İdman: daim zirvələrdə
İdman

İdman: daim zirvələrdə

Pauerliftinqçilərdən səkkiz medal

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində gənclər və böyüklər arasında keçirilən dünya çempionatı başa çatıb. Gənclər arasında keçirilən yarışda idmançılarımız altı qızıl və iki gümüş medala sahib çıxıblar. Komandamızda Leyla Kərimova (+86 kiloqram) iki qızıl, Zəhra Dadaşova (55 kiloqram) iki qızıl, Rəsul Zəkiyev (80 kiloqram) iki qızıl, Talıb Zeynalov isə (+107 kiloqram) iki gümüş medal qazanıb.

Taekvondo komandamız yarımfinala yüksəlib

Taekvondo üzrə Azərbaycan millisi Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalının komanda yarışlarında yarımfinala vəsiqə qazanıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrindən təşkil olunmuş kollektiv 1/4 finalda Rusiyanın Lesqafta Universitetinə 80:45 hesabı ilə qalib gəlib. Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

"Kürü keçək" adlı açıq suda üzmə yarışı

Sentyabrın 2-də Kür çayının iki sahili arasında təşkil ediləcək "Kürü keçək" adlı üzmə yarışı keçiriləcək. Yarış Gənclər və İdman Nazirliyi Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunacaq. Ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı hər kəs iştirak edə bilər. İlk açıq suda üzmə yarışı ötən il əvvəlcə dənizdə ("Xəzər dalğası"), ardınca isə Kür çayında ("Kürü keçək") təşkil edilmişdi. Kür çayının Mingəçevirdən keçən hissəsində ikinci dəfə keçiriləcək yarış peşəkarlar və həvəskarlar arasında 300 metr məsafəyə təşkil ediləcək.

Atıcılıq üzrə dünya çempionatı başa çatıb

Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatına yekun vurulub. Yarışın son günündə kişilərin mübarizəsində tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə mübarizə baş tutub. Bu növdə polşalı Lukaş Çapla birinci, ukraynalı İqor Kizima ikinci, İsveç təmsilçisi Emil Martinsson üçüncü olub. Həmin növ üzrə komanda yarışında Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc medal qazanıb. Kişilər arasında tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə qarışıq növdə (sürətli və ya yavaş) atəşaçmada isə İsveç idmançıları Yesper Niberq birinci, Emil Martinsson ikinci, finlandiyalı Krister Holmberq üçüncü yeri tutub. Bu yarışın komanda növündə Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc medala sahib çıxıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".