Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

İnsan genomu ilk dəfə tam şifrə edilib

ABŞ-ın Bethesda Milli İnsan Genomu Araşdırma İnstitutunun rəhbərlik etdiyi beynəlxalq tədqiqatçı qrupu insan genomunun 92 faizini şifrə etmişdi. Lakin indi onlar qalan 8 faizi də şifrə edərək işlərini tamamlayıblar. Bu, biotibbi tədqiqatlarla yanaşı, bütün elmlər üçün yeni bir mərhələ olacaq.

Genom insanın ən vacib hissəsidir. Bura xromosomlar, DNT və RNT daxildir. Genoma əsaslanaraq, genetik blokların bədən funksiyalarını, xəstəliklərin necə meydana gəlməsini və inkişafını öyrənmək mümkündür.

Tədqiqatçılar bu nailiyyəti müasir kompüter texnologiyasındakı nəhəng irəliləyişlər sayəsində əldə edib. Şifrəni açmaq üçün araşdırma qrupu 46 xromosomdan 23-nü analiz edib. Genomun böyük bir hissəsini, genetik materialı kiçik parçalara ayırıb və yenidən yığaraq öyrənmişlər. Belə ki, DNT molekulu daha böyük parçalara ayrılıb, digər ardıcıllıq isə lazerlə araşdırılıb. Kompleks ardıcıllıqlar embrionun inkişafından məhsuldar olan CRİPSR DNT üçün yeni fikirlər meydana gətirib.

Bu yenilik gələcəkdə həkimlərin genom sıralamasından istifadə edərək xəstələrə daha dəqiq diaqnoz qoymaqla yanaşı, eləcə də xərçəng və QİÇS-in müalicəsinə kömək edəcək.

Məqalə “Forschung und Wissen” jurnalında dərc olunub.

           

Marsda bitki becərilə bilər

Uzunmüddətli kosmik səyahətlərə, yaxud başqa planetlərdə yeni bir həyata hazırlaşarkən, ən böyük problemlərdən biri necə qidalanmaqdır. Yer üzərində bitkilər torpaqda yaşayan, azotu təmin edən bakteriyalardan faydalanırlar. Beynəlxalq Kosmos Stansiyasında (İSS) edilən son bir kəşf azotu təmin edən bakteriyaların kosmosdakı bitkilərə də kömək edə biləcəyini göstərir.

Elm adamları İSS-də bitkilərin inkişafını təmin edən  mikrobların dörd növünü tapıblar və iki fərqli səfər zamanı toplanan nümunələri təhlil ediblər. Nəticədə bütün bakteriya növlərinin bitkilərin inkişafını təmin etdiyi müəyyənləşdirilib.

“Resursların minimal olduğu ekstremal yerlərdə, əlverişsiz mühitdə yeni mikrobların cəlb edilməsi vacibdir. Analiz üçün nümunələri Yerə gətirmək əvəzinə kosmosda toplayan, emal edən vahid mikrob monitorinq sisteminə ehtiyacımız var. Bu bakteriyaların bitkilərə həqiqətən faydalı olub-olmadığını sübut etmək üçün daha çox təcrübə aparmağa ehtiyac olacaq”-NASA Jet Propulsion Laboratoriyasının tədqiqatçısı Kasthuri Venkateswaran mətbuat konfransında qeyd edib.

Tədqiqatla bağlı məlumat “Frontiers in Microbiology” jurnalına istinad edilib.

 

Sınmış smartfon ekranları tarixə çevriləcək

Çox böyük məbləğdə pul xərcləyərək əldə etdiyimiz ağıllı telefonların ekranının bir anda müəyyən səbəbdən parçalanması yəqin ki, hər kəs üçün təəssüfləndirici haldır. Ancaq hindistanlı alimlər artıq smartfon istifadəçilərinin bu probleminə son qoyublar. Belə ki, Hindistanın Elm Təhsil və Araşdırma İnstitutunun tədqiqatçıları ağıllı telefonların ekranı kimi sərt səthlər üçün özü-özünü bərpa edən kristal material hazırlayıblar.

İndiyə qədər özü-özünü bərpa edən materialların hazırlanmasında yalnız yumşaq plastiklərdən istifadə edilirdi. “Science” jurnalında dərc edilən məqalədə piezoelektrik xüsusiyyətlərə malik xüsusi molekulyar quruluşlu üzvi bir kristalın sintezindən bəhs olunub. Bu material mexaniki enerjini elektrik enerjisinə və əksinə çevirə bilir. Kristalların uzunluğu 1-2, qalınlığı isə 0,1-0,2 millimetrə qədərdir. Bu kristalların biri qırıldıqda təzyiq parçalanan səthlərdə elektrik yükləri yaradır və özü-özünü bərpa edərək elektrostatik idarə olunan dəqiq rekombinasiyanı tətikləyir.

Mütəxəssislər hazırladıqları materialın digər texnoloji avadanlıqların istehsalında da istifadə edilə biləcəyini vurğulayıblar.

           

Sintetik böyrək yetişdirilib

Böyrəklər xəstələrə köçürülən orqanlar arasında ən çox üstünlük təşkil edir. Müasir tibb bu prosedurları bu gün kifayət qədər rutin etsə də, xəstəxanalarda hər il uyğun donor axtarışında olan xəstələr hələ də çətinliklərlə üzləşir. İndi yeni bir araşdırma bu problemin həllinə istiqamətlənib. Kaliforniyanın alimləri sintetik böyrək yaratmaq üçün potensial bir bina bloku yaradıblar.

Tədqiqatçılar orqanoidlər adlanan əsas böyrək quruluşunu uğurla meydana gətiriblər. Bu “kiçik böyrəklər” bədənin maye və pH balansını qoruyan toplama kanal sisteminə bənzəyir. Elm adamları ilkin mərhələdə üreterik “qönçə”lərin progenitor hüceyrələrə (UPCs) bənzəyən orqanoidlərə çevrilməsini təmin edən “molekul kokteyli” hazırlayıblar. Bu hüceyrələr heyvan və insanlarda böyrəklərin erkən inkişafında mühüm rol oynayır. Mütəxəssislər laboratoriyada yetişdirilən “qönçə”lərin bir hissəsini nefron hüceyrələrə daxil edərək normal bir böyrəyin süzmə prosesini təmin edən kompleks boruların şəbəkəsini yaradıblar. Bununla da funksional orqanın yetişdirilməsinin ən vacib mərhələsi tamamlanıb.

Tədqiqat işi “Nature Communications” jurnalında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.