Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Santa Mariya del Fiore" Kafedralı

İtaliyanın Florensiya şəhərində inşa olunan "Santa Mariya del Fiore" Kafedralı dünyada ən böyük günbəzi olan bina kimi tarixə düşüb. Memarlığın şah əsəri hesab edilən bu abidənin tikintisi bir neçə mərhələyə başa gəlib və binanın layihəsi üzərində üç memar çalışıb. İlk öncə kafedralın müəllifi Arnolfo di Kambio adlı memar binanın divarlarını layihələndirib, daha sonra isə dizayner Djotto di Bondone kafedralın fasadına erkən intibah dövrünün elementlərini əlavə edib. Nəhəng günbəzin layihəsini isə Florensiyanın baş memarı Filippo Brunelleski hazırlayıb.

Ümumi sahəsi 8300 kvadratmetr olan kafedralın uzunluğu 153, eni 90, tağların hündürlüyü isə 45 metrdir. Nəhəng günbəzin ümumi çəkisi təxminən 40 min tondur. Qotik üslubun elementlərini əks etdirən abidənin tikintisində 4 milyondan çox kərpicdən istifadə edilib. Rəngli vitrajlarla bəzədilmiş tikilinin dekorasiyasının müəllifləri isə Corcio Vasari və Federiko Zukari olub.

 

"Lium" İncəsənət Muzeyi

"Lium" İncəsənət muzeyi 2004-cü ildə Cənubi Koreyanın paytaxtı Seul şəhərində inşa olunub. Samsunq şirkətinin maliyyə dəstəyi və Mədəniyyət Fondunun təşəbbüsü ilə tikilən incəsənət qalereyası təkcə maraqlı eksponatları ilə deyil, həm də qeyri-adi quruluşuna görə ölkənin ən çox ziyarət edilən mədəniyyət məkanlarından birinə çevrilib.

İki böyük zonaya bölünən avanqard binanın 1-ci hissəsi isveçrəli memar Mario Botta tərəfindən dizayn edilib. Muzeyin 2-ci - şüşəli hissəsinin müəllifi isə Pritzker mükafatı laureatı fransız memarı Şon Novel olub.

Muzeyin ən zəngin ekspozisiyaları tematik olaraq iki sektora bölünür: keçmiş və indiki zaman. Birinci sektorun eksponatları orta əsr qalasını xatırladan dördmərtəbəli binada saxlanılır. Koreyanın ən qiymətli kolleksiyasının sərgiləndiyi salonda 120 əsər nümayiş olunur. Ekspozisiyada antik dövrü əhatə edən əl işləri, buddizm atributları, rəsm, yazı və keramika sərgilənir. Müasir incəsənət ekspozisiyasının yer aldığı 2-ci muzeydə isə koreyalı ustaların əsərləri ilə yanaşı, Endi Uorhol, Damien Hirst, Mark Rotko və s. kimi ustaların əsərləri də yer alır.

 

"Super krab" ekoloji muzeyi

Çinin Tszyansu əyalətinin Kunşan şəhərində inşa olunan qeyri-adi muzey binası xərçəngkimilər fəsiləsinə aid olan nəhəng tüklü krab şəklində dizayn edilib. Yançen gölünün ərazisində yerləşən binanın tikinti işlərinə 2017-ci ildə başlanılıb. "Super krab" adlanan qeyri-adi ekoloji muzeyin açılış mərasimi isə 2018-ci ildə baş tutub.

Kompleksin ümumi hündürlüyü 16, uzunluğu isə 75 metrdir. Paslanmayan poladdan tikilən nəhəng kompleks 3 mərtəbədən ibarətdir. Müxtəlif növ krabların sərgiləndiyi məkanda ziyarətçilər bu dəniz canlılarının fotoları ilə yanaşı, onların həyat tərzini əks etdirən videoçarxları da izləmək imkanı əldə edirlər. Kommersiya məqsədilə tikilən "Super krab" ekoloji muzeyində, həmçinin əyləncə mərkəzi, kinoteatr, mağaza və restoranlar da fəaliyyət göstərir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".