Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

MEDVEDEV: QƏRB RUSİYANIN NATO-ya MÜHARİBƏ ELAN ETMƏSİNƏ ŞƏRAİT YARADIR

“Qərbin Kiyevin Krıma zərbələr endirməsinə razılıq verməsi rəsmi Moskvanın NATO-ya qarşı hərəkət etməsinə imkan yaradır”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev bəyan edib.

Dmitri Medvedevin sözlərinə görə, bu, Rusiyaya Alyansın istənilən ölkəsinə və bütövlükdə NATO-ya qarşı müharibə elan etməyə imkan verir. “Təəssüf ki, apokalipsislə bağlı proqnozlar getdikcə özünü doğruldur”, - deyə Medvedev əlavə edib.

Məlumat üçün, qeyd edək ki, Dmitri Medvedev bir müddət öncə Qərbi və Ukraynanı nüvə silahının tətbiqi ilə hədələmişdi.

Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna ordusu bu ilin iyulundan cəbhədə əks-hücum əməliyyatları həyata keçirir.

QAZAXISTANIN ALMANİYAYA İXRAC EDƏCƏYİ NEFTİN HƏCMİ AÇIQLANIB

Qazaxıstan 2023-cü ilin sonuna qədər Almaniyaya ən azı 890 min ton neft ixrac edəcək. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Qazaxıstan milli neft və qaz şirkətindən məlumat verilib.

Açıqlamaya görə, şirkətin idarə heyətinin sədri Maqzum Mirzəqaliyev Almaniyada danışıqlar aparıb. O, keçirilən görüşdə bildirib ki, Almaniya prezidenti Frank Valter Ştaynmayer iyun ayında Qazaxıstanın paytaxtı Astanaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında xam neftin tədarükünə dair müqavilə imzalanıb.

“2023-cü ildə Almaniyaya tədarük edəcəyimiz neftin ümumi həcmi ən azı 890 min tondur. Bundan başqa, Qazaxıstan bu ilin ilk 7 ayında Drujba neft kəməri ilə Almaniyaya 390 min ton neft ixrac edib”, - deyə Mirzəqaliyev vurğulayıb.

Bununla yanaşı, danışıqlar zamanı Almaniya tərəfi Qazaxıstandan tədarük olunan neftin həcmini artırmaq əzmində olduqlarını təsdiqləyib.

QƏRB İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏRLƏ ƏLAQƏDƏN MƏHRUM OLUB

Qərbin Ukraynaya diqqəti Qərb ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasında münasibətlərin pisləşməsinə səbəb olub. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Global Times” nəşrinin şərhçisi Martin Jak məqaləsində qeyd edib.

Jurnalistin fikrincə, bir çox ölkələr Ukrayna münaqişəsi ilə bağlı Qərbin mövqeyini hələ də bölüşmür. Qərb isə inkişaf etməkdə olan ölkələrin problemlərinə məhəl qoymadan Kiyevə daha çox diqqət yetirməkdə davam edir.

Martin Jak məqaləsində bildirib ki, Qərb uzun müddət ərzində inkişaf etməkdə olan ölkələri təbii qəbul edib, onların dəstəyinə arxalanıb, lakin bu baş verməyib. Əksinə, bir sıra ölkələr Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina ediblər ki, bu da həmin sanksiyaların effektivliyini xeyli azaldıb.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komissiyasının rəhbəri Aleksey Puşkov bir müddət öncə, inkişaf etməkdə olan dünyanın aparıcı dövlətlərinin çoxqütblülüyün əsas simvollarından birinə çevrilən BRİKS-ə qoşulmaq istədiklərini bildirib.

“G7” ÖLKƏLƏRİ RUSİYADAN ALMAZ İDXALINA QADAĞA TƏTBİQ EDƏ BİLƏR

“Böyük Yeddilik” (G7), eləcə də Avropa İttifaqı dövlətləri Rusiyadan almaz idxalına tam qadağa tətbiq etmək niyyətindədirlər. Bu barədə “The New York Times” qəzeti xəbər verib.

Nəşrin məlumatına görə, ekspertlər hesab edirlər ki, “G7” sanksiyaları Rusiyadan qlobal almaz tədarükünə təsir etməyəcək.

Bildirilir ki, 2022-ci ildə ABŞ Rusiyadan kəsilmiş almazların idxalına qadağa qoyub. İqtisadiyyatında qiymətli daş ticarətinin mühüm rol oynadığı Belçikanın müqaviməti ilə əlaqədar Avropa İttifaqı brilyantlara qarşı sanksiyalar tətbiq etməyib. Yeni sanksiyalar Rusiyada çıxarılan, lakin digər ölkələrdə kəsilmiş qiymətli daşların da qadağan olunacağını göstərir. Yeni sanksiyalar sentyabrda elan ediləcək və 2024-cü ilin yanvarında qüvvəyə minəcək.

Nəşr qeyd edir ki, “G7” ölkələri dünyanın ən böyük brilyant alıcılarıdır və istehlakın təxminən 70 faizini təşkil edir.

KİM ÇEN INDAN NÜVƏ MÜHARİBƏSİ RİSKİ İLƏ BAĞLI XƏBƏRDARLIQ

ABŞ, Yaponiya və Cənubi Koreyanın qarşıdurma hərəkətləri Koreya yarımadası ətrafında sabitliyi pozur və nüvə müharibəsi riskini artırır. Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, bunu KXDR lideri Kim Çen In Koreya Xalq Ordusunun Hərbi Dəniz Qüvvələri komandanlığına səfəri zamanı bəyan edib.

Kim Çen In deyib: “Bir müddət əvvəl ABŞ, Yaponiya və Cənubi Koreyadan olan dəstə rəhbərləri bir araya gələrək müxtəlif birgə hərbi təlimlər keçirəcəklərini bəyan etdilər və onları həyata keçirməyə başladılar. ABŞ da daxil olmaqla, düşmən qüvvələrin ehtiyatsız qarşıdurma manevrləri ucbatından Koreya yarımadasının ətrafındakı sular bu gün dünyanın ən böyük hərbi texnikasının cəmləşdiyi əraziyə çevrilib”.

Dövlət başçısının sözlərinə görə, mövcud vəziyyət KXDR Hərbi Dəniz Qüvvələrindən daimi döyüş hazırlığını tələb edir.

Xatırladaq ki, bir müddət öncə ABŞ prezidenti Cozef Bayden, Yaponiyanın baş naziri Fumio Kişida və Cənubi Koreya prezidenti Yun Sok-Yol avqustun ortalarında üçtərəfli sammit zamanı hərbi əməkdaşlığı gücləndirmək məqsədilə hər il birgə təlimlər keçirmək barədə razılığa gəliblər.

UKRAYNA ORDUSU ZAPOROJYE VİLAYƏTİNDƏ MÜDAFİƏ XƏTTİNİ YARIB

“Zaporojye vilayətində müdafiə xəttini yarmışıq, Rusiya qoşunları geri çəkilir”. “Report” agentliyinin “RBK Ukraina”ya istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi Nataliya Qumenyuk bəyan edib.

Ukrayna rəsmisinin sözlərinə görə, artıq düşmən həmin ərazilərdə möhkəmlənə bilməz: “Onların belə bir şansları yoxdur. Bizim irəlilədiyimiz isə göz qabağındadır. Ona görə də qarşı tərəf geri çəkilir”.

Eyni zamanda, N.Qumenyuk bildirib ki, azad edilən hər bir ərazi Ukrayna üçün vacibdir. “Azad edilən hər bir yaşayış məntəqəsi möhkəmlənməyimiz üçün əhəmiyyətlidir. Ukrayna Silahlı Qüvvələrinin irəliləməsi düşmənə çox güclü psixoloji təzyiqdir”, - deyə Qumenyuk əlavə edib.

Xatırladaq ki, avqustun 28-də Ukrayna ordusu Zaporojye vilayətindəki Robotino kəndini azad edib. Bundan sonra həmin əməliyyatın komandiri Zaporojyedə Rusiyanın ən güclü müdafiə xəttinin yarıldığını açıqlamışdı.

 

İKI ÖLKƏ ARASINDA TƏBİİ QAZ SAHƏSİNDƏ RAZILIQ ƏLDƏ EDİLİB

Türkmənistan təbii qazının Özbəkistana tədarükünə dair yeni sazişlə bağlı razılığa gəliblər. “Trend” agentliyinin məlumatına görə, Türkmənistanın paytaxtı Aşqabadda nazirlər şurasının neft və qaz üzrə məsul müavini Batır Amanov və Özbəkistanın energetika naziri Curabek Mirzamahmudov arasında keçirilən görüşdə müvafiq razılıq əldə olunub.

Bildirilir ki, danışıqlar zamanı tərəflər enerji sahəsində əməkdaşlığın gücləndirildiyini bəyan ediblər. Tərəflər müxtəlif səviyyələrdə, xüsusilə enerji sektorunda əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş zamanı bu il Türkmənistan, Tacikistan və Özbəkistan prezidentlərinin üçtərəfli sammitində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə xüsusi diqqət yetirilib.

Eyni zamanda, Türkmənistanın enerji resurslarının xarici ölkələrə, xüsusən də qonşu ölkələrə çatdırılması üçün çoxşaxəli sistemin yaradılmasının intensivləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Həmçinin danışıqlarda Özbəkistanın “UzGasTrade” şirkəti ilə “Türkmənqaz” Dövlət Müəssisəsi arasında ildə iki milyard kubmetrə qədər türkmən qazının tədarükünə dair qısamüddətli müqavilə imzalanıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.