Xatirələrdə yaşayan insan
Mədəniyyət

Xatirələrdə yaşayan insan

Sağlığında hörmət və ehtiram qazanan, ən başlıcası isə yoxluğundan sonra çoxlarının xatirələrində yaşayan şəxsiyyətlərdən biri də yazıçı-dramaturq, satirik yazıları ilə tanınan Seyfəddin Dağlıdır.

Mənalı ömür yolu keçmiş Seyfəddin Dağlının həyatı ədəbi-elmi mühitlə, mətbuat və mədəniyyət aləmi ilə, habelə ictimai-siyasi həyatla sıx bağlı olmuşdur. Seyfəddin Əliağa oğlu Abbasov - Dağlı 27 avqust 1921-ci ildə Xızı rayonunda anadan olmuşdur. Bakı şəhəri 2 nömrəli yeddiillik məktəbi və N.Nərimanov adına Sənaye Texnikumunu bitirmiş, sonra isə Sovet ordusu sıralarında İkinci Dünya müharibəsində iştirak etmişdir.

Ədəbi fəaliyyətə qəzetçiliklə başlamış, hərbi jurnalist kimi 1944-1946-cı illərdə Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı qəzetilə əməkdaşlıq etmişdir. Həmin illərdə Cənubi Azərbaycanda müşahidə etdiyi həyat lövhələri əsasında yazdığı roman və hekayələri sonralar Bakıda "Məşəl" və "Gəcil qapısı" kitablarında nəşr etdirmişdir.

Seyfəddin Dağlı 1953-1956-cı illərdə Moskva Ali Hərbi Siyasi Akademiyasının müdavimi olmuşdur. 1956-1959-cu illərdə ilk yaranan Azərbaycan Televiziyasının baş redaktoru olmuş və sədr müavini vəzifəsinədək yüksəlmişdir. O, 1959-1976-cı illərdə "Kirpi" jurnalının baş redaktoru vəzifəsində çalışmışdır. Müəllifin ilk qələmə aldığı "Dəniz kəşfiyyatçısı" kiçikhəcmli kitabı məşhur neftçi Yusif Səfərovun həyatına həsr olunmuşdur. Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr olunmuş "Bahar oğlu" (1978-ci il) romanı da onun qələminin məhsuludur. Eyni zamanda o, rus yazıçısı Bronislav Nuşiçin "Nazirin xanımı" komediyasını Azərbaycan dilinə tərcümə etmişdir.

Seyfəddin Dağlı kiçik satirik hekayələrin məharətli ustası idi. Sağlığında 20-dən çox kitabı işıq üzü görmüşdür. O, yumorda zəriflik, incəlik axtarırdı. Satiranı təhqirə, həcvə çevirənləri də sevmirdi. O, "Kirpi" jurnalında işləyəndə dönə-dönə işlətdiyi bir söz vardı: "Felyetonunuzu mənə təqdim etməmişdən qabaq bir dəfə də kənar adam kimi oxuyun. Özünüzü tənqid olanın yerində təsəvvür edin". Təsadüfi deyil ki, böyük rəssam, karikaturaçı Nəcəfqulu bu hekayələrdəki tiplərin təsvirini məharətlə yaradır, qələm dostlarının obrazlarını daha da rəngarəng edirdi. 62 il ömür sürən yazıçının əsərləri bu gün də diqqət mərkəzindədir. Onun "Sabiqlər" (1957-ci il), "Göyçək oğlan" (1965-ci il), "Təzə gəlin" (1967-ci il), "Mənziliniz mübarək" (1969-cu il), "Adı sənin, dadı mənim" (1970-ci il) və s. əsərləri musiqili komediya teatrında səhnəyə qoyulmuşdur. Yazıçının "Təzə gəlin", "Oyun bitdi" komediyaları və başqa dram əsərləri təkcə Azərbaycanda deyil, Sovet İttifaqının başqa respublikalarında da tamaşaya qoyulmuşdur. Böyük satirik Əziz Nesinə ithaf olunmuş "Türkiyə novellaları"nın müəllifi gülməyin yerini bilən yumoristik Seyfəddin Dağlıdır. O, Əziz Nesin ilə Türkiyə səfəri zamanı görüşmüş və möhkəm dostlaşmışdır. Sonra Əziz Nesin ilk dəfə Bakıda olmuş, "Kirpi" jurnalının redaksiyasında, Cəfər Cabbarlının evində yığışmışdılar. Əziz Nesin İstanbulda Seyfəddin müəllimlə necə görüşdükləri barədə danışarkən demişdir:

"Seyfəddin bəy ömrümdə gördüyüm ilk azərbaycanlı idi. Dost olduq və mən bütün Azərbaycana vuruldum. Bizləri şirin zarafat, ciddi yumor dostlaşdırmışdı. Seyfəddin müəllimin yumoru şit-şit hırıltı ilə, lağlağa ilə bayağılığa çevirənlərdən zəhləsi gedərdi. O, bəzən belə hallarla rastlaşanda əsəbiləşirdi". Pyesləri ilə bərabər, nəsr əsərləri də sovet xalqlarının dillərinə və əcnəbi dillərə tərcümə olunmuşdur.

 Bakının ən əzəmətli küçələrindən biri Seyfəddin Dağlının adını daşıyır. Hər dəfə bu küçə ilə gedəndə Seyfəddin müəllimi xatırlayır və ötən illərə nəzər salanda o anları yaşayırıq. O xatirəli günlər heç vaxt yaddaşlardan silinməyəcək.

Seyfəddin Dağlı 1978-1982-ci illərdə Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında redaktor vəzifəsində çalışmış və ömrünün sonuna kimi bu işdə işləmişdir.

Yazıçı-dramaturq Seyfəddin Dağlı 18 yanvar 1983-cü ildə dünyasını dəyişmiş, Bakıda dəfn edilmişdir. O, satirik əsərləri ilə xalqımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır.

Elşad DAĞLI,

"Cabir Novruz" Mədəniyyət Fondu mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.