ECOWAS”ın hərbi müdaxilə hazırlıqları çərçivəsində iki Mərkəzi Afrika ölkəsində hərbi qüvvə yerləşdirdiyini vurğulayan Amadu Abdraman bu prosesdə iştirak edən hər bir ölkənin düşmən kimi qəbul ediləcəyini qeyd edib.

Məlumata əsasən, hərbi xuntaya verilən vaxt bitsə də, “ECOWAS” hələlik hərbi əməliyyatlara başlamayıb. ABŞ-ın “The Wall Street Journal” nəşri “ECOWAS”ın hərbi əməliyyatlar üçün daha çox vaxta ehtiyacı olduğunu bildirib.

 

TÜRKİYƏ PUA-ları ABŞ GÜNDƏMİNDƏ

Türkiyə müdafiə sənayesinin fəxri olan PUA-lar (pilotsuz uçuş aparatları) yenidən ABŞ mətbuatının gündəmində olub. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə “American Business Insider” jurnalı Körfəz ölkələrinin Türkiyə pilotsuz təyyarələrinə artan marağına diqqət çəkib və “Bayraktar TB2”nin yüksəlişi ilə bağlı məqalə dərc edib.

Məqalədə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Türkiyə istehsalı olan PUA-larla maraqlandığı qeyd olunub. Bildirilir ki, Türkiyə Yaxın Şərqdəki qonşuları ilə müdafiə sənayesi ticarətini artırıb.

Türkiyə prezidentinin iyul ayında Səudiyyə Ərəbistanına səfəri zamanı rekord məbləğdə müqavilə imzalandığı xatırladılıb.

Məqalədə Körfəz ölkələrinin daha əvvəl Çin istehsalı olan dronlardan istifadə etdiyi qeyd olunub. Bununla belə, “Bayraktar TB2”nin sürətli yüksəlişinin Çin pilotsuz təyyarələrini kölgədə qoyduğu, Körfəz ölkələrinin qısa zamanda Türkiyə pilotsuz təyyarələrinin ən böyük müştərisinə çevrildiyi vurğulanıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”